2019-03-01 18:49:31   |   325 dəfə oxunub

“Prezidentin qərarı ilə ədəbiyyatda yaranmış ciddi boşluğu doldurmaq mümkün oldu”



Prezident İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüb. Dövlət başçısı ötən illər ərzində mədəniyyət və incəsənət sahəsində xeyli işlərin görüldüyünü, mühüm qərarların verildiyini bəyan edib. Həmçinin, dövlət başçısı yeni islahatlar barədə də danışıb. Prezident vurğulayıb ki, Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur və bütün sahələrdə ciddi islahatlar aparılır. Ölkə rəhbəri vurğulayıb ki, ilk qərarlardan biri Azərbaycan klassiklərinin əsərlərinin latın qrafikası ilə çap etdirilməsi barədə idi: "Çünki bir qədər anlaşılmayan vəziyyət yaranmışdı. Biz tam olaraq latın qrafikasına keçmişdik və təhsil də latın qrafikası ilə aparılırdı. Ancaq bizim bütün klassiklərimizin kitabları vaxtilə kiril qrafikası ilə çap olunmuşdu. Ona görə şagirdlər, tələbələr onları oxuya bilmirdilər. O vaxt bizim o qədər də maddi imkanlarımız yox idi. 2004-cü ildə biz bu qərara gəldik. Baxmayaraq ki, maddi vəziyyətimiz çox məhdud idi, biz qısa müddət ərzində bunu da etdik. Nəinki Azərbaycan klassiklərinin, dünya ədəbiyyatının klassiklərinin kitabları latın qrafikası ilə çap olundu”.

Dövlət başçısının diqqət çəkdiyi məsələni "Şərq”ə dəyərləndirən tanınmış yazıçı, publisist-tərcüməçi Nəriman Əbdürrəhmanlı deyib ki, əlifbamız dəyişən dövrdə nəsillərarası zəncirvari əlaqə qırılmışdı. Yeni nəsil kiril əlifbası ilə olan kitabları oxuya bilmirdi: 

"Cənab Prezident tərəfindən 2004-cü ildə verilən qərar çox mühüm əhəmiyyət kəsb edirdi. Qərara əsasən, həmin ildə ilk dəfə olaraq latın qrafikası ilə 250 kitab bıraxıldı. Azərbaycan klassik ədəbiyyatının nümayəndələrinin əsərləri yeni əlifba ilə işıq üzü gördü. Əlbəttə, ilk etapda bütün yazıçıları əhatə etmək mümkün deyildi. Amma əlifba dəyişimi nəticəsində ədəbiyyatda yaranmış çox ciddi boşluğu doldurmaq mümkün oldu. 

Problemlər xeyli dərəcədə aradan qaldırıldı. Daha sonra, 2007-ci ildə dünya ədəbiyyatı kitabxanasından 150 cildlik klassiklərin əsərləri çap olundu. Bu addım da həmin sahədə olan boşluğu aradan qaldırdı. Həmin tarixdən etibarən proses mütəmadi olaraq davam etdirilir. İndiyə qədər nəşr olunmayan, kənarda qalan yazıçıların, özü də təkcə klassiklərin deyil, müasir ədiblərin də əsərləri çap edilərək kitabxanaların fonduna veriləcək”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-06-27