2019-03-01 15:18:28   |   411 dəfə oxunub

Qaçqınlar, yandırılmış evlər, uşaq məzarları...

Xarici diplomatların cəbhə bölgəsində hər şeyi öz gözləri ilə görməsi yaxşı haldır



Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda akkreditə olunan diplomatik korpusların rəhbərlərinin cəbhə bölgəsinə səfəri başlayıb.

Qonaqlara Ağdam rayonu haqqında məlumat verilib və bildirilib ki, rayonun 77 faizi erməni hərbi birləşmələrinin nəzarəti altındadır. Daha sonra diplomatik korpus rəhbərləri "Bayraq Muzeyi” ilə tanış olublar.

Diplomatların cəbhə bölgəsinə səfəri təbii ki, onların həqiqətləri canlı olaraq görməsi baxımından əhəmiyyətlidir. Xarici korpusların Ağdamda olması xüsusilə xalqımıza qarşı törədilən vəhşiliklərin dünyaya çatdırılması üçün də zəmin rolunu oynaya bilər.

Diplomatların səfəri ilə bağlı "Şərq”ə danışan millət vəkili Elman Məmmədov bildirib ki, xarici rəhbərlərin mövcud durumu öz gözləri ilə görməsi daha məqsədəuyğundur: 

"Təəssüf ki, 1992-ci ildə bilmirdik ki, Ağdam ermənilər tərəfindən işğal olunacaq. Xarici diplomatların cəbhə bölgəsində olması xalqımıza qarşı törədilən vəhşilikləri canlı olaraq görməsi baxımından çox yaxşı olacaq. Dinc əhalinin yurdlarından didərgin düşməsi, yandırılımış evlər, körpələrin məzarları - bütün bunlar dünya ictimaiyyətinə çatdırılmalıdır. Hazırda Ağdamın bizim nəzarətimizdə olan hissəsindən baxanda hətta ermənilərin hərbi maşınlarının gediş-gəlişi görünür. Erməni səngərləri ilə bizim bölgə arasında cəmi 200-300 metr arası var. Hesab edirəm ki, belə səfərlərin olması çox vacibdir. Bütün dünyaya həqiqətləri göstərmək lazımdır. Gərək hamı bilsin ki, ermənilər dinc əhaliyə qarşı hansı əməlləri törədiblər”.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-05-24