2019-03-14 16:29:09   |   74 dəfə oxunub

Prezident İlham Əliyev Albaniya Prezidenti İlir Meta ilə görüşüb


Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev VII Qlobal Bakı Forumunda iştirak edən Albaniya Prezidenti İlir Meta ilə görüşüb.

Görüşdə Prezident İlham Əliyev Albaniya Prezidenti İlir Metaya Azərbaycana səfərinə və VII Qlobal Bakı Forumunda iştirakına görə minnətdarlığını bildirdi. Forumun beynəlxalq miqyasda iştirakçılarının sayının artdığını bu tədbirin nüfuzunun yüksəlməsinin göstəricisi kimi dəyərləndirdi. Bu Forumun beynəlxalq məsələlərlə yanaşı, ikitərəfli münasibətlərin müzakirəsi üçün geniş imkanlar yaratdığını dedi.

Dövlətimizin başçısı TAP layihəsinə toxunaraq qeyd etdi ki, tikinti işləri uğurla gedir və son mərhələdədir. Prezident İlham Əliyev vurğuladı ki, bu layihə həm də ölkələrimizi və xalqlarımızı birləşdirir. Prezident İlham Əliyev Azərbaycanın Albaniya ilə ikitərəfli münasibətlərə önəm verdiyini dedi.

VII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunan Albaniya Prezidenti İlir Meta bu tədbirin beynəlxalq əməkdaşlığa töhfə verdiyini bildirdi. İkitərəfli münasibətlərin inkişafına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi. O, ölkəmizdə böyük dəyişikliklərin şahidi olduğunu dedi.

TAP layihəsinə toxunan Albaniya Prezidenti də işlərin uğurla getdiyini təsdiq etdi. Prezident İlir Meta Azərbaycanla müxtəlif sahələrdə, xüsusilə turizm sahəsində əlaqələrin genişləndirilməsində, həmçinin Azərbaycanın Albaniyada daxili qazlaşdırma sisteminin yaradılmasında ölkəsinin maraqlı olduğunu bildirdi.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdikləri, bir-birini dəstəklədikləri vurğulandı. Qarşılıqlı ticarətin genişləndirilməsi, ixrac-idxal imkanlarının araşdırılması, biznes qurumları arasında əməkdaşlığın qurulması və digər məsələlər barədə fikir mübadiləsi aparıldı.




SON XƏBƏRLƏR

2019-03-20