2019-03-14 17:41:05   |   151 dəfə oxunub

Əhəmiyyəti böyükdür - Qlobal Bakı Formu Azərbaycanın dünyada rolunu xeyli dərəcədə gücləndirir

Martın 14-də Azərbaycanın paytaxtında Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VII Qlobal Bakı Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib. Martın 16-dək davam edəcək VII Qlobal Bakı Forumunun işində 55 ölkədən 500-dən çox nümayəndə iştirak edir. Dünyada mühüm beynəlxalq platformaya çevrilən Qlobal Bakı Forumu çərçivəsində beynəlxalq əhəmiyyət daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. 

Dövlətimizin başçısı Forumun dünyada cərəyan edən vacib prosesləri müzakirə etmək üçün mühüm beynəlxalq platformaya çevrildiyini vurğulayıb. Forumda dünyanın nəhəng intellektual potensialının cəmləşdiyini deyən Prezident İlham Əliyev bunun tədbirin miqyasını təcəssüm etdirdiyini, Bakı Forumunun beynəlxalq aləmdə misilsiz yeri olduğunu diqqətə çatdırıb.

Politoloq Qabil Hüseynli Bakıda keçirilən 7-ci Qlobal Bakı Forumunun Azərbaycan üçün çox böyük əhəmiyyətə malik olduğunu deyib. Onun sözlərinə görə, qlobal forumların Bakıda keçirilməsi Azərbaycanın, eləcə də paytaxt şəhərimizin dünyada daha da tanınmasına səbəb olur. Bununla yanaşı, bu kimi tədbirlər Azərbaycanın beynəlxalq münasibətlərdə oynadığı rola dinamika gətirir. Politoloq deyib ki, artıq Azərbaycan paytaxtı beynəlxalq tədbirlərin keçirildiyi şəhərə çevrilib: 

"Bu Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilərək dünyanın görkəmli siyasətçilərini dəvət edir. Bütün bunlar Azərbaycanın rolunu xeyli dərəcədə gücləndirir. Bu gün sivilizasiyalararası münasibətlər, dialoq ciddi böhran dövrünü yaşayır. Söhbət dinlər, konfessiyalar arasındakı qarşıdurmadan, gərginlikdən, hətta vəziyyəti müharibə həddinə çatdıran müxtəlif proseslərdən gedir. Bu gün Yaxın Şərq ümumi konfessial zəmində ciddi problemlərlə baş-başa qalıb. 

Bu kimi problemləri Cənubi Qafqazda da müşahidə edə bilərik. Dünyanın bir çox yerlərində dini siyasətə alət edib öz məqsədlərini həyata keçirmək istəyən müxtəlif cərəyanlar meydana gəlib. Belə bir şəraitdə sivilizasiyalararası dialoqun, əlaqələrin yaradılmasına, onlar arasında fikir mübadiləsi aparılmasına, ortaq inancın salamat saxlanılmaqla beynəlxalq qarşıdurmaların qarşısının alınmasına ciddi ehtiyac var. Bu ehtiyacın ödənməsi üçün uyğun yolların aranmasında VII Qlobal Bakı Forumu kimi tədbirlər böyük əhəmiyyət daşıyır. İnanıram ki, bu Forum Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə də öz töhfəsini verə biləcək”.

Şəymən




SON XƏBƏRLƏR

2019-03-20