2019-03-15 13:02:22   |   174 dəfə oxunub

Ani diqqətsizlik faciəyə səbəb ola bilər

Uşaqları tonqal ətrafında nəzarətsiz qoymaq olmaz

"İnsanlar tonqal ətrafına toplaşarkən geyimlərinə də diqqət etməlidirlər. Çünki bədənə yapışmayan hissələri çox olan ipləri, ətəyi uzun geyimlər odun üzərində tullanarkən geyimin alışmasına səbəb ola bilər"


Paytaxt Bakıda çərşənbə üçün qalanan tonqallarda 9 nəfər xəsarət alıb. Xətai rayonu ərazisində şam ağacının altında qurulan tonqal az qala faciəyə səbəb olacaqdı. Tonqal səbəbi ilə alışan böyük şam ağacı ətrafa təhlükə saçıb. Sumqayıtda isə bir nəfər tonqal üçün taxta toplayarkən hündürlükdən yıxılaraq dünyasını dəyişib. Bu hadisələr isə tonqal qalayarkən təhlükəsizliyə riayət edilməməsi məsələsini gündəmə gətirib.

Maraqlıdır, çərşənbələrdə və ya Novruz bayramında tonqal qalayarkən hansı təhlükəsizlik məsələlərinə əməl etməliyik?

Suallarımızı cavablandıran təhlükəsizlik eksperti Elmar Nurəliyev "Sherg.az”a bildirib ki, öncə tonqal ətrafında uşaqları nəzarətsiz qoymamaq lazımdır: "Eyni zamanda insanlar tonqal ətrafına toplaşarkən geyimlərinə də diqqət etməlidirlər. Çünki bədənə yapışmayan hissələri çox olan ipləri, ətəyi uzun geyimlər odun üzərində tullanarkən geyimin alışmasına səbəb ola bilər. İnsanlar tonqalın üzərindən tullanarkən biri-birini gözləməlidir. 

Tonqal ətrafında insanların çox yığılmasını və azyaşlı uşaqların olmasını nəzərə alaraq partlayıcı pirotexniki vasitələrdən, fişənglərdən istifadə etmək olmaz. Unutmaq olmaz ki, ani bir ehtiyatsızlıq bədbəxt hadisələrə səbəb ola bilər. Ən sonda tonqalı tam sönməmiş onu nəzarətsiz qoymaq olmaz. Odun sönməsinə əmin olmaq lazımdır. Əks halda yanğın təhlükəsi yaradar. Tonqal yandırılarkən havanın küləkli olub-olmamasını nəzərə almaqla düzgün yer seçmək lazımdır. 

Yəni tonqal yaşayış evləri, maşınlar, elektrik xətləri, tezalışan maddələrdən uzaq bir yerdə yandırılmalıdır. Tonqalı hazırlayarkən yerin üzərində qoruyucunun olmasına, alovun hündürlüyünün 1.5 metri keçməməsinə və tonqalda yanacaq materiallara diqqət etmək xəsarətsiz bayram qeyd etmək üçün vacibdir. Üzərində boya, əhəng, lak, polietilen məhsulların, salafan torbaların, rezin şinlərin yandırılması zamanı ayrılan tüstü toksiti xarakteri daşıyır və o, zəhərlənməyə səbəb ola bilər”.

E.Nurəliyev onu da söyləyir ki, tonqal ətrafında şənlik zamanı əsas xoşagəlməz hadisələr, odda yanma və yıxılmadan xəsarət alma olur:

"Onun üçün insanlar tonqaldan tullanarkən biri-birini gözləməli, odun üstündən sıra ilə tullanmalıdırlar. Alovdan xəsarət alanın bədəninin yanan hissəsinin üzərindəki paltar çıxarılmalıdır. Əgər paltar dəriyə yapışıbsa, onu dartmadan yan hissələrindən kəsib, diri ilə təmasda qalan hissə olduğu kimi saxlamaq şərti ilə xəsarət alanı həkimə çatdırmaq lazımdır”.

Kənan Eynuroğlu





SON XƏBƏRLƏR

2019-03-25