2019-03-13 12:24:25   |   238 dəfə oxunub

Əhalinin müdafiəsi gücləndirilir

Həyat səviyyəsini yaxşılaşdırmaq dövlətin bir nömrəli məqsədinə çevrilib

Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması



İnsana qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzində olub. Eyni zamanda, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, maaşların, pensiyaların artırılması, yeni sosial obyektlərin tikintisi dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir. 

Azərbaycan iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meyilləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verir. İqtisadiyyatda həyata keçirilən köklü dəyişikliklər ölkədə iqtisadi sabitliyi təmin etməklə bərabər, əhalinin sosial müdafiəsini gücləndirmək üçün möhkəm zəmin yaradıb. Ölkəmizdə təqaüdçülərin sosial müdafiəsinin gücləndirilməsini, məcburi köçkünlərə qayğının artırılması da əsas məsələlərdən biridir. Bu gün müstəqillik tariximizə nəzər salanda ölkəmizin böyük sosial inkişaf yolu keçdiyini aydın şəkildə görmək mümkündür.

Sosial siyasətin başlıca məqsədlərindən biri də cəmiyyətin əsas problemlərindən olan yoxsulluq səviyyəsinin azaldılmasıdır. İqtisadiyyatın sürətli inkişafı yoxsulluğun səviyyəsinin azaldılması üçün geniş imkanlar açıb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkədə yoxsulluğun səviyyəsi kəskin şəkildə azalıb. Ümumiyyətlə, Azərbaycanda yoxsulluğun səviyyəsinin bir neçə dəfə aşağı düşməsi onu göstərir ki, sosial siyasət çox düzgün aparılır və iqtisadi imkanlar ən çətin vəziyyətdə yaşayan insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilib.

Ölkəmizdə iqtisadi inkişaf nəticəsində sosial ayırmaların həcminin artırılması, əhalinin ümumi rifah halının yüksəldilməsi dövlətin sosial siyasətinin prioritet sahəsi kimi diqqət mərkəzindədir. Bu da onu göstərir ki, Azərbaycanda xalqın həyat səviyyəsinin yaxşılaşdırılması dövlətin öz qarşısına qoyduğu ən önəmli məqsədlərdən birinə çevrilib.

Ümumiyyətlə, inkişaf edən ölkəmizdə sosial siyasət həyatımızın bütün sahələrinə öz müsbət təsirini göstərməkdədir. Həyata keçirilmiş və yaxın gələcəkdə yerinə yetiriləcək tədbirlər respublikada əhalinin sosial vəziyyətinin getdikcə yaxşılaşması üçün əsaslı zəmin yaradır. Azərbaycanın modern dövlət quruculuğunda sosial siyasətin önəmli istiqamətlərindən biri də şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin sosial müdafiəsidir. 

Ümumilikdə, mütərəqqi sosial siyasət həyata keçirən Azərbaycanda vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Ölkə başçısının yürütdüyü siyasətin əsasında vətəndaşlara xidmət amili dayanır. Prezidentin hər zaman sosial qayğıya ehtiyacı olan əhaliyə həssaslıqla yanaşdığı hər birimizə bəllidir. Şəhid ailələrinə 11 min manat vəsaitin ayrılması, problemli kreditlərin həll olunması, məcburi köçkünlərin rifah halının daha da yaxşılaşması üçün imzalanan fərman və sərəncamlar ölkə başçısının öz vətəndaşına diqqətinin nümunəsidir.

"Prezidentin problemli kreditləri həll edəcəyinə inanırdım"

Millət vəkili Qənirə Paşayeva bildirib ki, hər ay vətəndaşlardan problemli kreditlərlə bağlı məktublar alıb, onlarla görüşlərdə bununla bağlı müraciətlər olub: "Problemli kreditlərlə bağlı məsələni parlamentdə qaldıran bir millət vəkili olaraq məsələnin həlli istiqamətində cənab Prezidentin müvafiq göstərişlər verəcəyinə inanırdım. Mənə müraciət edən vətəndaşlar da hər zaman cənab Prezidentin onların bu problemini həll edəcəyinə inandıqlarını bildirirdilər.
Ölkə başçısının problemli kreditlərin həllinə yönələn Fərmanı çox önəmli addımdır. Bu Fərmana görə özümün və seçicilərimin adından cənab Prezidentə təşəkkürümü bildirirəm. Dövlət başçısının fiziki şəxslərin problemli kreditləri ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı yüzlərlə insanın problemini köklü şəkildə həll etmək imkanı verəcək. Bununla yanaşı, onların sosial vəziyyətinə də müsbət təsir edən çox mühüm bir addımdır”.

