2019-03-15 12:36:23   |   83 dəfə oxunub

Şərhlər biri-birinin təkrarıdır

Ehtiyatda olan bir-iki generaldan, hərbçidən başqa fikirlərini cəmiyyətə çatdıra biləcək adam tapmaq olmur

Medianın hərbi ekspertlər sarıdan xeyli çətinlikləri var



... əvvəli ötən sayımızda

Kütləvi informasiya vasitələrində ekspert böhranı yaşanır. Jurnalistlər hər hansı bir mövzunu araşdırarkən və ya o mövzuya münasibət bildirərkən ekspertlərə müraciət edirlər. Lakin bu məsələdə təəssüfəndirici bir fakt mövcuddur ki, jurnalistlər ekspert qıtlığı çəkirlər. Hətta elə sahələr var ki, o sahə üzrə ümumiyyətlə, ekspert yoxdur. Kütləvi informasiya vasitələrində ekspert böhranı yaşanır desək, daha doğru olar. İllərdir mətbuata açıqlama verən mütəxəssislərin sıraları seyrəlməkdədir - dünyasını dəyişənlər, ölkəni tərk edənlər və mətbuata qadağa qoyanlar medianın onsuz da yaxşı olmayan vəziyyətini daha da çıxılmaz edib.

Az qala bir redaksiyada çalışan üç müxbirdən ikisi ayrı-ayrı mövzular üzrə eyni şəxsi ekspert kimi danışdırır. Hətta olur ki, bir şəxsi həm iqtisadi, həm də siyasi mövzu üzrə danışdırırlar. Səbəb isə odur ki, ekspert qıtlığı var. Ölkədə bir hadisə baş verən kimi müxtəlif media orqanlarında çalışan jurnalistlər eyni ekspertlərə müraciət edirlər. Bu isə mediada xəbər eyniləşməsinə gətirib çıxarır. Eyni mövzu, eyni ekspert, sadəcə, xəbərin yayımlandığı saytın adı fərqlidir.

Bəs, jurnalistlər daha çox hansı sahədə ekspert çatışmazlığından əziyyət çəkir?

"Azadinform” informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev təəssüflə Azərbaycan mətbuatının 20 il əvvəl olduğu kimi, bu gün də eyni problemi yaşadığını deyib. Bunun da səbəbi bütün sahələrdə ekspert qıtlığının mövcudluğudur. Bəzən siyasi şərhlər verən ekspertlər həm də iqtisadi mövzularda, hərbi məsələlərdə, sosial problemlərlə bağlı danışırlar. Əlbəttə, bu, qəbuledilən deyil: "Azərbaycanda sahələr üzrə beyin mərkəzləri, strateji institutların fəaliyyəti hiss olunmur, əməkdaşları gözə dəymir. Ola bilər ki, onlar çox iş görürlər, amma cəmiyyət bunu görmür, media onları ictimaiyyətə təqdim etməkdə çətinlik çəkir.

Konkret sahələr üzrə institutların, elmi mərkəzlərin əməkdaşları mediaya açıq deyil. Onlar özləri cəhd etməli, baş verən iqtisadi, siyasi, sosial, hərbi məsələlərə şərhlər verməlidirlər. Əlbəttə ki, statusu olan, müxtəlif vəzifə daşımış və ya hazırda daşıyan insanlar belə məsələlərdə aktiv olmalıdırlar. Digər tərəfdən beynəlxalq ekspert sertifikatı alan alimlərimiz, jurnalistlərimiz var. Onların bir çoxunu Azərbaycan jurnalistləri tanımır. Bu, jurnalistlərin günahı deyil, onlar özlərini tanıda, ictimailəşdirə bilmirlər”.

Baş redaktorun sözlərinə görə, hərbi ekspert məsələsində xeyli çətinliklərimiz var, ehtiyatda olan bir-iki generaldan, hərbçidən başqa fikirlərini cəmiyyətə çatdıra biləcək adam tapmaq olmur. Təsəvvür edin, müharibə şəraitində yaşayan ölkənin mediası bu problemi yaşamamalıdır: "Milli məsələlərdə ciddi problemlər yaşayırıq. Bildiyiniz kimi, Azərbaycan multikultural ölkədir, bu coğrafiyada yaşayan xalqlar haqqında təfsilatlı danışmaq mütləqdir. AMEA-da bu sahəni araşdıran gözəl alimlərimiz var, təəssüf ki, media onların qapısını döymür. Bir-iki mövsümi ekspert – hərşeyşünas var, həm TV-lər, həm də digər KİV vasitələri onların ətəyini buraxmır. Həm onları bitirirlər, həm də mövzunu ümumi sözlərlə ictimailəşdirirlər”.

