2019-03-14 13:22:21   |   256 dəfə oxunub

"Şərq"in qaldırdığı məsələyə universitetlər "hə" dedi: "Yaxşı təklifdir, müsbət qiymətləndirirəm"



Azərbaycanda kitabxana deyəndə ilk növbədə kitab yox, acıdil, kobud kitabxanaçılar ağıla gəlir. Kitab götürmək istəyən şəxs ikinci dəfə "gülərüz” kitabxanaçıları görməmək üçün bu dost məkana getməkdən imtina edir. Sonra da deyirlər kitab oxuyan yoxdur. İddialara görə, ölkənin ən qədim və ali təhsil ocaqları arasında flaqman hesab olunan Bakı Dövlət Universitetində(BDU) bu sahədə vəziyyət ürəkaçan deyil. Adıçəkilən universitetdə bir korpusun tələbəsi digər korpusun oxu zalında kitab oxuya bilmir. Ona görə ki, kitabxanaçılar buna icazə vermir. Onlar tələbələri geri qaytararaq bildirirlər ki, öz korpusunuzda oxu zalı var, gedib, orada oxuya bilərsiniz.

Bundan başqa müşahidələrə əsasən onu da qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən universitetlər arasında əməkdaşlıq zəifdir. Bu əməkdaşlığın genişləndirilməsi, fikir, düşüncə, elm mübadiləsinin gücləndirilməsi baxımından universitetlər və tələbələr arasında əlaqələr genişləndirilməlidir. Bir universitet tələbəsinin digər universitetin kitabxanalarından, oxu zallarından istifadə etməsi üçün icazə olsa da, bu ənənə halını almayıb.

Biz də "Sherg.az”olaraq mövzunun aktuallığını nəzərə alıb, bunu ümumilikdə universitet daxili və eyni zamanda universitetlərarası məsələ kimi gündəmə gətirmək qərarına gəldik. Və məlum məsələ ilə bağlı ölkənin tanınmış univeristetlərindəki vəziyyəti öyrəndik.

Elə ilk olaraq BDU Elmi Kitabxanasının direktoru Sara İbrahimova ilə əlaqə saxladıq və o vəziyyəti bu cür izah etdi:

"Təzə binada ancaq texniki fakültələrin kitabları olduğuna görə, onlar tələbələri digər oxu zallarına göndərirlər. Lakin hamının bütün zallarda oturub kitab oxumağa ixtiyarı var. Amma kitablar evə verilmir. Kitablar tələbələrin sayına əsasən alınır. 2 tələbəyə 1 kitab düşür. Ona görə də, texniki fakültələrin kitablarını texniki fakültələrə veririk, humanitar fakültənin kitablarını isə humanitar. Şikayətçi tələbəni göndərin ondan bu ayrıseçkilik edən korpusu soruşum. Hətta mən özüm də onunla gedərəm”.

Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat katibi Ağa Cəfərli qeyd etdi ki, universitetlərdə kitabxanalar tam mükəmməl deyil:

"Müəyyən çatışmayan kitablar var. Hər bir universitetin kitabxana ilə bağlı problemi mövcuddur. Təhsil naziri Ceyhun Bayramov müşavirələrin birində belə bir fikir səsləndirmişdi ki, universitetlərin xarici universitetlərlə əlaqələri günü-gündən inkişaf edir. Amma ölkə daxilində universitetlərin əməkdaşlığında müəyyən problemlər yaşanır. Və bu istiqamətdə müəyyən addımlar atılmalıdır. Yəni universitetlər arasında əlaqələr gücləndirilməlidir. Bu istiqamətdə biz də bir neçə universitetlə tərəfdaşlıq və əməkdaşlıq sazişi imzalamışıq. Doğrudan da, qaldırdığınız məsələ çox aktualdır. Bu çərçivədə də həmin kitabxanalardan istifadə məsələsi gündəmə gəlməlidir ki, hər hansı bir universitetin tələbələri əldə edə bilmədikləri kitabı hansısa universitetdən götürüb, faydalana bilsin. Yaxşı təklifdir, bunu müsbət qiymətləndirirəm.

Təhsil eksperti Məlahət Mürşüdlü hesab edir ki, bu məsələnin reallaşması faydalı olar:

"Yetər ki, tələbə oxumaq istəsin. Buna heç bir qadağa yoxdur. Bir tələbənin digər bir universitetin kitabxanasından yararlanmasında hər hansı bir problem olmamalıdır. Bunda heç bir maneə görmürəm və olmamamlıdır.

Azərbaycan Texniki Universitetinin (AZTU) mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev diqqətə çatdırıb ki, digər universitetlərin tələbələri qeydiyyatdan keçməklə AZTU-nun kitabxanasından faydalana bilərlər:

"Çox yaxşı olar, universitet olaraq biz bunu çox böyük xoşgörü ilə qaqrşılayırıq. Bu işdə heç bir mənfi hal yoxdur”.

Bakı Mühəndislik Universitetinin (BMU)mətbuat xidmətinin rəhbəri Rəcəb Rza vurğulayıb ki, başqa universitetin tələbəsi BMU-nun oxu zalından istifadə edə bilər: 

"Sadəcə kitabı evə aparmağa icazə yoxdur”.

Sevda Ulutau




SON XƏBƏRLƏR

2019-05-20