Dövlət hər an vətəndaşının yanındadır

Millət vəkili Musa Quliyev son aylar atılan sosialyönümlü addımların inqilabi xarakterli dəyişikliklər olduğunu deyib. Parlament üzvü qeyd edib ki, ötən günlərdə ölkə rəhbəri əhalinin sosial-iqtisadi vəziyyətinin gücləndirilməsi ilə bağlı yeni sərəncam imzaladı: "Həmin sənəd 600 minə yaxın vətəndaşın sosial rifahının yaxşılaşmasına yönəlib və bütün istiqamətlərdə sosial müavinətlər artırıldı. Bəziləri 100 faiz, bəziləri 80 faiz. Təxminən indiyə kimi sosial müavinətlərə dövlət büdcəsindən 400 min manat vəsait ayrılırdısa, artıq bu, 800 milyona çatdırıldı.

Parlamentarinin qənaətincə, Prezidentin son iki ayda apardığı bu islahatlar nəticəsində 2 milyondan artıq şəxsin həyat şəraiti yaxşılaşıb: 

"Eyni zamanda dövlət başçısı 2015-ci il devalvasiyasından sonra banklardan götürülən dollar kreditlərinin, başqa sözlə, problemli kreditlərin həlli ilə bağlı da qərar verdi. Burada həm vətəndaşlarımızın, həm də bankların, yəni özəl sektorun maraqlarını dövlət təmin edəcək.
Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti hər an Azərbaycan vətəndaşının yanındadır. Cənab Prezident hər an Azərbaycan vətəndaşının sosial rifah halının güclənməsi barədə düşünür və sosial müdafiə dövlət başçısının diqqəti və qayğısı altındadır”.

Məcburi köçkünlər həmişə prezidentin diqqətindədir

Qaçqın və məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli istiqamətində ciddi addımlar atıldığını deyən millət vəkili Elman Məmmədov ölkə başçısının siyasətini yüksək qiymətləndirdiyini dedi: "Qarabağ əlillərinin, şəhid ailələrinin və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ölkə başçısının müvafiq göstərişləri və sərəncamları var. Bütün bu göstərişlərin icrası da göz qabağındadır. Bu il dövlət büdcəsindən qaçqın və məcburi köçkün, eyni zamanda şəhid ailələrinə kifayət qədər vəsait ayrıldı. Artıq 300 mindən çox məcburi köçkün ailəsi mənzillə təmin olunacaq. Təbii ki, bütün bunlar alqışlanmalıdır.

Qarabağ əlilləri və məcburi köçkünlərimizin sosial vəziyyətinin yaxşılaşdırılması prezidentin diqqət və qayğısının göstəricisidir. Dövlət başçımız müvafiq qurumlara ciddi tapşırıqları verir və onların qarşısında tələblər qoyur, işlərin icrasına nəzarət edir. Əgər neqativ hallar varsa, ölkə başçısı buna qarşı da tədbirlər görür. Ona görə də həmin kateqoriyadan olan insanlar hər zaman Ali Baş Komandanımıza öz minnətdarlığını bildirirlər”.