N.Niftiyevin fikrincə, problemdən çıxış yolu elə də çətin deyil. Hər bir universitet, elmi mərkəzlər sahələr üzrə mütəxəssislərini hazırlamalı, mediaya, media da onları cəmiyyətə təqdim etməlidir: "Onlar alim kimi deyil, publika üçün ekspert kimi çıxış etməyə hazırlanmalıdırlar. Qeyd etdiyim kimi, hər institut ildə 2 ekspert hazırlasa və mediaya təqdim etsə, TV-ləri, saytları bəzəyən hərşeyşünaslardan tez bir zamanda xilas ola bilərik”.

Bu boşluğu doldurmaq da medianın işidir

"Türküstan” qəzetinin baş redaktoru Aqil Camalın fikrincə, mediada müxtəlif sahələr üzrə ekspert kimi təqdim olunan, fikirləri öyrənilən şəxslərin sayının azalması, media ekspertlərinin qıtlığı anlamına gəlməməlidir: "Bir dövr olur ki, mediada ekspert bolluğu yaranır. Bu, ekspertləri gündəmə gətirən mediadır. Sonra bu ekspertlər müxtəlif səbəblərdən mediadan, ictimai-siyasi mühitdən uzaqlaşanda bir boşluq hiss olunur. Bu boşluğu doldurmaq da medianın işidir.

Mənə görə, müxtəlif sahələr üzrə ixtisaslı ekspertlər əvvəlki dövrlərə nisbətdə indi daha çoxdur. Sadəcə, onları üzə çıxarmaq, cəmiyyətə təqdim etmək lazımdır. Bu gün dövlət qurumlarında, ali məktəblərdə, elmi institutlarda, QHT və media sektorunda hər sahə üzrə ekspertlər var”.
A.Camalın sözlərinə görə, istənilən media orqanı ehtiyac duyduğu sahələr üzrə ekspertlər müəyyən edib onların fikirlərinə mütəmadi yer ayıra bilər: "Bir az keçdikdən sonra həmin ekspertlər həm digər media qurumları üçün, həm də cəmiyyət üçün maraqlı şəxslərə çevriləcək. Bu, sınaqdan çıxmış təcrübədir”.

Azərbaycanda hər şeydən bir az bilən şəxslər bəzən ekspert qismində çıxış edirlər

Milli.az informasiya portalının baş redaktoru Anar İmanovun fikrincə, Azərbaycanda ekspert qıtlığı yox, bu və ya digər sahəni dəqiq bilən, geniş bilgiyə malik olan mütəxəssis qıtlığı var. Azərbaycanda hər şeydən bir az bilən şəxslər bəzən ekspert qismində çıxış edirlər. Müşahidə olunan situasiyanın əsas səbəbi mediamızın "klişe" əsasında fəaliyyətidir. Bəzi hallarda mövcud ekspertlərin rəylərinin peşəkarcasına çatdırılmasında problem var: "Azərbaycan mediasında baş verən hadisələrlə bağlı analitik-ekspert rəyinin çox kasad olduğu sahələr çoxdur. Məsələn, təbii fəlakətlər, qəzalar, maliyyə və bankinq fəaliyyəti, kənd təsərrüfatı, yeni biznes və kommunikasiya vasitələri, fond bazarı, ekologiya, beynəlxalq və lokal hüquq, konfliktologiya, konkret ölkələr üzrə regionşünaslıq analizləri və s. Bəzi hallarda problemin həll yolu alternativ ekspert axtarışı yox, jurnalistlərin konkret sahələr üzrə ixtisaslaşmasıdır, çünki bu gün nəqliyyat infrastrukturundan yazan jurnalist sabah Xəzərin statusu haqda yazanda, təbii ki, "əl altında" olan ekspertləri axtaracaq. Hər bir işə peşəkarcasına yanaşmaq lazımdır. Bəzən bu məqam unudulur və bu, bir çox hallarda problem yaradır”.

