2019-03-16 17:22:54   |   353 dəfə oxunub

Doğru yön, istiqamət müəyyənləşib

Maraqlı bir proqram varsa, tamaşaçı onu tapıb izləyəcək

Gərək kadrlar yüksək zövqlü, intellektli olsun ki, zövqlü və intellektual proqramlar da ərsəyə gəlsin



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Televiziya və Radio Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla tanınmış telejurnalistlər Telli Pənahqızı və Bəxtiyar Qaraca 6 il müddətinə Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının üzvləri təyin ediliblər.


Məlumdur ki, həm Telli Pənahqızı, həm də Bəxtiyar Qaraca uzun müddət Azərbaycan Dövlət Televiziyasında çalışıblar. Peşəkar televiziya jurnalistlərinin MTRŞ-yə üzv təyin edilməsiylə televiziya məkanında ciddi yeniliklərin olacağı şübhəsizdir. Nəzərə alsaq ki, hazırda teleməkanda qarışıqlıq mövcuddur, hətta zövqsüzlük yaşanır, Azərbaycan tamaşaçısı əlindəki televiziya pultu ilə baxışlarını daha çox Türkiyə, Rusiya telekanallarına yönəldir, təcrübəli iki televiziyonçunun efirdə hansı dəyişikliklərə nail olacağı böyük maraq doğurur.

Telli Pənahqızı: «Tamaşaçıların əksəriyyəti bəzi telekanallardan narazıdır»

Əməkdar telejurnalist, şairə, yazar Telli Pənahqızı televiziyalarımızın bugünkü durumundan danışıb, ölkə başçısının sərəncamı ilə bağlı fikirlərini bildirib. T.Pənahqızı Modern.az-a açıqlamasında yeni təyinat haqqında belə deyib:

- Əlbəttə, ölkə başçısının bu etimadına layiq görülmək mənim üçün çox böyük bir məsuliyyətdir. İllər boyu Azərbaycan mətbuatında, xüsusilə də, televiziyada çalışmağımdan bu səhənin necə müstəsna əhəmiyyətə malik olduğunu yaxşı bilirəm. Mən telejurnalist kimi Vətənimin ən ağır illərində, ən çətin günlərində əsgərlərimizə qoşulub səngərdə dayanmasam da, bir çox həmkarlarımla bərabər, necə deyərlər, qələmimi süngüyə, mikrofonumu silaha çevirmişəm, 1990-cı ilin 20 Yanvar faciəsinin ağrılarını yaşamışam, Xocalının, Qaradağlının göynərtisi bu gün də ürəyimi sızladır. Ancaq hər yerdə, hər zaman vicdanıma tapınmışam, xalqımın taleyini düşünmüşəm. Gercəkliyinə əmin olduğum, hər bir vətəndaşımızın mənəviyyatına, yaşam tərzinə, gələcəyinə xeyri dəyəcək olaylardan yazmağa, onlardan danışmağa çalışmışam.

Mənimçün jurnalist adının, jurnalist sözünün məsuliyyəti, jurnalist inamı, gerçəkliyi, onun sərhədləri şəxsi vicdanımdan, el arasına rahat çıxmağımdan, 7-dən 77-yə hər kəsin gözünün içinə şax baxa bilmək haqqımdan başlayıb.

Cənab Prezidentin bu təyinatına layiq olmaqla elə bilirəm ki, sayı gündən-günə artıb çoxalan teleradio məkanında tamaşaçılara təqdim edilən verilişlərin, həm də iki peşəkar jurnalist, mən və həmkarım Bəxtiyar Qaraca üçün çox məsuliyyətlidir, çünki biz teleradionun "mətbəxinə” bələdik. Milli Televiziya və Radio Şurasındakı təcrübəli insanlarla bərabər bundan sonra biz də ekran və efirə daha maraqlı, daha dolğun və səriştəli, milli-mənəvi dəyərlərimizi dünyaya tanıdacaq, son illərin həm siyasi, həm iqtisadi, həm də mədəni uğurlarının daha sanballı və yüksək peşəkarlıqla təqdimatı üçün gənc dostlarımıza yardımçı ola biləcəyik. Bilirsiniz ki, bu gün tamaşaçıların əksəriyyəti bəzi telekanalların fəaliyyətindən, orada çalışanların səriştəsizliyindən gileylənir, insanların, xüsusilə də gənc nəslin mənəviyyatına mənfi təsir edən proqramlardan narazılıq edir. Ancaq unutmaq lazım deyil ki, özəl kanalların demək olar ki, hamısı reytinq xatirinə müxtəlif yollara əl atırlar və bu da təbii ki, sonda yenə tamaşaçı və dinləyici auditoriyasına təsir edir. Bütün bu məsələlərlə bağlı MTRŞ-nin atdığı mühüm addımlar var, bu qurum qanunun icazə verdiyi imkanlar çərçivəsində bəzi problemləri həll etməyə çalışır. Təbii ki, belə bir qurumda televiziya və radioda illərin təcrübəsini qazanmış bir peşəkar kimi təmsil olunmaq çox məsul və həm də şərəfli işdir. Mən fürsətdən istifadə edərək, bir daha Prezidentimə bu etibar və inam üçün təşəkkür edir, minnətdarlığımı bildirirəm.

