2019-03-01 14:16:01   |   162 dəfə oxunub

"100 min manat borcum var"

"Onu mənə hədiyyə etmək istəyəndə razılaşmamışam"

Bahar Lətifqızı: "Çünki istəmirəm sabah kimsə mən olmayan məkanda adımı hallandırıb desin ki, Bahara ev almışam"


Müğənni Bahar Lətifqızı 100 min manat borcundan danışıb. 

Sənətçinin borcu ilə bağlı söylədikləri birmənalı qarşılanmayıb.

 «Şərq»ə açıqlama verən xanəndə-müğənni «Mən borclu olduğumu demişəm. Bundan nə utanıram, nə də çəkinirəm. 

Yalan danışmamışam ki utanım. Bəziləri kimi də yalandan mən belə yaşayıram, elə villalarım var deyib öyünmürəm. İnsan bəndəsiyik, hər kəsin borcu ola bilər. Bəzən elə düşünürlər ki, tanınmışların, müğənnilərin həyatı tam firavan keçir. Elə deyil. Bizim də çətinliklərimiz olur, bizim də ailə qayğılarımız var. Şükür Allaha, bunu ağlamaq məqsədilə də deməmişəm ki, kimsə mənə kömək etsin. Əslində evi alanda 83 min manatını ödəmişəm. Yerdə 100 mini qalıb. Allah qoysa, onu da ödəyərəm. Evini aldığım şəxsdən də xahişim o olub ki, əgər ətrafında olan toy məclislərinə məni də salsa, evin pulunu 3 ilə yox, bir ilə də ödəyə bilərəm. Amma mənə 100 mini hədiyyə etmək istədiyini bildirəndə razılaşmamışam. Bilirsiz niyə? 

Çünki istəmirəm sabah kimsə mən olmayan məkanda adımı hallandırıb desin ki, Bahara ev almışam. Bunu özümə yaraşdırmaram. Mən çətinliklə bu günə gəlib çatmışam. Yoxluğun da nə olduğunu bilirəm. Çünki o qədər çətin günlərim olub ki. Mən uşaq evində böyümüşəm. Kimsəyə orda yaşamaq asan gəlməsin. Həyat məni vura bildikcə vurub. İndi bu günümə şükür edirəm. Öz zəhmətimlə bu günə çatmışam. Övladlarıma çətinlik yaşatmamaq üçün də gecə-gündüz demədən çalışıram. Allah hər kəsə bir ruzi verir. Mən Allahın mənə verdiyi səsə güvənib ailəmi dolandırıram. Gücüm çatanda ətrafımda olanlara da dəstək oluram. Yenə deyirəm, heç vaxt kimsənin cibində, toyunda gözüm olmayıb. Allah mənə o qədər güclü xarakter verib ki, gözüm toxdu» söylədi.

Sənətçi ona paxıllıq edənlərə də ismarıcını göndərdi:

 «Bizim sahə göz önündədir. Ona görə də mən özümü tərifləməklə iş bitmir. İnsanların arasında oluruq, onlar bizim kim olduğumuzu, tərbiyəmizi, insanlığımızı görmək imkanına sahibdilər. Müğənni var ki, özünü göylə aparır, deyir burda mənəm, Bağdadda kor xəlifə. Mən heç vaxt insanlara yuxarıdan aşağı baxmamışam. Kasıb qapısına da gedəndə həmin Bahar olmuşam, varlı qapısında da toyda oxumuşam, dəyişməmişəm. Amma mənə paxıllıq edənlərə gəlincə, Allah onların da ruzi qapısını açsın. Mənim kimsənin toyunda gözüm yoxdu. Heç bir həmkarıma paxıllıq etmirəm. Toyda kimi görürəm hörmətlə görüşürəm, təqdim edirəm. Amma elələri var ki, Baharı toyda görəndə rəngləri qaçır, mikrofonu görüb buraxmırlar. Allah köməkləri olsun!».

Tahirə






SON XƏBƏRLƏR

2019-06-27
2019-06-26