2019-03-11 16:54:20   |   474 dəfə oxunub

Kulturoloqdan qalmaqallı sözlər: "Nəsiminin "Sığmazam”ı edam zamanı oxuması bir əfsanədi"




"Hər bir sahədə olduğu kimi musiqidə də, incəsənətdə də, estetik sahələrdə də eksperimentlərə imkanlar var. Və bunları etmək lazımdır. Afət xanımın etdiyi bu eksperiment çox uğurlu, dahiyanədir.”

"Sherg.az”a açıqlamasında yazıçı-kulturoloq Aydınxan Əbilov deyib.

O qeyd edib ki, Afət Fərmanqızının mahnısına normal yanaşır:

"Bu, bütün dünyada qəbul olunmuş formatdır. Bu improvizasiyalar həmişə olur. Nəsiminin məşhur qəzəlinə Afət xanımın o formatda, yeni bir tərzdə oxumasını çox yüksək qiymətləndirirəm. İstər Rusiyada, istər Türkiyədə ərəb, fars və s. musiqi sədaları altında yeni mahnılar oxunur və buna normal baxıram”.

O həmçinin vurğulayıb ki, rus musiqisini də biz bu formada inkişaf etdirir, modern janra çeviririk, buna baxmayaraq Afət Fərmanqızına qarşı çıxanların əksəriyyəti rus təfəkkürlü şəxslərdir:

"Rusiyada azərbaycanlılar rus dilinin anasını ağlada-ağlada rus mahnılarını, incəsənətini daha zəngin, modern bir musiqi sənətinə çevirə bilirlər. Amerikada zəncilər və ya latın amerikalı şəxslər özlərinin milli yetkin musiqisini gətirib Amerikanın standart pop, rap, rok musiqisinə calaq edə bilirlər. Hindistan bilirik ki, bizə uzaq bir ölkə deyil, Hindistan uzun müddət, türklərin, moğolların imperiyası olub. Ona görə də musiqisi bizə doğmadı, yaxındı. 

Sovet dövründə də hind kinoları, hind musiqisi həmişə dəbdə olub və bizim musiqi estetik zövqümüzü formalaşdırıb. Bu xanım da yeni bir baxışla mahnını ortaya qoyanda mübahisəyə səbəb oldu və mən bunu bir kulturoloq kimi normal qarşılayıram. Buna kimlər qadağa qoyub, nə demək istəyirlər, mən baş aça bilmirəm?! Fikir verin, Afət xanıma qarşı çıxanların əksəriyyəti rusdilli insanlardır. Bunlar daha çox sovet təfəkkürü, rus təfəkküründən çıxış edirlər. Fikirləşirəm ki, bu məsələyə tolerant yanaşmalıyıq”.

A.Əbilov hesab edir ki, Afət Fərmanqızı oxuduğu mahnı ilə xalqda Azərbaycanın dahi mütəfəkkiri və şairi İmaddəddin Nəsimiyə maraq və sevgi yaradıb:

"Yeni nəslin zövqünü oxşayırsa, Nəsiminin qəzəlinə xalqımızda bu qədər maraq oyada bilibsə, 5 milyondan çox baxış varsa, toylarda oxunursa, niyə də olmasın, niyə biz bunu qısqanmalıyıq? İnanmıram ki, nazir Əbülfəs Qarayev də bunu kiməsə qadağan eləsin, mən onu şəxsən tanıyıram, və bilirəm ki, demokratik təfəkkürlü bir insandır. Bunu qadağan edək, onu qadağan edək, ona icazə verməyək daha nə olsun?! Onda elə özümüz çalıb, özümüz oynayaq”.

Kulturoloqun sözlərinə görə, Azərbaycan demokratik ölkədir və burada hər şeyə icazə var:

"Mədəniyyət xadimləri ilə Prezident və birinci xanım görüşdü. Tahir İmanov onların hansısa çıxışına qadağa qoyulduğunu dedi. Prezident isə bildirdi ki, elə bir qadağa mümkün deyil, çünki Azərbaycan demokratik ölkədir. Qara Qarayev Azərbaycan musiqisini Avropa musiqisinə sintez etmədimi? İmadəddin Nəsiminin "Sığmazam” qəzəli edam zamanı oxunmayıb. Bu yalnız mənfi formada təqdim edilib. Bu, bir əfsanədir. O filmdə mənfi formada verilmiş bir səhnədir. Bu, yalandı. Kimisə edam edəndə adam ağrısından şeir deməz. Nəsimi insan idi, peyğəmbər deyildi. Heç kim deyə bilməz ki, məni öldürən zaman, güllələyən zaman mən durub orda qəzəl, şeir deyərəm. Bu, əlbəttə, obrazlı bir əfsanə idi ki, insanlara Nəsiminin təəssüratını çatdırsın. Ona görə də, inanmıram ki, Nəsimi bu qəzəli edam olunan zaman söyləmiş olsun”.

Aydın Baxış





SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25