2019-03-09 15:05:06   |   383 dəfə oxunub

“II Dünya Müharibəsi ilə bağlı muzeyin yaradılması təşəbbüsünü dəstəkləyirəm”

Asim Mollazadə: “Azərbaycan bu müharibədə Avropa dövlətlərinin çoxundan daha artıq qurban verib”



Xəbər verdiyimiz kimi, Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov maraqlı təşəbbüslə çıxış edib. Gələn il bütün dünyada faşizm üzərində qələbənin 75 illiyinin böyük təntənə ilə qeyd ediləcəyinə diqqət çəkən Cəlil Xəlilov, Azərbaycanın bu müharibədə iştirakçılığını əks etdirən muzeyin yaradılmasına ehtiyac olduğunu, belə bir addımın xalqımızın trarixi xidmətlərinin xatırlanması və təbliği baxımından mühüm önəm kəsb etdiyini vurğulayıb.

Məsələyə münasibət bildirən millət vəkili Asim Mollazadə sözügedən təklifi yüksək qiymətləndirdiyini, bu təklifin ölkəmizin maraqları baxımından faydalı olduğunu bildirib:


"Bu, çox yaxşı bir təşəbbüsdür. Azərbaycan həqiqətən də faşizm üəzrində qələbənin əldə edilməsində misilsiz xidmətlərə malikdir. 

Biz dünyaya bir daha xatırlatmalıyıq ki, bu müharibədə Azərbaycan 300 mindən artıq öz vətəndaşını itirib. 

Azərbaycan nefti faşizm üzərində qələbə əldə edilməsində mühüm rol oynayıb. Azərbaycanlılar həm ön cəbhədə, həm də arxa cəbhədə böyük fədakarlıqlar göstərib, faşizm üzərində qələbənin əldə edilməsinə böyük töhfələr verib. 

Çox təəssüflər olsun ki, zamanında Azərbaycanın bu qələbədəki roluna lazımi qiymət verilməyib. Amma Azərbaycanın bu qələbədəki rolu, onun əldə edilməsində ortaya qoyduğu fədakarlıqlar inkaredilməzdir. 

Azərbaycan bu müharibədə Avropanın bir çox ölkəsindən daha çox qurban verib. II Dünya müharibəsində bunca qurbanlar verən, faşizm üzərində qələbənin əldə edilməsində böyük əmək sərf edən Azərbaycan üçün qələbənin ildönümlərinin qeyd edilməsi, görülən işlərin yada salınması mühüm önəm kəsb edir”.

Seymur ƏLİYEV





SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25