2019-03-14 12:12:59   |   164 dəfə oxunub

Ruhani və onun komandası hazırda ciddi təzyiqlərlə üzləşib

"Mühafizəkarlar dini lider Xamneyinin ətrafında birləşərək hakimiyyəti yenidən ələ almağa çalışır"


İranda hakim rejim arasında ciddi parçalanma davam edir. ABŞ sanksiyalarının genişlənməsi, Avropa İttifaqının İranla xüsusi ticarət mexanizmi qurmasına baxmayaraq, bir çox şirkətlər Tehranla iqtisadi əməkdaşlıqdan çəkinir. 2015-ci ildə İranla "Altılıq ölkələri" arasında bağlanmış nüvə sazişi praktiki olaraq fəaliyyətini dayandırıb. Ötən ilin may ayında ABŞ-ın sazişdən çıxması və sanksiyaların tətbiq edilməsi Qərblə İran arasında siyasi münasibətləri gərginləşdirib. Bu da İran siyasi elitasında mühafizəkarların hakimiyyətdə olan mötədillərə qarşı sərt çıxışlarına və təzyiqlərinə səbəb olub.

Cənub qonşumuzdakı daxili prosesləri "Şərq”ə dəyərləndirən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, mötədil prezident Həsən Ruhani və onun komandası hazırda ciddi təzyiqlərlə üzləşib:

"Mühafizəkarlar dini lider A.Xamneyinin ətrafında birləşərək hakimiyyəti yenidən ələ almağa çalışır. Bu prosesdə SEPAH öz siyasi imkanlarını genişləndirərək, öz namizədini prezident kürsüsünə hazırlayır. İranda SEPAH siyasi elitada mövqeyi güclənərək, Ali dini liderin dəstəyi ilə öz namizədini prezident seçkilərində irəli sürə bilər. Növbəti seçkilərdə İran prezidentliyinə namizəd Yaxın Şərq əməliyyatlarını həyata keçirən SEPAH Qüds Briqadasının komandanı, dini liderin yaxın adamı və ABŞ-la siyasi-hərbi müstəvidə çarpışmağa hazır olan Qasim Süleymaninin üzərində dayanılması mümkündür”.

Analitik bildirib ki, Suriya Prezidenti Bəşər Əsədin Tehran səfərini reallaşdıran SEPAH artıq hakimiyyətin siyasi qanadına iddiasını ortaya qoyub: 

"General Qasim Süleymani İranın Yaxın Şərqdə hərbi əməliyyatlarını uğurla davam etdirir və əsas söz sahiblərindən biridir. Kifayət qədər nüfuzu, qətiyyətli siyasi iradəsi onu İranın növbəti seçkilərdə prezidentliyə namizəd edə bilər. Hətta bu, Xamneyi tərəfindən irəli sürülə bilər. İranda mühafizəkarlar hakimiyyətə gələrsə, Azərbaycanla siyasi münasibətləri korlayacaqlar, problemləri süni surətdə qabardacaqlar. Bir tərəfdən də ABŞ İranın neft ixracına embarqoları sərtləşdirir. Bu da İranın daxilində islahatçılar arasında parçalanmaya, iqtisadi böhrana, etirazlara yol açır. İranda kimlərin hakimiyyətə yiyələnməsinə baxmayaraq, xalq perspektivdə İranda dəyişikliklərə gedəcək”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-20