2019-03-14 19:22:58   |   247 dəfə oxunub

Əməkdar müəllim sərt danışdı: “I sinfə gedən şagirdi hazırlığa qoyurlar, bu, faciədir”

Almaz Həsrət:"Şagirdlərin bu qədər yüklənməsi, bu qədər əziyyət çəkməsi onların sağlamlığına da ziyan vurur"


"Nəinki şagirdlərin hətta müəllimlərin belə hazırlanma kursları mövcuddur. Bu, çox gülünc bir vəziyyətdir. Müəllim bir kursla hazırlanmır, müəllim illərlə ali təhsil ocaqlarında yetişdirilir”.

Bunu "Sherg.az”a açıqlamasında əməkdar müəllim, təhsil eksperti Almaz Həsrət deyib.

Onun szölərinə görə, məktəblərdə fənn tədris edən müəllimlərin özləri elə repetitordurlar:

"Burada daha fərqli, daha savadlı, daha yüksək bacarığa sahib olmaq məsələsi yoxdur. Maaşa gəlincə, isə bunun mövzuya heç bir aidiyyəti yoxdur. Şərəfini hər şeydən yüksək tutan müəllim öz dərsini hər zaman vicdanla keçər, vəzifə borcunu layiqincə yerinə yetirər”.

Ekspert problemin əsas qaynağının məktəblər üçün yazılan kitablar olduğunu vurğulayıb:

"Çox təəssüflər olsun ki, orta məktəblər üçün yazılan dərsliklər şagirdlərin ali məktəblərə qəbul olması üçün yetərli deyil. Bu kitablar onların bilgi mənimsəmələri üçün çox aşağı səviyyədədir. Həmin dərslikləri oxuyub hər hansı bilik sahibi olmaq mümkün deyil. Belə olan halda müəllim məcbur olur ki, əlavə biliklər öyrətsin. Boş, mənasız, əhəmiyyətsiz məzmuna sahib, elmi redaktəyə ehtiyacı olan, şəkillərlə, cədvəllərlə doldurulmuş dərslikləri müəllim bir kənara qoymalıdır ki, doğru-dürüst məlumat, məzmun çatdıra bilsin. Yəni müəllimlərimiz indi çox yük altındadır. Mövcud boşluqların doldurulması məqsədilə kurslar yaradılmağa başlandı. Kursların sayının çoxaldılmasına imkan yaradılması orta məktəbdə dərslərə böyük zərbə vurdu. Qəbul proqramındakı mövzular orta məktəbdəki mövzuların dərəcəsinə, səviyyəsinə uyğun gəlmir. 

Ona görə də, müəllimlər orta məktəbin tələbinə uyğun olaraq standartın reallaşmasına aid məzmunu şagirdə ötürməyə çalışır, qəbulda nəzərdə tutulan mövzuları is evdə hazırlıq formasında keçir. Bu da müəllimin metodikasında ikili tərəfin yaranmasına səbəb olur. Uşaqların repetitor yanına göndərilməsi məktəb təhsilinin kənarda qalması ilə nəticələnir. Çox istəyərəm ki, məktəb təhsilinin bərpası məqsədilə repetitorluğun qarşısının alınması üçün müəyyən addımlar atılsın. Müəllimlərə imkan yaradılsın”.

A.Həsrət ibtidai sinif şagirdlərinin repetitor yanına göndərilməsini faciə adlandırıb:

"Çox təəssüf ki, oturuşmuş bir sistem hələ tam formalaşmayıb. Birinci sinifə gedən şagirdi belə hazırlığa qoyurlar. Bu, faciədir. Onlar məktəbə, məktəbdən kurslara gedirlər. Şagirdlərin bu qədər yüklənməsi, bu qədər əziyyət çəkməsi onların sağlamlığına da ziyan vurur. Bütün bunların qarşısının alınması üçün müəyyən mexanizmlər işlənməli, müəyyən təkliflər verilməlidir”.

Sevda Ulutau





SON XƏBƏRLƏR

2019-03-20