2019-03-05 11:59:33   |   450 dəfə oxunub

Elməddin Nicatın şeirləri...





AXŞAM TƏRƏFİ

Sevməyin bir adı sirli dan üzü...
Bir adı gün dönən axşam tərəfi.
Sənin çiçək üzün, qumral tellərin
Mənim əllərimin oxşam tərəfi.

Boyumdan aşağı sevmədim qəti
Bu könlün yolunda bitməz taqəti.
Gəlişin ömrümün yol səadəti,
Gözlərin gecəmin ağ şam tərəfi.

Bir az üzün dönür sol yanım sancır,
Həsrətin çəkməkdən, ürəyim qançır.
Çəkirəm içimə içim gül açır,
Vücudun burnumun yovşan tərəfi.








MƏNİM ÜRƏYİM DƏ QƏLBİ YUXADI

Ovcumun içində bir telin qalıb,
Əlim sevincindən göylə oynayır.
Eşqini şərabtək çəkib başına,
Bu sevda sərxoşu meylə oynayır.

Gözündən yoluma nur,işıq düşüb
Gecəmlə gündüzüm qarışıq düşüb
Əllərim saçında dolaşıq düşüb
Daraqla dərdləşir, tellə oynayır...

Ağrılar sevinclə əlbəyaxadı,
Gözlərim üzümü qanla yaxadı
Mənim ürəyim də qəlbiyuxadı
Doldumu, kamanla, neylə oynayır.


HEÇ ELƏDİYİN

Hər gecə yuxunu poza bir durna,
Düşə yaddaşına köç elədiyin.
Bu ömrün başına dönüb durasan
Yadına düşməyə suç elədiyin.

Payızdı buludlar gör nə haydadı,
Gələnlər gedərmiş, qərib qaydadı.
Göylərin üzündə ulduz boydadı
Ömürdü beşini üç elədiyin.

Qarışdı havalar, təngidi ürək,
Özüm öz havamda qalaydım gərək.
Dediyin taledi, gülümsəyərək,
Özün öz əlinlə heç elədiyin.

Heç səni vicdanın qınamadımı,
Yaddaşın ağrıyıb qanamadımı?
Nə oldu, səsimdən tanımadınmı?!
O mənəm ömrünü puç elədiyin.


BİLİRƏM...

Bilirəm, sənin də günün gün deyil,
Yalquzaq dərd didib yeyir içini...
Bayrağı yellənir ağrılarının,
Sıxır ürəyini, əyir içini...

Bilirəm, dodağın səyriyir yenə,
Gözlərin dalğadan sonrakı dəniz...
Yaxşı tanıyıram baxışlarını,
Belə uzaqlarda...
...darıxmaq qəliz...

Yollar ürəyimdən çəkir köçünü,
Bilsən haralardan yol çəkir gözüm.
Tutub ürəyimin yenə tutması,
Özümün əlimdə qalmışam özüm.

Bilirəm, sənin də halın hal deyil,
Göz yaşın yanaqda, alların üstə.
Sevib oxşayıram xatirələri,
Laylay da çalıram qollarım üstə...


SƏN DƏ BİLMƏ...

Bir içim sudu bildiyin
Bir udum sevgi qanıdı...
Məni də körpəliyimdən,
Dərd üzüyola tanıdı...

Məni hamı tanımaz ki,
Niyə də tanısın axı?...
Mən isinmiş şərab kimi,
Dil yandıran nakam ağı...

Eh... nə isə,
Sən də bilmə,
Bildiyim adamlar qaçır.
Mən kürəyi dərd oylağı,
Mən ürəyi qançır-qançır...





SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25