2019-03-16 08:04:29   |   158 dəfə oxunub

"Desələr Amerikaya da qəzet göndərin, ora da çatdıracağıq, amma..."

Problem indiki vaxtda hansısa qəzetin 5 min abunəni yığa biləcəyi ilə bağlıdır



Məlum olduğu kimi, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2019-cu ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib. 

  Müsabiqədə son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan, tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilər. Bunu nəzərə alan KİVDF son iclasında ölkədə ictimai rəyin formalaşmasına təsir edən gündəlik qəzetlərə maddi yardım ayrılmasının şərtlərində ciddi dəyişiklik edib. Sözügedən dəyişikliklər bir sıra gündəlik qəzetlərin nəşr olunmasına, hətta 4-5 qəzetin fəaliyyətini dayandırmasına səbəb olduğuna görə, ictimaiyyətdə ciddi müzakirələrə gətirib çıxarıb. Lakin qəzetlərin çap nüsxələrinin artırılması digər məqamı, qəzetlərin paytaxtda və bölgələrdə yayımı ilə məşğul olan yayım firmalarının fəaliyyətini də müzakirə mövzusuna çevirib. Bəllidir ki, məlum səbəblərdən mövcud vəziyyətdə belə bir sıra yayım firmaları qəzetlərin satışını həyata keçirməkdə müəyyən problemlər yaşayırdılar. Bəs qəzetlərin tirajının artırılması yayım firmalarının fəaliyyətinə necə təsir göstərəcək? Suallarımıza cavab almaq üçün bir neçə yayım firmasının rəhbər şəxsləri ilə əlaqə saxladıq.
 
"Qaya” mətbuat yayımı firmasının direktoru Xanhüseyn Əliyev "Şərq”ə açıqlamasında ölkədə mətbuat yayımının ümumi vəziyyətinin yaxşı olmadığını dedi. Direktor vurğuladı ki, tirajların qaldırılması alıcılıq qabiliyyəti əsasında həyata keçirilməlidir: 
"Biz qəzetlərin yayımını həyata keçirməyə hazırıq. Desələr ki, Amerikaya da qəzet göndərin, ora da çatdıracağıq. Ancaq reallıq odur ki, Azərbaycanda alıcılıq qabiliyyəti çox aşağıdır. Məlumdur ki, qanunla qəzetlər ƏDV-dən azaddır, ancaq Gömrük Komitəsi bunu çap mediasına da tətbiq edir. Bu da digər xidmətlərlə birlikdə 25 faizə qədər gəlib çıxır. Bütün iqtisadi məsələlər özünü ilk növbədə mətbuat üzərində, yayımda hiss etdirir. Çünki bizim işimiz də xırda biznesdir. Amma qəzet alanların sayı gündən-günə azalır. Hesab edirəm ki, çətinlikləri nəzərə alaraq qəzetlərə dövlət dəstəyi davam etdirilməlidir, həm də reklam bazarı inkişaf etdirilməlidir. Sahibkar çətin məqama düşəndə dövlətdən dəstək umur. Qəzetlər də sahibkarlığın bir növüdür, vergi ödəyicisidir. Lakin biz öz işimizi görürük. 2 min yox, lap 5 min tiraj da olsa, qəzetləri ünvanlarına çatdıracağıq. Bununla bağlı problem yoxdur. Problem indiki vaxtda hansısa qəzetin 5 min abunə yığa biləcəyi ilə bağlıdır. Sözün açığı, mən buna inanmıram”.

"Kaspi” Mətbuat Yayımının direktoru Süleyman Salmanov isə "Şərq” açıqlamasında bildirdi ki, onlar qəzetləri istənilən sayda qəbul edirlər və redaksiyalara heç bir problem yaratmırlar: 

"Nə lazımdırsa, edirik. Şərait yaradırıq ki, qəzetlərin sürətli yayımı həyata keçsin və vaxtında ünvanlarına çatdırılsın. Ancaq alıcılıq məsələsi bizdən asılı deyil. Əgər bu gün qəzet az satılırsa, bunu dəyişmək iqtidarında deyilik. Sadəcə, bazara uyğun olaraq işimizi tənzimləyirik. Tirajlar nə qədər çoxalsa da, biz nüsxələrin hamısını şəbəkələr arasında yayacağıq. Satılmayanı da geri qaytaracağıq”.

"Əks-səda” firmasının rəhbəri Vüqar Həsənli hər bir redaksiyanın daxili qərarına böyük hörmətlə yanaşdığını söyləyib: 

"Tirajın müəyyənləşməsi ilk növbədə qəzet köşklərində çalışan əməkdaşın sifarişi və redaksiyanın bu sifarişə münasibəti əsasında formalaşır. Digər tərəfdən redaksiya özünün arzu etdiyi tirajı yayıma buraxırr. Yəni istənilən halda köşklərə göndərilən mətbu nəşrlərin sayını müəyyənləşdirmək birmənalı şəkildə redaksiyaların öz öhdəsinə buraxılır. Redaksiya istədiyi sayda qəzeti köşkdə nümayiş etdirə, satışa çıxara bilər. Lakin redaksiyalar qəzeti istehsal edib yayım firmasına verməklə öz işlərini bitmiş saymamalıdır. Vaxtaşırı monitorinqlər aparmalı, alıcılıq qabiliyyəti ilə tanış olmalı, digər məsələləri bizimlə bir yerdə həll etməlidirlər”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25