2019-03-15 11:28:41   |   92 dəfə oxunub

Poroşenkonu ağır günlər gözləyir

O anlayır ki, məğlub olsa, ona və tərəfdarlarına qarşı əcinnə ovu başlayacaq

Sadəcə, ukraynalılar mövcud siyasətçiləri cəzalandırmaq üçün Zelenskiyə üstünlük verirlər


Məlum olduğu kimi, martın 31-də Ukraynada prezident seçkiləri keçiriləcək. Prezidentlik uğrunda 39 namizəd yarışacaq. Sorğulara əsasən, son bir neçə ay ərzində prezidentlik reytinqlərinin lideri "Batkivşina” Partiyasının rəhbəri Yuliya Timoşenko olub. Ancaq yanvar ayında şoumen, keçmiş KVN iştirakçısı, yumorist Vladimir Zelenski prezidentlik yarışında rəqiblərini ötüb və öz liderliyini möhkəmləndirib. İ

ndiki Prezident Pyotr Poroşenkonun səs faizi isə təxminən 20 faiz təşkil edir. Namizədlərdən heç biri ilk turda 50 faizdən çox səs toplaya bilməsə, prezident seçkilərinin ikinci turu keçiriləcək. Ekspertlərə görə, seçki ilə bağlı sorğular ilkin ehtimallardır, təbii ki, seçkinin fərqli nəticəsi ortaya çıxa bilər. Sorğularda Poroşenkoya az səs verilsə də, hakim qüvvənin güclü resurslara malik olduğu şübhəsizdir. Hesab edilir ki, əgər seçki ikinci tura qalarsa, Poroşenko bütün imkanlardan istifadə edərək qalib olmağa çalışacaq.

Ukraynadakı prosesləri "Şərq”ə dəyərləndirən politoloq Elxan Şahinoğlu deyib ki, indiki Prezident Pyotr Poroşenko prezident seçkisinin ikinci turuna keçmək üçün bütün imkanlarını səfərbər edib. Buna baxmayaraq, Poroşenkonun komandası son günlər laxlayır: 

"Bəziləri hesab edir ki, Poroşenko məğlub olsa, onların ağır günləri başlaya bilər. Ona görə də gəmini tərk etməyə hazırlaşırlar. Məsələn, daxili işlər naziri Arsen Avakov artıq Poroşenkonun əleyhinə açıqlamalar verir. Poroşenkonun özü də anlayır ki, məğlub olsa, ona və tərəfdarlarına qarşı əcinnə ovu başlayacaq. Əsas namizədlərdən biri aktyor Zelenski deyib ki, prezident seçilsə, Poroşenkonu həbs edəcək. Rəqibləri Poroşenkonun prezident olduğu illərdə varidatının artdığını bildirirlər, halbuki, Ukrayna son illərdə kasıblaşıb. 

Ancaq bunun obyektiv səbəbləri var. Poroşenko prezident seçiləndə Krım və Donbasın bir hissəsi itirilmişdi, nazirliklər dağılmışdı, ordu və təhlükəsizlik sistemi yox idi. Poroşenko bunları sıfırdan yaratdı, müharibə davam edirdi. Poroşenko iqtisadiyyatı dirçəldə bilmədi, sosial problemlər artdı. Poroşenkonun prezident olduğu illərdə iqtisadiyyatda və sosial problemlərin həllində qazandığı elə bir uğuru yoxdur.

Ən çox səslənən suallardan biri budur ki, necə olur ki, aktyor Zelenski bütün reytinq cədvəllərində birincidir. Məsələ burasındadır ki, ukraynalılar mövcud siyasətçilərdən beziblər. Siyasətçilər verdikləri vədləri yerinə yetirə bilməyiblər. Ukraynalılar ona görə Zelenskiyə üstünlük vermirlər ki, bu artistin prezident kimi böyük uğur qazanacağına inanırlar. Sadəcə, ukraynalılar mövcud siyasətçiləri cəzalandırmaq üçün Zelenskiyə üstünlük verirlər. Kobud desək, pislə ən pis arasında birinciyə üstünlük verirlər”.

Ekspertin fikrincə, Zelenskinin və ya Timoşenkonun prezident seçilməsi də Ukraynanı ağ günə çıxarmayacaq: 

"Bunun obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəb odur ki, Ukrayna siyasi baxımdan rəngarəng ölkədir, şərqin bir hissəsi Moskvaya ümidlə baxır, paytaxt və qərb bölgələri isə Avropanı seçir. İkisi arasındakı baxışlarda böyük uçurum var. Üstəgəl, Ukraynanın sənayesi dağılıb və onu yenidən bərpa etmək problematikdir. Subyektiv səbəblər odur ki, korrupsiya ölkəni bürüyüb, oliqarxlar siyasi sistemi nəzarətdə saxlayırlar.

 Digər tərəfdən Ukraynanı dirçəltmək üçün kənar yatırımlara ehtiyacı var. Bunu isə heç bir dövlət və maliyyə institutu Ukraynaya ayırmaq istəmir. Ayrılan milyardlar Ukraynanın köklü problemlərini həll etmədi. Ona görə də böyük dövlətlər və beynəlxalq maliyyə institutları daha Ukraynaya pul vermək istəmirlər. Bu səbəbdən Ukraynanın istənilən prezidenti Poroşenkonun üzləşdiyi eyni çətinliklərlə üzləşəcək və onları həll etməkdə "sehrli çubuğa” malik olmayacaq”.

Siyasi şərhçi Azər Həsrət isə "Şərq”ə bildirib ki, artıq xarici qüvvələrin seçimi çox geniş deyil: 

"İndiki halda həm Rusiyanı, həm də Qərbi qane edəcək namizəd elə Pyotr Poroşenkonun özüdür. Timoşenko avantüristdir və onunla Ukraynanın başına nə gələcəyini proqnozlaşdırmaq çətindir. Zelenski isə siyasətdə heç kimdir. Poroşenko onlarla müqayisədə olduqca təcrübəli və uyğun görünür. O baxımdan qalib gəlməsi ehtimalı daha yüksəkdir”.

İsmayıl







SON XƏBƏRLƏR

2019-03-21
2019-03-20