E.Pənahqızı jurnalist həmkarlarına həyata açıq gözlə baxmağı, ağı-qaradan, yaxşını-yamandan, düzü-əyridən seçmək bacarığına sahiblənməyi, gözəl ölkəmizi sevməyi arzulayıb: "Bu Vətən mənə neyləyib?”- deməyin, "Mən Vətən üçün neyləmişəm?”deyin.

MTRŞ sədri də televiziyalardan narazıdır

Xatırladaq ki, Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli bir müddət əvvəl Azərbaycan telekanallarında, xüsusən özəl telekanallarda istehsal olunan teleserialların MTRŞ-ni çox narahat etdiyini demişdi:

- Şuranın diqqətində olan məsələlərdən biri də teleserialların aşağı səviyyədə olmasıdır. Doğrudur, dövlət büdcəsindən maliyyələşən kanallarda belə hallar yoxdur. O ki qaldı özəl kanallardakı vəziyyətə, təbii ki, onlar kommersiya maraqlarına kökləniblər. Onların Azərbaycan cəmiyyətinə yad olan mövzuları daha çox göstərməsi bizi narahat edir. Xüsusən də Azərbaycanda ailə-məişət məsələlərinə həsr olunmuş komediya janrında bayağı seriallar bizi çox narahat edir. Həmin seriallarda göstərilənlər Azərbaycan ailəsinə aid deyil. Bu, senari müəlliflərinin eybəcər şəkildə təsvir etdiyi ailələrdir”.
MTRŞ sədrinin sözlərinə görə, çox təəssüf ki, Azərbaycan telekanallarında ailə məsələsi Azərbaycan ailələrinə xas olmayan formada təsvir olunur:

- Ər-arvad, valideyn-övlad, qayınata-qayınana, qayınata-kürəkən münasibətləri çox ifrat dərəcədə, bayağı şəkildə, yalnız birtərəfli formada, şit gülüş doğurmaq məqsədilə göstərilir. Bu, narahatedici məqamdır. Ona görə də biz hesab edirik ki, bu məsələdə müəyyən məsləhətləşmələr aparmaq lazımdır. Mart ayında ictimaiyyət nümayəndələri, telekanalların rəhbərləri, verilişlər hazırlayan, seriallar istehsal edən şirkətlərin rəhbərləri ilə birgə bu məsələləri müzakirə etmək istəyirik.

N.Məhərrəmli vurğulayıb ki, Azərbaycanda istehsal olunan bütün məhsullar Azərbaycanın adına yazılır:

- Dünyanın hər yerində bir məhsul istehsal olunan zaman o ölkənin adına yazılır. Azərbaycan telekanallarında, xüsusən özəl telekanallarda qeyd etdiyimiz səviyyədə istehsal olunan həmin teleseriallar bu baxımdan bizi çox narahat edir. Bu seriallar daha çox ailə dəyərlərinin təbliğinə, Azərbaycanın illərlə, əsrlərlə yaşayan gözəl adət-ənənələrinə, ailə müqəddəsliyinin təbliğinə həsr olunmalıdır. Amma çox təəssüf ki, biz əks tendensiyanı görürük. Ona görə də hesab edirik ki, Azərbaycanın adət-ənənələri düzgün formada daha çox təbliğ olunmalıdır.

