2019-03-15 13:31:31   |   181 dəfə oxunub

Deputat parlamentdə insanları ciddi narahat edən problemlərə TOXUNDU



"Bizə təqdim olunan hesabat səlis, aydın və obyektiv şəkildə hazırlanıb. Biz millət vəkillərinə real iqtisadi və maliyyə vəziyyətini doğru-dürüst göstərdiyi üçün hesabat müəlliflərinə öz təşəkkürümü bildirirəm. Xüsusən də hörmətli Novruz müəllimə hesabatı yüksək səviyyədə təqdim edərək, bütün məqamlara aydınlıq gətirdiyi üçün minnətdarlığımı bildirirəm və ona məsuliyyətli işində yeni uğurlar diləyirəm”.

"Sherg.az” xəbər verir ki, bunu Milli Məclisin bu gün baş tutan plenar iclasında millət vəkili, xalqı yazıçısı Elmira Axundova bildirib. Onun sözlərinə görə, hesabata nəzər saldıqda görünür ki, ötən illə müqayisədə istehsal edilən Ümumi Daxili Məhsul (ÜDM) 1,4 faiz artaraq 70 milyard manatdan 79,7 milyard manata qədər çatıb:

 "Burada əsas artım qeyri-neft sənayesi olan kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat, turizm və digər bu kimi sahələrdə müşahidə olunur. Qeyri-neft sektorundan əldə olunan ÜDM-un miqdarı 1,8 faiz artaraq 468 milyard manatı keçmişdir. Bu da son illərdə neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq ölkə iqtisadiyyatının neft sektorundan asılılığının azaldılması və ölkəmizin ixrac imkanlarını genişləndirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən verilən tapşırığın uğurla icra edildiyini göstərir”.

Bundan başqa E. Axundova Prezident İlham Əliyevin atdığı inqilabi addımlara da fikir bildirib:

"Əvvəla bu sərəncamlar bizi çox sevindirir və ruhlandırır. Çünki bunların hamısı insanlarımzın rifahının yüksəldilməsinə yönəlib. Sevindirici haldır ki, cənab prezident tədbirlərin birində bizim də adlarımızı çəkərək dedi ki, hörmətli millət vəkilləri də vaxtaşırı bu və ya digər məsələləri qaldırıblar və mən də onlara həssaslıqla yanaşıram.

Ona görə, məndə bütün bu müsbət irəliləyişlərə rəğmən, hökumət nümayəndələrinin burada iştirak etməsindən istifadə edərək bir sıra təkliflərlə çıxış etmək istərdim. Ələlxüsus ona görə ki, seçicilərimin bəzi nazirliklərə dair tövsiyələri var. 

Məsələn, cənab Prezident bu yaxınlarda çoxmərtəbəli mənzillərin xalq arasında "kupça” adlanan sənədin verilməsinin sadələşdirilməsi haqqında sərəncam imzalayıb. Və mən yenə də Bakı və Bakı ətrafında, eləcə də digər regionlarda olan yeni və köhnə qəsəbələr haqqında fikir bildirmək istərdim. 

O yaşayış məntəqələrində ki, insanlar çoxdandır ev tikiblər, 20-30 ildir yaşayırlar, kommunal xərclər ödəyirlər, lakin əllərində heç bir sənəd olmadığından onlar dövlətə nə əmlak vergisi ödəyirlər, nə də bu evlər alqı-satqı predmetidir. 

Və buna görə də, dövlətimizə ödəniləcək əlavə vergilər dövlət büdcəsinə yox, kimlərinsə ciblərinə axır. Halbuki bu evlər sənədləşsə, bizim dövlətimiz hesablamalara görə 300 milyondan, 500 milyona qədər əlavə gəlir büdcəyə yönəldə bilər. Nəyə görə biz bu leqal gəlirdən imtina edərək, hansısa məmurun qara kassasını doldururuq?!”

