2019-03-18 16:21:58   |   605 dəfə oxunub

“...Bu, ABŞ-ın Azərbaycana “vur” mesajı verməsi deməkdir”



"Əgər Ermənistan dövləti bu gün hələ də süquta uğramayıbsa bunu erməni lobbisinə borcludur”.

Bunu "Sherg.az”a açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev deyib.

Ekspert bildirib ki, erməni lobbisinin fəaliyyətinə nəzər salsaq, onu dünyanın ən güclü lobbiləri sırasında qiymətləndirmək olar. Bu lobbinin fəaliyyəti eyni zamanda Qarabağ münaqişəsinin də həllinə mane olur:

"Dünyanın hegemon dövlətlərində bir sıra rəsmilərə erməni lobbisinin təzyiqinin nəticəsidir ki, bu gün həmsədr ölkələr Qarabağla bağlı kəskin mövqe nümayiş etdirə bilmirlər.
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevin "Vaşinqton Tayms” kimi nüfuzlu bir qəzetə müsahibə verməsini və aparıcının erməni qəsbkarlarının əsil fəaliyyətini ifşa etməsini icmanın uğuru kimi qiymətləndirmək olar. Ümumiyyətlə, Tural Gəncəliyevin bu vəzifəyə təyinatı münaqişənin həllinə əsaslı təsir edəcək deyə düşünürəm”.

Analitik bəyan edib ki, bu hadisəni ABŞ-ın Azərbaycana münaqişə ilə bağlı bir mesajı kimi də qiymətləndirmək olar:

"Bundan əlavə ABŞ-ın Dövlət Departamentinin insan haqlarının 2018-ci ildəki vəziyyətinə dair yaydığı hesabatda Ermənistanı işğalçı adlandıran bənd yer alıb. Həmin bənddə deyilir: "Separatçılar Ermənistanın dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əksər hissəsini və ona bitişik 7 rayonu nəzarətdə saxlamaqda davam edirlər”.

Bu, əgər diplomatik danışıqlar öz bəhrəsini verməzsə, ABŞ-ın Azərbaycana "vur” mesajı verməsi deməkdir. Yəni, erməni lobbisinin siyasi arenadakı bəzi qüvvələrə təsiri nə qədər böyük olsa da, Azərbaycanın yürütdüyü siyasət qarşısında acizdir. İstər sülh yolu ilə, istərsə də müharibə yolu ilə Azərbaycan öz torpaqlarını erməni işğalından mütləq azad edəcək”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-04-21
2019-04-20