Daimi axtarışda olmaq onların işidir

"Avropa.info” saytının baş redaktoru Ruslan Bəşirli bildirib ki, jurnalistlər artıq tükənmiş, erası bitmiş ekspertlərlə deyil, gənc ekspertlərlə əməkdaşlıqda maraqlı olmalıdır: "Gənclər içərisində çoxsaylı ekspertlər, istedadlı mütəxəssislər var. Sadəcə media onları tapıb üzə çıxartmalıdır. Hesab edirəm ki, jurnalistlər ekspert qıtlığı yaşayırsa, bunun günahı bir az da özlərindədir. Daimi axtarışda olmaq onların işidir. Gənc ekspertlər öz piarlarını düzgün qurmalı və özlərini ictimaiyyətə tanıtmalıdırlar. O zaman Azərbaycan mediasında ekspert qıtlığı yaranmaz".

R.Bəşirlinin sözlərinə görə, Azərbaycanda daha çox iqtisadi sahədə ekspert qıtlığı yaşanır.

Bizim kifayət qədər güclü analitik təfəkkürə sahib olan şərhçilərimiz də var

Tanınmış jurnalist Jalə Mütəllimova isə hesab edir ki, bizim əsas problemimiz bütün saytların, qəzetlərin eyni ekspertlərdən istifadə etməsindən qaynaqlanır. Hətta xəbər saytlarında gedən mövzuların da mahiyyəti eynidir: "Xəbərlər də biri-birinin təkrarıdır. Bu da bir növ gündəmlə bağlıdır. Əgər bu gün əsas gündəm mövzusu Amerika-Türkiyə münasibətlərində Azərbaycanın hansı mövqeni tutacağıdırsa, bütün saytlar bundan yazacaq. Tanınmış jurnalist sosial şəbəkədə vida mesajı yazıb, intihara cəhd edirsə, yenə bütün saytlar bundan yazacaq. Ekspertlərin eyniliyi də yenə obyektiv səbəblərdən qaynaqlanır. Bəlli bir siyahı müəyyənləşib ki, hansı ekspert hansı sahə üzrə şərh verə bilər. Bunun siyasi və yaxud ictimai mövqedən qaynaqlandığını, yoxsa sırf həmin insanların fərdi şəxsiyyəti ilə bağlı olub-olmadığını dəqiq deyə bilmərəm. 

Düzdür, müxtəlif sahələr üzrə öz mövqeyini və münasibətini aydın, səlis ifadə etməyi bacaran ekspertlərimizin sayı yetərli deyil. Həm iqtisadi, həm siyasi, həm də sosial və digər sahələr üzrə bacarıqlı ekspertlərə ehtiyac duyulur. Bizim kifayət qədər güclü analitik təfəkkürə sahib olan şərhçilərimiz də var. Azər Rəşidoğlu və Azər Sarıoğlunun adını xüsusi qeyd etmək istəyirəm. Onların hər ikisi jurnalistika sahəsində bişib yetişmiş insanlardır. Rəsul Mirhəşimli daxili siyasətlə bağlı çox gözəl təhlil qabiliyyətinə sahibdir. Amma nəyə görəsə bu cür insanlar öz qabiliyyətlərindən istifadə edilməsini istəmirlər. Təbii bu da öz qərarlarıdır. Media sahəsində yaşanan ekspert qıtlığının bir səbəbi də bizim baş redaktorların şəxsi maraqları, simpatiya-antipatiya məsələləridir. 

Çünki Azərbaycanda güclü təhlil qabiliyyəti, ictimai mövqeyi olan yetəri qədər insanlar var. Sadəcə onları araşdırıb üzə çıxarmaq lazımdır. Biz şəxsi simpatiyaları və ya antipatiyaları bir kənara buraxıb istedadlı şəxslərdən istifadə etməliyik. İctimai fikrimizin formalaşması üçün cəmiyyəti yönəldən, maarifləndirən şəxsin kimliyindən çox şey asılıdır”.

Şəymən






SON XƏBƏRLƏR

2019-03-21
2019-03-20