Xanım parlamentari Əmək və sosial müdafiə nazirinə müraciət edərək, onu əmək qabiliyyətli əlillərin iş məsələsində daha aktiv və daha kreativ olmağa çağırıb:

"Məsələn, onları müəyyən kurslara göndərərkən nazirlik əvvəlcədən bilməlidir ki, bu və ya digər şəxsin iş yeri harada olacaq, yəni onlar ünvanlı təyinatla işləməlidir. Və sovet dönəmindəki kimi regionlarda bir neçə xüsusi müəssisə yaradılmalıdır ki, orada əsasən əlillər işləsinlər. Bilirik ki, digər müəssisələr kovotaya baxmayaraq cərimə verməyə hazırdırlar təki əlilləri işə götürməsinlər. İnanın ki, minlərlə insan Sizə çox minnətdar olacaq ki, Siz onları cəmiyyətə inteqrasiya edə bildiniz. Birdə əlilliyin təyin olunmasında bir sıra bürokratik əngəllər aradan qalxmalıdır ki, bizim insanlarımız hansısa düzgün yazılmayan söz və ya işarə ucbatından əsassız imtinalar almasınlar və nazirliyə dəfələrlə müraciət etməsinlər. İndi rayonlarda bu məsələ ilə bağlı əhali arasında çox ciddi narazılıq vardır”.

E.Axunodova ölkənin təhsil həyatındakı problemlərə də toxunub:

"Təhsil Nazirliyindən xahiş edərdik ki, bizim orta ümumtəhsil məktəbimizdə humanitar sahəyə daha çox diqqət yetirilsin. Fizika, şahmat çox yaxşıdır, lakin lirika da lazımdır. Çünki bizim şagirdlərimiz fikirlərini doğru-dürüst ifadə edə bilmirlər, mədəniyyət, incəsənətimiz haqqında xəbərsizdirlər. Ona görə istərdim ki, məktəblərimizdə teatrlara, muzeylərə kollektiv şəkildə getmək ənənəsi bərpa olunsun. Birdə, hörmətli cənab Nazir məktəblərimizdə idman hazırlığı çox zəif səviyyədədir. Mən arzu edərdim ki, bütün məktəb şagirdləri məcburi şəkildə, heç olmasa həftədə bir dəfə hovuzlara gedərək üzgüçülüyü öyrənsinlər, özüdə dövlət hesabına. Çünki biz dəniz və böyük çaylar ətrafında yaşayan dövlətik. Və hər il yüzlərlə üzə bilməyən cavanlarımız Xəzər, Araz, Kür sularında boğulurlar. Başqa, xüsusən Avropa ölkələrinin təcrübələrini öyrənərkən görürük ki, onlar ilk növbədə şagirdlərə üzgüçülüyü öyrətməyə çalışırlar. Heç bir artıq xərc insan həyatından önəmli deyil”.

Millət vəkili selektiv abortlara da diqqət çəkib:

"Digər məsələ ondan ibarətdir ki, Azərbaycanda statistikaya görə hər 114 oğlana 100 qız düşür. Selektiv aborta görə biz dünya statistikasına görə Çindən sonra ikinci yerdəyik. Ona görə də, hörmətli cənab Nazirdən xahiş edirəm ki, bütün səhiyyə ocaqlarında xüsusi lövhələr asılsın və hamiləliyin ilk aylarında uşağın cinsinin əvvəlcədən deyilməsi qəti qadağan olunsun. Bu, problemi bütövlüklə həll etməsə də, vəziyyəti ümumilikdə dəyişdirə bilər. Ümumiyyətlə səhiyyə sistemində gedən pozitiv islahatları isə yüksək qiymətləndirirəm və Sizə xüsusi minnətdarlığımı bildirirəm.

Sonda E.Axundova rayondakı problemlərlə bağlı da narahatlığını dilə gətirib:

" İlk növbədə cənab baş nazir sizdən çox xahiş edirəm ki, Masallı rayonunda ən iri yaşayış məntəqəsi, Ərkivan qəsəbəsinin qəzalı vəziyyətdə olan məktəblərinin problemlərini bu yaxın illərdə həll edəsiniz. Bir də Təzəkənd kəndinin içməli və suvarma suyu ilə təchiz olunmasına köməklik edəsiniz. Çünki bu kənd nəinki torpağı suvarmağa, heç qab-qacağ yumağa da bir damcı su tapmır. Və çox ağır şəraitdə yaşayırlar.

Kəndlilər indi şükür Allaha torpağa qayıdırlar, yaxşı məhsul yetişdirirlər. Və bircə onu xahiş edirlər ki, yetişdirilən məhsullar əllərində qalmasın, xaraba olaraq məhv olmasın. Dövlət agentliyi bu məhsulları onlardan vaxtında alaraq, daxili ehtiyaclara yönəldsin. Kəndlərdə hal hazırda əsas problem budur”.

Ayyət Əhməd





SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25