2019-03-15 11:32:49   |   157 dəfə oxunub

Heç bir müqavilə imzalanmadı

Zurabişvilinin Ermənistan səfəri sadəcə balans saxlamağa hesablanmışdı

Bu həm də Fransada erməni lobbisinin səyi nəticəsində reallaşmışdı



"Gürcüstan Prezidenti Salomi Zurabişvilinin Ermənistan səfəri erməni lobbisinin sifarişi idi”.
Bunu "Şərq”ə açıqlamasında Cənubi Qafqaz Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri politoloq Məhəmməd Əsədullazadə deyib. Gürcüstan prezidentinin Ermənistana səfər etməsi və bununla bağlı gündəmə gələn narazılıqları şərh edən analitikin sözlərinə görə, S.Zurabişvilinin Ermənistana səfəri çərçivəsində bu ölkə ilə demək olar ki, heç bir ciddi siyasi-iqtisadi müqavilə imzalanmayıb: "Bu, adi işçi səfər olaraq, sadəcə balans saxlamağa hesablanmışdı. Həmçinin, Fransada erməni lobbisinin səyi nəticəsində bu səfər reallaşmışdı. Zurabişvilinin ilk olaraq Azərbaycana səfəri göstərdi ki, Azərbaycan Gürcüstan üçün xüsusi əhəmiyyət daşıyan ölkədir. Ermənistan yalnız Gürcüstan üçün problem yaradan bir ölkə statusuna malikdir. Zurabişvili Bakıda "Region üçün ərazilərin işğalı və münaqişənin davam etməsi təhlükəsizlik üçün əsas problemdir” bəyanatı İrəvanda ciddi narahatlıq yaratmışdı. 

Bu bəyanatdan sonra Zurabişvilinin Ermənistana səfəri elə bir ciddi siyasi əhəmiyyət kəsb etmir”.
Siyasi şərhçi vurğulayıb ki, Gürcüstanla Ermənistan arasında iqtisadi əməkdaşlığın yüksək səviyyəyə qaldırılması mümkün deyil: 

"Ermənistan zəif ixrac və idxal əməliyyatına malikdir. Gürcüstanın cənub istiqamətinə çıxışı, xüsusilə İranla iqtisadi əməkdaşlığı ABŞ-ın sanksiyalarına görə mümkün deyil. Zurabişvilinin Paşinyanla siyasi-iqtisadi əməkdaşlığı inkişaf etdirmək barədə danışıqları isə elə danışıqlar olaraq qalacaq”.

Analitikin fikrincə, Zurabişvilinin Gürcüstanda azərbaycanlılar və ermənilər arasında sülh şəraitində yaşaması barədə qeydləri İrəvana mesaj idi: "Ermənistan rəhbərliyi çalışır ki, Gürcüstanda etnik münaqişəni qızışdırsın, nəticədə Azərbaycan-Gürcüstan əlaqələri zəifləsin. Son vaxtlar ermənilərin Gürcüstanda aktivləşməsi İrəvandan idarə olunaraq azərbaycanlılar əleyhinə yönəlmişdi. Cənubi Qafqazda yalnız Azərbaycan-Gürcüstan əlaqələri öz inkişaf tempinə görə regionda təhlükəsizliyə xidmət edəcək”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25