2019-03-15 21:36:01   |   113 dəfə oxunub

Azərbaycan güc variantına məcbur qalarsa, Ermənistanı hansı aqibət gözləyir ? – Təlimdə göstərildi



Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 11-dən 15-dək müdafiə nazirinin rəhbərliyi altında genişmiqyaslı təlimlər keçirilib. Təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub. Təlimlərdə qoşunlar hücum əməliyyatının hazırlanması, şərti düşmənə bir neçə istiqamətdə zərbə vurulması, onun müdafiəsinin yarılması və qruplaşmalarının darmadağın edilməsi, eləcə də düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərə raket-artilleriya zərbələrinin endirilməsi tapşırıqları uğurla yerinə yetirilib.

Məsələyə münasibət bildirən ehtiyatda olan polkovnik Şair Ramaldanov "Sherg.az”a bildirib ki, bu təlim Ali Baş Komandan İlham Əliyevin təsdiq etdiyi plan üzrə gedir:

"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan güc variantına getməli olarsa, düşmənə nələr yaşadacağı bu təlimdə göstərildi. Təlimə 10 min əsgər və şəxsi heyət, 500-dən çox tank, zirehli maşınlar və 200-dən çox artilleriya qurğuları, minalar və digər döyüş vasitələri cəlb edilib. Təlimdə ordunun fəaliyyətinin yaxşılaşdırılması və lazımi anda düşmən mövqeyinə əsaslı zərbələr endirilməsi üçün müəyyən işlər aparılır. 

Eyni zamanda təlimdə qarşıya qoyulan bütün hədəflər yerinə yetirilib. Bu təlimdə xüsusi paliqonlarda yeni alınmış raket buraxılışları və pilotsuz uçan aparatlar uğurla sınaqdan keçirilib. Bundan əlavə, təlimdə bir çox hərbi silah-sursat, yeni texnikaların tətbiq edilməsi və gücü yoxlanılıb. Demək olar ki, hərbi heyət qarşıya qoyulan tapşırıqları tam şəkildə yerinə yetirib. Eyni zamanda yeni açılmış hosbital, tibb mərkəzlərinin də fəaliyyəti yoxlanılıb. Təlim ordunun döyüşə hazırlığının ən yüksək pilləsidir. 

Elə bu təlim zamanı praktiki döyüş atışları aparılıb və həmin atışların nəticələri yüksək olub. Bu da ordumuz üçün normal haldır. Çünki Azərbaycan ordusu professional ordu atributlarına uyğun şəkildə irəliləyir. Bu təlim düşmənə bəzi mesajlar verir. Azərbaycanın gücünü göstərir. Və açıq şəkildə onu ortaya qoyur ki, döyüş olarsa, düşmən nə ilə qarşılaşacaq. 

Bəzi xarici mətbuat orqanları bildirir ki, Azərbaycanın keçirdiyi təlimlərə xarici ekspertlər yüksək qiymət verərək, Ermənistana üz tutub bir daha fikirləşməyi tövsiyə edib. Onlar işğalçı ölkəyə deyiblər ki, Azərbaycanın güclü zərbələrinə Ermənistan duruş gətirə bilməyəcək. Ona görə də, Ermənistan bu kimi məqamları nəzərə alıb, bir daha düşünməlidir”.

Kənan Eynuroğlu 




SON XƏBƏRLƏR

2019-03-25