2019-02-21 17:36:38   |   196 dəfə oxunub

““Cənub Qaz Dəhlizi” vasitəsilə Avropa regionunda nüfuzumuzu artırmağa nail oluruq”



"Cənub Qaz Dəhlizi” layihəsi təkcə Azərbaycan üçün yox, həm də bütövlükdə Cənubi Qafqaz və Avropa regionu üçün əhəmiyyətli və unikal layihədir”.

Bunu "Sherg.az”a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

Analitikin sözlərinə görə, qürur duyulası məqam odur ki, layihənin təşəbbüsçüsü və ideya müəllifi məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir: 

"Layihənin iqtisadi dəyəri rəsmi rəqəmlərdə əks olunub. Mən daha çox geosiyasi və strateji məqamlara toxunmaq istərdim. Bilirsiniz ki, hazırkı beynəlxalq münasibətlər sistemi dövlətlərin bir-birindən qarşılıqlı asılılığı şəraitində mövcuddur. Və bir dövlətin beynəlxalq mövqeyi onun digər ölkələrdən asılılıq dərəcəsi, eyni zamanda digər dövlətlərin ondan hansı səviyyədə asılılığı ilə şərtlənir. Azərbaycan dövləti özünün iqtisadi müstəqilliyinə nail olmaqla bir növ siyasi müstəqilliyini təmin edib. Əminliklə deyə bilərik ki, ölkəmizin heç bir xarici mərkəzdən, beynəlxalq subyektlərdən hər hansı asılılığı yoxdur. 

Lakin beynəlxalq mövqelərimizin möhkəmlənməsi üçün həm də başqa regionlarda öz gücümüzü yaymağa çalışmalıyıq. "Cənub Qaz Dəhlizi” layihəsi də bu baxımdan dəyərlidir ki, biz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında önəmli oyunçuya çevrilərək öz nüfuzumuzu Avropa regionunda yaymağa nail oluruq. Bu çox vacib bir məqamdır”.

Ekspert vurğulayıb ki, gələn ildən Avropanın bir sıra ölkələri Azərbaycan qazından asılı duruma düşəcək: 

"Demək ki, onlar bu asılılığa görə bizi beynəlxalq arenada dəstəkləmək zərurəti qarşısında qalacaqlar. Beləliklə, ölkəmiz qlobal geosiyasi proseslərə təkan verən bir ölkəyə, aktora çevrilir. Məsələnin ən diqqət cəlb edən və heyrət doğuran tərəfi ondan ibarətdir ki, bu layihə Rusiyanın geosiyasi maraqlarına zidd olmasına baxmayaraq, Azərbaycan dövləti ötən müddət ərzində rəsmi Moskva ilə hər hansı siyasi konflikt içərisində olmayıb”.

İsmayıl







SON XƏBƏRLƏR

2019-05-27
2019-05-26