2019-02-28 12:07:20   |   302 dəfə oxunub

"Közərən xaç"

Sənədli film Xocalı faciəsini andığımız bu kədərli günlərdə yenidən xatırlandı

Fazil Mustafa: "Bu möhtəşəm süjeti inkişaf etdirərək göstərmək olar ki, azərbaycanlılar xristian alman əsirlərin dəfn olunduğu məzarıstanı təmizləyib, qoruyub saxlayıblar, ancaq xristian adını qalxan kimi istifadə edən erm


Mübariz Əsgərov: "Müqayisə üçün 3 əsirin həyatı seçilib. Bu 3 əsir arasında ən dəhşətli vəziyyətə salınan məhz azərbaycanlıdır"

"Filmin daha geniş yayılması, təbliğatı, xarici ölkələrdə nümayişi üçün, əlbəttə, dəstək lazımdır. İnanıram ki, bu da olacaq"


II Dünya Müharibəsində sovetlərə əsir düşmüş alman Ervin Franzen


Qarabağ münaqişəsindən danışılanda həqiqətlərin dünyaya lazımi şəkildə çatdırılmasının vacibliyi vurğulanıb həmişə. Amma nədən ibarətdir «lazımi» adını verdiyimiz şəkillər? Bədii filmlərmi, sənədli filmlərmi, mahnılar, video-çarxlar, yoxsa kitablar, broşüralar, tarixi əsərlər? Qarabağımızla bağlı əlimizdə olanlara baxsaq, heç də az material olduğu sayılmaz. Kifayət qədərdir. Deməli, qalır, tanıtım, təbliğat və yayım məsələsi. Bax burada, bəli, işlər yetərli səviyyədə deyil yəqin ki, ona görə biz haqq davamızı hələ də geniş dünyaya çatdıra bilmirik.

Əməkdar jurnalist, hamımızın «Qulp» verilişindən tanıyıb sevdiyi Mübariz Əsgərovun müəllifi olduğu «Közərən xaç» sənədli filmi Xocalı faciəsini andığımız bu kədərli günlərdə yenidən xatırlanıb; matəm günləri, işğal günlərində həm öz müharibəmiz, həm də və əslində daha çox əcnəbi ölkələrin və xalqların hərb və müstəqillik tarixindən bəhs edən filmlər yayımlamaq şakərimizdi, ondan. Sanki «adi» vaxtlarda Qarabağdan film göstərmək, müharibə mövzulu verilişlər, süjetlər yayımlamaq yasaqmış.
Qeyd edək ki, «Közərən xaç» filminin məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovdur.
M.Əsgərovun «Közərən xaç» filmini izləyən millət vəkili Fazil Mustafa sosial şəbəkədə rəyini bildirib və bundan sonra müzakirələr genişlənib.

«Əsas beynəlxalq arenada ağıllı formada təbliğatın aparılmasıdır»

Öncə F.Mustafanın yazdıqlarını qeyd edək:



ANS-in əfsanəvi "Qulp" proqramından tanıdığımız çox dəyərli telejurnalist dostumuz Mübariz Bəyin televiziyada bir filmini izlədim. Mingəçevirdə alman əsirlərinin qəbiristanlığının indiyədək qorunması və bir almanın illər sonra öz acılı günlərini xatırlamaq üçün bölgəyə səfər etməsi təsirli şəkildə bu filmdə təsvir olunub. Çox bəyəndim və həm də təəssüfləndim. Biz indiyədək bu cür dəyərli telejurnalistlərimizə lazımi dəstək verə bilmirik ki, problemlərimizi ağıllı formada dünyaya çatdıra biləcək işlər görsünlər. Bu film sadəcə Azərbaycan auditoriyası üçün çəkilib, bizim yaddaşımızdan başqa bir yerə qalana bənzəmir. Mübariz bəyin özü ilə də zəngləşib fikrimi söylədim. Bu möhtəşəm süjeti inkişaf etdirərək göstərmək olar ki, azərbaycanlılar xristian alman əsirlərin dəfn olunduğu məzarıstanı təmizləyib, qoruyub saxlayıblar, ancaq xristian adını qalxan kimi istifadə edən ermənilər bütün qəbiristanlıqları vəhşicəsinə dağıdıblar. Bu iki faktı bir film içində verərək, məhz ingilis və alman dilində sanballı bir qısametrajlı film ortaya qoymaq olar və Avropada nümayişi ilə o auditoriyada Azərbaycan ərazilərinin işğalına diqqət yönəltməklə yanaşı, humanist azərbaycanlı və vəhşi erməni müqayisəsini təqdim etmək olar. Öz auditoriyamız üçün bu mövzuda xərclənən pulların elə də böyük əhəmiyyəti yoxdur, dərdimizi filmsiz də, kitabsız da özümüz çox yaxşı bilirik. Əsas beynəlxalq arenada ağıllı formada təbliğatın aparılmasıdır. Burada ən effektli vasitə isə bu cür filmlər ola bilər. Çalışaq görək, Mübariz bəyə belə bir film üçün real səlahiyyəti olan şəxsləri inandırmaq mümkün olacaqmı?».

