2019-03-14 12:18:40   |   129 dəfə oxunub

Azmışlar... - Biri Qərbə boylanır, biri Kremlə

Paşinyan hakimiyyət hayındadır, başqa bir qüvvə isə pusquda zamanı gözləyir



Son günlər Azərbaycanın işğal altında olan Qarabağ bölgəsi ilə bağlı görüş, müzakirə və danışıqlar siyasi hadisələrin gündəliyinin əsasını təşkil edir. Düzdür, torpaqların işğalı Azərbaycanın ictimai, siyasi, mədəni həyatının gündəliyində həmişə bir nömrəli məsələ olaraq qalır. Beynəlxalq vasitəçilərin fəallaşması, münaqişənin həlli ilə bağlı konkret təkliflər irəli sürən bəyanatla çıxış etməsi torpaqların işğaldan azad olunacağına müəyyən mənada ümidi artırır. Bəs məlum bəyanatdan sonra nələr yaşanır?

Yaşanan prosesləri "Şərq”ə şərh edən tanınmış politoloq Sədrəddin Soltan deyib ki, Azərbaycan torpaqları işğal altında olan bir dövlət olaraq, daima hərbi qüdrətini artırmağı prioritet məsələlərdən sayır. Azərbaycan Ordusunun martın 11-dən 15-dək davam edəcək genişmiqyaslı təlimləri də məhz bu məqsədlə başlayıb: 

"Təlimlərə 10 min nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub. Qoşunlar hücum əməliyyatının hazırlanması, şərti düşmənə bir neçə istiqamətdə zərbə vurulması, onun müdafiəsinin yarılması və qruplaşmalarının darmadağın edilməsi tapşırıqlarını yerinə yetiriblər. Bu arada martın 12-də Nikol Paşinyan və üzvlərinin iştirakı ilə Ermənistan Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçirilib. Mətbuat katibi Paşinyanın Xankəndinə səfərini işgüzar adlandıraraq Şuranın gündəliyi barədə heç bir məlumat verməyib. 

Ancaq görüş başa çatdıqdan sonra məsələ ilə bağlı məlumatlar yayılıb. Məlum olub ki, Paşinyan, əsasən, Qarabağda Şuranın iclasını iki məqsədlə bağlı keçirib - ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatını Dağlıq Qarabağın erməni icması ilə müzakirə etmək və Azərbaycan Ordusunun hərbi təlimləri ilə bağlı Ermənistan ictimaiyyətinə "qorxmayın" mesajını vermək. Paşinyan özünü həm də hakimiyyətə gələn yeni siyasi qüvvələrin təmsilçisi kimi Qarabağ münaqişəsinin həllini daha çox istəyən, status-kvonun qalmasına qarşı çıxan şəxs kimi göstərməyə çalışır. Ermənistan ordusunun mövcud vəziyyəti, erməni hərbçisi və əsgərinin Qarabağda müxtəlif şəraitdə ölməsi indiki hökumət üçün ölkədə nəzərdə tutulan iqtisadi proqramı həyata keçirmək üçün ciddi problemlər yaradır. Odur ki, Paşinyan həmsədrlərin təkliflərini cavablandırmaq üçün Qarabağdakı erməni icmasının başçıları ilə birlikdə Təhlükəsizlik Şurasının iclası adı altında toplantı keçirib. 

Qarabağ məsələsi və işğal altında saxladığı torpaqlardan çıxmaq Ermənistan üçün həyati vacib məsələ olduğundan bunu yalnız bu ad altında keçirmək olardı. O da bir gerçəklikdir ki, Paşinyan bununla Azərbaycanın ərazi bütövlüyünü pozaraq beynəlxalq hüquq normasını tapdalayıb. Ermənistan ictimaiyyəti və ekspertləri hesab edirlər ki, Nikol Paşinyan bu addımı ilə məsuliyyəti Qarabağdakı erməni icmasının üzərinə qoyur. Baş nazir bu mülahizələri "cəfəngiyyat” adlandırsa da, torpaqları işğal altında saxlamaq üçün Ermənistanın gücünün qalmadığı da sirr deyil. Paşinyan bildirib ki, Ermənistan hökuməti və özü Ermənistan xalqının etimadını qazanmış baş nazir olaraq, bu istiqamətdə ardıcıl hərəkət edəcək”. 