Bəxtiyar Qaraca: «Çalışacağıq iş görək, hünərimizi göstərək»

MTRŞ-nin yeni tərkibi ilə görünən neqativ halları aradan qaldırmaq mümkün olacaqmı?
Təcrübəli telejurnalist, yazıçı-publisist Bəxtiyar Qaraca yeni təyinatla üzərinə böyük məsuliyyət qoyulduğunu dedi. «Şərq»ə açıqlamasında Bəxtiyar Qaraca dövlət başçısına məlum sərəncama görə təşəkkür etdiyini bildirdi:

- İlk növbədə dövlət başçısına fəaliyyətimə verdiyi yüksək qiymətə görə təşəkkür edirəm. Həmçinin Prezident Aparatının ictimai-siyasi məsələlər şöbəsinə, şəxsən Əli Həsənova təşəkkür edirəm. Bunu da bilirəm ki, uzun illər televiziya məkanında fəaliyyətim nəzərə alınmaqla Milli Televiziya və Radio Şurasına üzvlüyə təsdiqlənmişəm. Bu da məsuliyyəti ikiqat artırır. Yəqin ki, teleməkanda müsbət dəyişikliklərin baş verməsinə bir qatqı olacaq. Əlbəttə ki, işimizi, jurnalist olaraq «Teleradio yayımı haqqında» qanun çərçivəsində nə mümkündürsə edəcəyik. Nəticəsi işdə görünər. Şura üzvü olmaqla həm də tamaşaçıyam. Kənar seyrçi kimi baxdıqda televiziyada hansısa problemlər görünə bilər, amma daxildən baxdıqda, görürəm ki, obyektiv və subyektiv səbəblər var.

B.Qaraca uzun illər Azərbaycan Dövlət Televiziyasında çalışdığını xatırlatdı:

- Mənim taleyim uzun illər Az.TV ilə bağlı olub. Redaktor işləmişəm, müəyyən səbəblərdən getmişəm, mətbuatda çalışmışam, sonra yenə televiziyaya qayıtmışam. Mədəniyyət kanalında işləmişəm… Bütün bunlar hansısa proseslərin nəticəsi olaraq baş verib. Amma düşünürəm ki, bunun müsbət təsiri oldu. Bu, mənim televiziyaya üçüncü gəlişimdir. Ümumiyyətlə, son vaxtlar ölkəmizdə başladılan islahatlar, ən yüksək səviyyədə dəyişikliklər fonunda televiziya məkanına da təsir etməyə bilməzdi. Belə də oldu. Hazırda rəhbərlikdə təmsil olunanlar zövqlü insanlardır. Bu da teleməkan üçün ümdə şərtlərdən biridir. Gərək kadrlar yüksək zövqlü, intellektli olsun ki, zövqlü və intellektual proqramlar da ərsəyə gəlsin. Hazırkı rəhbərliklə işləmək çox xoşdur. Özü yaradıcı insan olduğu üçün onunla işləmək asandır. Təbii ki, 1 ay ərzində köklü dəyişikliklərə nail olmaq, əsaslı tərpəniş etmək çətindir. Bunlar zaman-zaman olacaq. Əsas odur ki, doğru yön, istiqamət müəyyənləşib. Müəllif Proqramları Departamenti yaradılıb. Əməkdaşlar öz vəzifələrində çalışa-çalışa layihələr də təqdim edə bilirlər. Yəni kənar müəlliflər də layihə təqdim edir, içəridən də təqdimatlar olur. Televiziya bu saat «qaynayır». İş gedir. Nəticəsi görünəcək.

B.Qaraca daha geniş auditoriyanı əhatə etdiyinə görə televiziyanın həyatın bütün sahələrini işıqlandırmalı olduğunu dedi:

- Bilirsiz, harda maraqlı bir proqram varsa, tamaşaçı onu tapıb baxacaq, izləyəcək. Tamaşaçı harada özünü görürsə, ora baxır. Az.TV əhalinin bütün təbəqələrini, geniş ictimaiyyəti əhatə edən ən birinci telekanaldır. Bölgələr, əyalətlərlə bağlı xüsusi, gündəlik proqramlar var. Çalışırıq ki, əyalətlərimiz diqqətdən kənarda qalmasın. Maraqlı insanların həyatı işıqlandırılır. Siyasi, ictimai, musiqili proqramlar da öz yerində. Yaxşı, səviyyəli proqram tamaşaçını efir qarşısında saxlayır, tamaşaçı ondan ayrılmır. Amma proqram cəlbedici deyilsə, tamaşaçının tələbatını ödəmirsə, əlbəttə, onun izləyicisi də olmayacaq. Türk şairi deyirdi ki, ayinəsi işdir kişinin, lafə baxılmaz, şəxsin görünər rütbeyi-əqli əsərindən. İndi biz də çalışacağıq, iş görək, hünərimizi göstərək.

Məlahət Rzayeva





SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25