2019-03-15 12:50:59   |   191 dəfə oxunub

"850 min vətəndaşımız kompensasiyadan yararlanacaq" - MÜSAHİBƏ

Vüqar Bayramov: "Güman edilir ki, növəti ayın ortalarından insanlar bu məbləği almaq imkanına malik olacaqlar"

"Təklif etmişik ki, 10 min dollardan artıq kredit götürənlərə güzəşt olsun. Bu, daha ədalətli olar"




"Çünki elə vətəndaşlarımız var ki, onların götürdüyü kredit məbləği 12 min dollardır"



Ölkəmizdə problemli kreditlərin qaytarılması mexanizmi hazırdır. Bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib. Nazir problemli kreditlərlə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının banklarla iş apardığını, kreditlərin həcmi və sayının dəqiqləşdirildiyini deyib.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov kreditlərin qaytarılması mexanizmi və vətəndaşlara kompensasiyaların verilməsi ilə bağlı "Şərq”ə danışıb. İqtisadçı bildirib ki, ölkə başçısının imzaladığı fərmana əsasən problemli kreditlərlə bağlı kompensasiyanın verilməsi üçün martın 15-dək Maliyyə Bazarına Nəzarət Palatası Mərkəzi Bankla birlikdə mexnizm hazırlayıb təqdim etməlidir: "Bu mexanizmə uyğun olaraq kompensasiyanın verilməsi həyata keçiriləcək. Təbii ki, ölkə prezidenti tərəfindən imzalanmış fərmanda qaydalar müəyyənləşmişdi. Həmin qaydalara uyğun olaraq da mexanizm hazırlanacaq”.

- Bəs, ölkəmizdə problemli kreditlərin həcmi nə qədərdir?

- Hazırda problemli kreditlər 1 milyard 550 milyon manata yaxındır. Bu isə ümumi kreditlərin 12 faizini təşkil edir. Eyni zamanda ilkin qiymətləndirmələrə görə, 10 min dollara qədər kompensasiyanın verilməsi təxminən 850 min vətəndaşımızın kompensasiya almaq imkanı deməkdir. Onların götürdükləri kreditlərin həcmi 10 min dollara qədər olduqları üçün vətəndaşlar kompensasiya almaq imkanına malikdir. Bu baxımdan 850 min vətəndaşımız kompensasiyalardan yararlana biləcək. Bütövlükdə bu istiqamətə ayrılan vəsaitin həcmi ilkin qiymətləndirməyə görə 800 milyon manata yaxın olacaq.

- Kompensasiyaların verilməsi ilə bağlı hansısa təklifləriniz olubmu?

- Bir sıra məqamlarla bağlı iki həftə öncə təkliflərimizi vermişik. Həmin təklifləri Maliyyə Bazarlarına Nəzarət Palatasına və Mərkəzi Banka təqdim etmişik. Çünki ən çox verilən sual 10 min dollardan artıq olan kreditlərin taleyi ilə bağlıdır. Təkliflərimiz isə bundan ibarətdir ki, 10 min dollardan artıq olan kreditlərin ilk 10 min dollarına kompensasiya ödənilsin. Məsələn, vətəndaş devalvasiyadan əvvəl 14 min dollar kredit götürübsə, bu zaman kreditin 10 min dollarına kompensasiya verilsin. Bizim də mövqeyimiz ondan ibarətdir ki, təqdim etdiyimiz təkliflərdə nisbətən daha çox kredit götürən vətəndaşlarımıza da güzəşt olunsun. Hesab edirəm ki, bu, daha ədalətlidir. Çünki elə vətəndaşlarımız var ki, onların götürdüyü kredit məbləği 12 min dollardır, amma onlara güzəşt edilməməsi düzgün olmazdı.

Digər təklifimiz isə bundan ibarətdir ki, 10 min 500 dollar olan kreditlərə də kompensasiya verilsin. Bizə olan müraciətlər də göstərir ki, həmin kreditlərin qalıq məbləği 10 min 50 hətta 10 min 1 dollar olur. Ona görə də sadəcə 1 dollar qalıq məbləğ olduğuna görə bəzi vətəndaşlar kompensasiyadan istifadə edə bilməyəcək. Məhz bu səbəbdən təklif etmişik ki, 10 min 500 manat olan bütün kreditlər də yuvarlaq olaraq 10 min dollar kimi götürülsün və vətəndaşlara güzəşt edilsin.

- Kompensasiyaların verilməsi manatla kredit götürən vətəndaşlar üçün də keçərli ola bilərmi?

- Manatla götürülən kreditlər üçün də müəyyən təkliflər hazırlamışıq. 17 min manat məbləğ üçün güzəştlərinin müəyyənləşməsini istəyirik. Məsələn, əgər kredit məbləği 17 min manatdan artıqdırsa, o zaman 10 min manatına güzəşt tətbiq olunmasını irəli sürmüşük. Yəni dollarla olan kreditlərə güzəştlərin manatla götürülən kreditlər üçün də olmasını təklif etmişik. Mexanizm ayın 15-i hazır olmalıdır. 

Məsələ ilə bağlı Maliyyə Palatası tərəfindən ictimaiyyətə məlumat veriləcək. Bundan sonra isə 1 ay ərzində Maliyyə Bazarlarına Nəzarət Palatası kompensasiya alacaq olan vətəndaşlarımızın siyahısını və kompensasiya məbləğlərinin hər birini fərdi şəxs üzrə hazırlayıb Maliyyə Nazirliyinə təqdim edəcək. Maliyyə Nazirliyi isə 1 ay ərzində bunu təsdiq edəcək. Bundan sonra isə banklar tərəfindən kompensasiyanın ödənilməsi həyata keçiriləcək. Banklar kompensasiya ödəyən zaman hər bir vətəndaşın adına hesab açılacaq və həmin vəsait hesaba köçürüləcək. Banklar vətəndaşlarla əlaqə saxlayıb kompensasiyanın məbləği ilə bağlı məlumat verəcəklər. Güman edilir ki, növbəti ayın ortalarından etibarən vətəndaşlarımız kompensasiyanı almaq imkanına malik olacaqlar.

- Elə şəxslər var ki, avtomobil almaq və ya səyahətə çıxmaq üçün kredit götürüblər. Belə vətəndaşlar üçün də güzəştlər nəzərdə tutulur?

- Ola bilər ki, vətəndaş kredit götürüb səyahətə gedib, avtomobil alıb və ya səhiyyə xidmətindən istifadə edib. 10 min dollara qədər məbləğin hansı məqsədlə götürülməsindən asılı olmayaraq vətəndaşlara kompensasiya veriləcək.

- Qeyd etdiz ki, kompensasiya limiti 10 min dollara qədərdir. Bəs, bu limitin artırılması mümkündürmü?

- Bu məsələ ilə bağlı təkliflərimizi vermişik. Əgər götürülən məbləğ 17 mindirsə, onun 10 mininə kompensasiya verilməsi ilə bağlı təkliflərimiz var.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-04-21
2019-04-20