S.Soltanın sözlərinə görə, əslində, Nikol Paşinyanın Xankəndi səfəri və orada iclas keçirməsi belə ehtimal etməyə əsas verir ki, rəsmi İrəvanın özünü həmsədrlərin təklifini yerinə yetirən kimi göstərir: 

"Yaxud da bu məsələnin daha çox Qarabağdakı erməni icmasına aid olduğunu beynəlxalq vasitəçilərə çatdırmağa cəhd edir. Ancaq başqa xəbərlər də rəsmi İrəvanın təkbaşına qərar qəbul etmədiyi ehtimalını irəli sürməyə əsas verir: 

"Martın 12-də Paşinyanın mətbuat katibi Vladimir Karapetyan Moskvaya işgüzar səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovla görüşüb. Onlar informasiya sahəsində təcrübə mübadiləsini, əlaqələrin gücləndirilməsi üçün məşvərət xarakterli belə görüşlərin davamlı keçirilməsini, habelə Ermənistanla Rusiya arasında məsələlərə dair tədbirlərin 
işıqlandırılmasını və əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. Qeyd edək ki, V.Karapetyan Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın adamı sayılır. Bu səfərin təsadüfi olmadığına inansaq, Karapetyanın Kremlə həmsədrlərin son bəyanatından sonra rəsmi Yerevanın atacağı addımla bağlı ismarıcı apardığını deyə bilərik. Bu həm də Ter-Petrosyanın Moskvaya ismarıcı ola bilər. Çünki əvvəllər Paşinyanla Moskvanın münasibətinin normallaşmasına keçmiş prezidentin vasitəçilik etməsi barədə də məlumatlar yayılmışdı. 

Yeri gəlmişkən, Ermənistanda başqa bir qüvvə də pusqudadır. Bu, başqa bir sabiq prezident Serj Sarkisyandır. O, martın 5-də Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinə gəlib. Sarkisyan Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyan və başqaları ilə görüşüb. Ermənistan KİV-nin yazdığına görə, o, gələcək planlarını müəyyənləşdirmək üçün məlum toplantının başa çatmasını gözləyib. Ümumiyyətlə, hakimiyyət devrildikdən sonra onun Qarabağdakı erməni icmasının liderləri ilə müntəzəm əlaqə saxladığı bildirilir. Ola bilsin ki, Sarkisyan Rusiya Prezidentinin ona olan hirsini soyutmaq, Vladimir Putin üçün alternativ məlumat mənbəyi rolunda çıxış etməkdən ötrü Qarabağda qalıb, toplantının yekununu gözləyib”.

Analitikin sözlərinə görə, Rusiya həmsədr dövlətlərdən biri olduğundan məlum bəyanatı həm də Kremlin mövqeyi kimi qəbul etmək olar: 

"Bu baxımdan, Paşinyanın bəyanatdakı plandan birmənalı şəkildə imtina edəcəyi mümkünsüzdür. Sarkisyan isə vəziyyətdən sui-istifadə edərək Kremlin diqqətini yenidən özünə cəlb etməyə səy göstərir. Ancaq deyəsən, onun qatarı çoxdan gedib. 

Paşinyan isə dilemma qarşısındadır - ya Ermənistan ordusunu Azərbaycanın işğal edilən torpaqlarından çıxarmalı, tarixə münaqişəni həll edən siyasi fiqur kimi düşməli, ya da status-kvonu saxlamaqla iqtidarının ömrünü uzatmalıdır. Bütün hallarda özünün də iddia etdiyi kimi, Ermənistan xalqı onu seçərək problemləri həll etmək üçün ona mandat verib. Bütün hallarda Qarabağla bağlı İrəvanın əsas oyunçulardan biri görüntüsünü yaratmaqla Qərb-Rusiya oyunu davam edir”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-20