2019-03-17 03:36:06   |   196 dəfə oxunub

Hikmət Babaoğlu: Qlobal Bakı Forumu olduqca mühüm dialoq platformasıdır


Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumu artıq ənənə halını alıb. Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqanın ifadəsi ilə desək dünya liderlərinin bir növ illik görüş yeri platformasına çevrilib. Forumda 55 ölkədən 500-dən çox nümayəndə iştirak etdi ki, bu faktın özü-özlüyündə bir qiymətləndirmə göstəricisidir. Nəzərə almaq lazımdır ki, onların içərisində 5 hazırkı prezident, 1 hazırkı baş nazir, 2 baş nazirin müavini və 42 sabiq dövlət və hökumət başçısı, görkəmli siyasətçilər, vətəndaş cəmiyyətinin təmsilçiləri, jurnalistlər, alimlər, gənc liderlər var. Bunlar beynəlxalq və milli səviyyəli aktorlar olmaqla hazırda və keçmişdə dünya siyasətinin formalaşmasında söz sahibi olan insanlardır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib. O qeyd edib ki, bütün bunlar əslində Forumun beynəlxalq nüfuzunun göstəricisi olmaqla, həm də Azərbaycana olan münasibətin əyani göstəricisidir.

Qlobal Bakı Forumunun builki gündəliyinin olduqca aktual bir mövzuya "Dünyanın yeni xarici siyasəti” mövzusuna həsr olunduğunu deyən deputat əlavə edib ki, bununla yanaşı, plenar iclasdan sonra 10 paneldə bu mövzudan doğan daha bir neçə aktual məsələ müzakirəyə təqdim olunub ki, bunlar da Ortaq Şərqdə təhlükəsizlik məsələlərindən başlamış multikulturalizmə qədər, dayanıqlı inkişaf problemindən başlamış gənc nəslin xarici siyasət perspektivlərinə qədər olduqca geniş beynəlxalq spektri əhatə edir.

Onun sözlərinə görə, Qlobal Bakı Forumu bir növ beyin fırtınası metodu ilə siyasi intellektual müstəvidə dünyanın ən yeni çağırışlarının azad şəkildə müzakirə edildiyi bir platforma rolunu oynayır. Dəyişən qlobal şərtlər içərisində Azərbaycanın xarici siyasət kursunu şərh edən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasəti dünyada baş verən proseslərlə üzvü şəkildə bağlı olan ancaq bununla belə həm də müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kimi xarakterizə edərək bildirib: "Biz Azərbaycanın yeni xarici siyasəti barədə danışa bilmərik. Lakin sözsüz ki, regionda, dünyada vəziyyət dəyişir və biz xarici siyasət təşəbbüslərimizi dəyişən dünyaya uyğunlaşdırırıq. Lakin bizim xarici siyasətimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqildir. O, bizim milli maraqlarımıza əsaslanır. Tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir”.

H.Babaoğlu əlavə edib ki, bu fikirlər Azərbaycanın sülhpərvər siyasətinin bütün dünyaya bir daha bəyan edilməsi idi. Ancaq bu kontekstə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllinə toxunan Prezident İlham Əliyev Azərbaycanın qətiyyətli və əzmkar mövqeyini dilə gətirərək Ermənistanın işğalçılıq siyasətini Forum iştirakçılarının diqqətinə təqdim edərək bildirib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalı davam edir. Bu işğal nəticəsində Azərbaycanın tarixi hissəsi olan Dağlıq Qarabağ və ölkəmizin digər 7 rayonu işğal altındadır, bir milyondan çox qaçqın və məcburi köçkün işğaldan əziyyət çəkir. Xalqımız etnik təmizləməyə məruz qalıb. İşğal olunmuş ərazilərdəki bütün tarixi abidələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və bu, işğal olunmuş ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərmiş ATƏT-in hesabatında öz əksini tapıb. Status-kvo qəbuledilməzdir. Danışıqları təşkil etmək üçün mandata sahib olan ATƏT-in Minsk qrupu ölkələrinin prezidentləri dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir və biz bunu tam dəstəkləyirik. Status-kvo dəyişməlidir və bunu etmək üçün Ermənistan öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmağa başlamalı, qaçqın və məcburi köçkünlərə öz evlərinə qayıtmağa imkan yaratmalıdır. Bu fikirlər dünyada sülh və dialoq istəyən beynəlxalq mərkəzlərə bir çağırış idi. Əgər doğurdan da dünya sülh, sabitlik şəraitində yaşamaq istəyirsə, o zaman ikili standartlar siyasətinə son qoyulmalı, beynəlxalq hüququn tələbləri yerinə yetirilməlidir. H.Babaoğlu vurğulayıb ki, məhz bu istiqamətdə Azərbaycan tərəfindən həyata keçirilən çoxsaylı qlobal iqtisadi və təhlükəsizlik layihələri, enerji və kommunikasiya layihələri regionda sabitliyi və əməkdaşlığı təmin etməyə hesablanıb. Bu da həm Avropanın enerji təhlükəsizliyi, həm də bütövlükdə subregionun ümumi təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir.

Onun sözlərinə görə, çoxsaylı faydalı tərəfləri olan Qlobal Bakı Forumu istər ölkəmizin, istərsə də sülh və sabitlik istəyən dövlətlərin milli maraqları baxımından mühüm bir dialoq platforması kimi olmaqla bundan sonra da cəlbedici dialoq platforması kimi aktual olaraq qalacaq.




SON XƏBƏRLƏR

2019-04-21
2019-04-20