«Səfir şoka düşdü ki, orada alman qəbiristanlığı var?!»

Xazar Fətdayev adlı istifadəçi isə bunu yazıb: Yasamalda da alman qəbiristanlığı qorunub, saxlanılıb...
Sonra müzakirələrə ziyalılarımız da qoşulub:
Sosioloq Əhməd Qəşəmoğlu: Tamamilə həmrəyəm. Biz təbliğatı bu istiqamətdə davam etdirməliyik. Yoxsa gedib Avropada ermənilərin başımıza açdığı oyunlardan, tarixi faktlardan danışanda heç kimin vecinə olmur. Çünki indi Avropaya dünyanın hər yanından belə dərdlə gəlib şikayət edənlər, ağlayanlar çoxalıb.

Qulu Məhərrəmli: Fazil bəy, təəssüf ki, düşünə və iş görə bilənlərin, yəni peşəkarlığı və ləyaqəti olanların heç birini lazımi həndəvərə buraxmırlar.

Vidadi Rzayev: Haqlısınız, Fazil müəllim. Mən də bu verilişə baxdım. Düzü, Mübariz bəy və buna bənzər nə qədər dəyərli və peşəkar insanlarımızın işlədiyi sahədən uzaqlaşdırılması çox üzücüdür. Sanki öz əlimizlə inkişaf budaqlarını kəsirik. Səbəb isə bir sıra məmurların ətrafına yalnız yaltaq və bisavadları toplamaq istəyidir. Sonda isə uduzan xalq və dövlət olur.

Qənirə Ataş: Fazil bəy, sizinlə razıyam. Biz təbliğat xəttimizi dəyişməliyik. Müasirlik orda da olmalıdır. Texnologiyanin inkişafından yararlanmalıyıq. Alt yazı, tərcümə əks olunmalıdır. Xocalı soyqırımında azərbaycanlıların Türkiyədə toplanmaları da dəyişməlidir. Təbliğat yeri, Avropa, Rusiya ve Amerika olmalıdır. Türkiyədən türk dilində nəyi tələb edirlər, onu başa düşmək çətinləşir.

Rəşid Bərgüşadlı: Mingəçevirdə yaşayan zaman Almaniyanın bizdəki səfiri Kristian Zibekə məktub yazmışdıq, alman qəbiristanlığının təmiri fikrimizlə bağlı. Səfir şoka düşmüşdü ki, orda alman qəbiristanlığının olmasını ilk dəfədir eşidir. Mingəçevir camaatı oranı hasara alıb, tağları rəngləyib... Eyni qəbiristanlıq Samux və Xanlar ərazisində də var. Həmin məzarıstanda Nikolaydan qalan rus çinovniklərinin məzarları sapsağlam durur.

Eldar İsmayılov:
- Bizdən irəlidədir avropalılar, işi işbilənə tapşırır onlar.
Mübariz Əsgərov özü də rəy yazanlara təşəkkürünü bildirib:
- Təşəkkürlər, Fazil bəy! Hər kəs siyasi və fəlsəfi baxışlarından asılı olmayaraq bu ölkə, bu dövlət üçün əlindən gələni etməyə borcludur!.. Sonda bu torpağa qarışmağa haqqı olsun deyə!

