2019-03-15 12:57:26   |   91 dəfə oxunub

Sosial şəbəkələrə "botnet" hücumları olub

Ona görə “Facebook”, “İnstagram” və “WhatsApp”serverlərində problemlər yaranıb



Dünəndən etibarən feysbuk, instaqram və vatsap şəbəkələrinin fəaliyyətində problemlər yaranıb. Dünyanın bir çox ölkəsindən olan sosial şəbəkə istifadəçiləri sözügedən problemlə rastlaşdıqları barədə məlumatlar paylaşıb.
"Facebook”un fəaliyyətindəki problemlər əsasən şəxsi profillərə daxil olmaqla bağlı yaranıb və Bakı vaxtı ilə saat 19:56-da meydana gəlib. Təxminən 35 faiz istifadəçi şəbəkəyə daxil olmaqda, 33 faiz istifadəçi isə şəxsi səhifələrini yeniləməkdə çətinliklərlə üzləşib.

"İnstagram”da yaranmış problemlər isə Bakı vaxtı ilə təxminən saat 19:00-a təsadüf edib. Sözügedən problemləri araşdıran "Downdetector" portalının məlumatına görə, 48 faiz istifadəçinin şikayəti xəbər lentini yeniləməklə, 32 faiz istifadəçinin şikayəti isə şəxsi səhifələrinə daxil olmaqla bağlıdır.
Analoji problem əsasən ABŞ, Rusiya, Braziliya, Böyük Britaniya, Avstriya və Hollandiyada qeydə alınıb. Ölkəmizdə də bu sosial şəbəkələrin fəaliyyətində problemlər yaşanıb.

"Facebook” və "İnstagram”dan sonra "WhatsApp”ın işində də problem yaranıb.

Sosial tətbiq istifadəçiləri yazışmalar zamanı foto və səs yazılarının göndərilməsində çətinliklərlə üzləşiblər.

Baş verənlərlə bağlı "Şərq”ə danışan İKT üzrə tanınmış ekspert Cahid İsmayıloğlu qlobal səviyyəli problemə səbəb kimi "Facebook”, "İnstagram” və "WhatsApp” serverlərinə "botnet" hücumlarının olduğunu deyib. Onun sözlərinə görə, hazırda hücumların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülməkdədir.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25