2019-03-14 13:56:21   |   69 dəfə oxunub

Boyko Borisov: Bolqarıstan əlavə qaz həcmlərinin alınması üçün Bakıda danışıqlar aparmağa ümid edir


Bolqarıstan Balkan qaz qovşağı üçün əlavə qaz həcmlərinin alınması üçün Bakıda danışıqlar aparmağa ümid edir.

Trend-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən "Dünyanın yeni xarici siyasəti” mövzusunda VII Qlobal Bakı Forumunda Bolqarıstanın Baş naziri Boyko Borisov deyib.

O, Azərbaycan və Rusiya qazının hesabına mənbələrin şaxələndirilməsinin vacibliyini qeyd edib.

Azərbaycanla münasibətlərdən danışan B.Borisov bildirib ki, münasibətlər çox gözəldir. Baş nazir Bolqarıstanda "Trapezitsa” memarlıq-muzey qoruğunun, o cümlədən orta əsr kilsələrinin restavrasiyasında köməyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib:

"Müsəlman ölkəsi Avropa kilsələrinin bərpası üçün vəsait ayırıb. Bu, müxtəlif dini olan ölkələrlə dostluq edə biləcəyimizin sübutudur”.

Bolqarıstanın Baş naziri əlavə edib ki, onun ölkəsi heç kimlə münaqişədə deyil və öz qonşuları ilə gözəl münasibətləri var:

"Bizim siyasətimiz mehriban qonşuluq, digər mədəniyyət və dinlərə hörmət prinsiplərinə əsaslanır”.

Qeyd edək ki, martın 14-də VII Qlobal Bakı Forumu öz işinə başlayıb. Martın 16-na qədər davam edəcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Mövzusu "Dünyanın yeni xarici siyasəti” olan VII Qlobal Bakı Forumunda dünyanın 50-dən çox ölkəsindən 500-dən artıq nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak edirlər.

Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılır.




SON XƏBƏRLƏR

2019-03-20