Biz beləyik, onlar elə…

«Şərq» qəzeti dünən Mübariz Əsgərovla əlaqə yaratdı. M.Əsgərov bundan öncə də oxşar məzmunlu filmlər çəkdiyini bildirdi:



- Mənim yolum budu. Xocalı faciəsini andığımız günlərdə «Xocalı dərsi» sənədli filmim demək olar, bütün telekanallarda yayımlandı. Bu film ingilis, rus, erməni dilinə tərcümə edilib. Filmdə Xocalı sakini Sənəm Abdullayeva ailəsinin başına gətirilən müsibətlərdən, faciələrdən danışır. «Közərən xaç» sənədli filminin süjeti isə 3 əsirin həyatı üzərində qurulub. Onlardan biri II Dünya Müharibəsində sovetlərə əsir düşmüş alman Ervin Franzen, ikincisi, Ermənistanın Azərbaycana ərazi iddiaları nəticəsində başlamış Qarabağ savaşında əsir düşmüş erməni Arsen Boqdosaryan, üçüncü isə ermənilərin əsir aldığı azərbaycanlı Mayıl Məmmədovdur, hansı ki, ermənilər xaçı odda qızdırıb onun sinəsinə basmışdılar. Müqayisə üçün bu 3 əsirin həyatı seçilib. Bu 3 əsir arasında ən dəhşətli vəziyyətə salınan məhz azərbaycanlıdır. Alman əsir Mingəçevirdə yaşayıb, onlar üçün baraklar tikilibmiş və orada qalırlarmış. Mingəçevirin tikintisində də iştirak ediblər. Dünyadan köçənlər üçün də xüsusi məzar yeri ayırıblar və onlar orada dəfn olunurmuş. Həmin əsirlərdən illər sonra öz ölkəsinə qayıdanlar da olub, onlardan biri də Ervin Franzendir. Erməni əsir Arsen Boqdosaryanın da günü Azərbaycanda xoş keçib. Həbsxanada sakit həyat sürüb, kitablar yazıb. Mayıl Məmmədov isə ən ağır işgəncələrə məruz qalıb, bədənində salamat yer qalmayıb. Bu filmlə biz azərbaycanlıların milli və irqi ayrı-seçkiliyə dözümlüyünü, hansı xalqa, hansı dinə mənsub olmalarına baxmayaraq bütün insanlara insan kimi yanaşdıqlarını və Azərbaycan dövlətinin insan haqlarına necə hörmət etdiyini göstəririk.
- Mübariz bəy, siz də bilirsiniz ki, bu gün də istər paytaxtda, istərsə də bölgələrdə qeyri-islam dininə mənsub şəxslərin məzarlıqları var və onlara həmişə hörmətlə yanaşılır…
- Biz də filmdə bunu göstəririk. Alman əsir Ervin Franzen Almaniyanın Koblenz şəhərində yaşayır. Mən orada olmuşam və ondan müsahibə almışam. O, 2000-ci ildə Azərbaycana gəlib və Mingəçevirdəki məzarlığı ziyarət edib. Filmdə özü bu barədə xatirələrini danışır. Və məzarlığın qorunub saxlanmasına görə Azərbaycan dövlətinə təşəkkür edir. Ümumilikdə film əsir və girovlar haqqındadır. Filmdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da çıxış edir və Qarabağ həqiqətləri, Qarabağ müharibəsi, Xocalı faciəsi haqqında danışır. Filmə texniki dəstək ARB telekanalı tərəfindən olub.
- Filmin daha geniş tanıdılması üçün sizcə nə etmək olar?
- Diasporamız vasitəsilə müəyyən qədər işlər görülüb. Filmin yayımına nail olmuşuq. Amma daha geniş yayılması, təbliğatı, xarici ölkələrdə nümayişi üçün, əlbəttə, dəstək lazımdır. İnanıram ki, bu da olacaq.

Məlahət Rzayeva





SON XƏBƏRLƏR

2019-06-27