Ölkə başçısı aztəminatlı ailələri unutmur

Millət vəkili Aydın Hüseynov bildirib ki, prezidentin son aylar imzaladığı fərman və sərəncamlar təsdiq edir ki, vətəndaşların sosial problemlərinin həlli dövlət başçısının diqqət mərkəzindədir. Deputatın sözlərinə görə, ölkəmizdə əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca prioritetlərindən biridir: "Azərbaycanın sosial-iqtisadi inkişafı konsepsiyasına uyğun olaraq vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hədəflənən məqsədyönlü və sistemli tədbirlər həyata keçirilir. Sosial siyasətin təməl prinsipində güclü iqtisadiyyat dayanır.
Bu mənada hesab edirəm ki, bütün istiqamətlərdə müavinətlərin artırılması, problemli kreditlərlə bağlı məsələnin həllinə dair göstəriş və s. addımlar ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə sağlamlaşdırıcı təsir göstərəcək ki, bu da vətəndaşların həyatında özünü büruzə verəcək. Bir sözlə, dövlət başçısı öz fəaliyyəti ilə hər dəfə təsdiqləyir ki, o, hər bir azərbaycanlının Prezidentidir”.
Bundan başqa, millət vəkili qeyd edib ki, Prezidentin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” imzaladığı fərman da olduqca əhəmiyyətlidir: "Ötən dövr ərzində bəzi çoxmənzilli yaşayış binalarının sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərin hüquq və maraqları nəzərə alınmadan aparılmışdı ki, bu da, öz növbəsində, bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün etmişdi. Lakin Prezident İlham Əliyev insanların bu narahatlığına da son qoydu.

Həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə fərman imzaladı. Bu fərman çox böyük sevinclə və rəğbətlə qarşılandı. Artıq Azərbaycanda sənədsiz və qeydiyyatsız bina qalmayacaq. Mənzil sahibləri bir daha sənəd problemi ilə qarşılaşmayacaqlar".

Prezidentimiz bizə daim diqqət göstərir

1992-ci ildə Kəlbəcərdə şəhid olmuş Qurbanov Akif Sabir oğlunun qardaşı Qurbanov Raqif Sabir oğlu prezidentin göstərdiyi qayğıya görə təşəkkür edir: "Ölkə başçısı heç vaxt şəhid ailələrindən öz diqqətini əsirgəməyib. Birdəfəlik yardımın verilməsi şəhid ailələrinin maddi durumunun yaxşılaşması üçün nəzərdə tutulub. Bu yardıma görə Prezidentimizə təşəkkür edirik. Allah ona can sağlığı versin”.

Ölkə başçısı heç vaxt şəhid ailələrindən qayğısını əsirgəməyib

Ağdamdan olan şəhid Həsənov Telman Xasay oğlunun qardaşı Həsənov Şirvan Xasay oğlu bildirib ki, prezidentin şəhid ailələrinə 11 min manat vəsaitin verilməsi barədə imzaladığı fərman onun humanist addımının göstəricisidir: "Cənab prezidentimizə göstərdiyi qayğıya görə dərin minnətdarlığımızı bildiririk. Ölkə başçısının bu addımı xalqımızda vətənpərvərlik ruhunun daha da yüksəlməsinə şərait yaradır. Prezidentin şəhid ailələrinə birdəfəlik yardımı hər birimizin maddi rifahını yaxşılaşdırdı. Bütün bunlar dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğının nümunəsidir. Bir daha cənab prezidentə ailəmiz adından təşəkkürlərimi bildirirəm. Bundan sonra dövlətimiz inkişaf edəcək və biz çiçəklənən Azərbaycan uğrunda irəli gedəcəyik”.

Göstərilən diqqətdən razıyıq

Qazax rayonundan olan şəhid Məmmədov Adil Əhməd oğlunun atası Məmmədov Əhməd Həmzə oğlu qeyd edib ki, ölkə başçısının şəhid ailələrinə qayğısı, diqqəti böyükdür: "Prezident İlham Əliyevə bu addımı üçün təşşəkkür edirəm. Çox sağ olsun. Biz də 11 min manatlıq ödəməni aldıq. Bu ödəniş bizim maddi imkanımıza müsbət təsir göstərdi. Buna görə öz adımdan, eyni zamanda ailəm adından ölkə başçısına minnətdaram. Allah cənab Prezidentə və ailə üzvlərinə uzun ömür nəsib etsin”.

Yeganə Bayramova

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.






SON XƏBƏRLƏR

2019-05-20