2019-03-18 19:23:01   |   123 dəfə oxunub

Övladlığa veriləcək uşaq ailədə 18 yaşına kimi nəzarət olunacaq

Digər tərəfdən indiyə kimi korrupsiya ilə bağlı şübhələr tam aradan qaldırılacaq



Övladlığa götürmə ilə bağlı mürəkkəb sistemdən şikayətlənənlər çox olub. Hətta sosial şəbəkədə də bu problem müzakirə edilib. Şəbnəm Qarslı adlı sosial şəbəkə istifadəçisi dünən belə bir paylaşım etmişdi:
























- Övladları olmayan bir ailə var, uşaq götürmək üçün rəsmi orqanlara müraciət etdilər. Prosedur o qədər qəliz və uzundur ki, bu gün fikirlərindən daşındıqlarını bildirdilər. Halbuki, gözəl ailədir, onlara şərait yaratsaydılar bir uşağı himayələrinə alıb xoşbəxt böyüdə bilərdilər. Xanım zarafatla dedi ki, indi 2-3 yaşlı uşaq üçün prosedura başlayanda uşağın 20 yaşına ancaq övladlığa götürə bilirsən, o da götürən kimi evləndirəcəksən, yenə səninlə olmayacaq. Dövlət özü marağında olmalıdır qəyyumluğun, sonsuzluq bu qədər geniş yayılmışkən qanunlar sadələşdirilməlidir.
Amma övladlığa götürmə ilə bağlı qaydalar artıq sadələşdirilir. Bu məqsədlə qaydalarda yenilik tətbiq ediləcək. Məlumata görə, Prezident İlham Əliyevin 10 dekabr 2018-ci il tarixli 393 nömrəli Fərmanına əsasən, övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki işçi qrupu tərəfindən müvafiq işlər davam etdirilir.
Nazirlikdən ONA-ya bildirilib ki, görülən işlər çərçivəsində "Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi Qaydaları”nın layihəsi hazırlanır.
Layihədə valideyn himayəsindən məhrum olmuş uşaqların ailə tərbiyəsinə - övladlığa, qəyyumluğa, himayəyə və ya himayədar və ya qrup ailəyə verilməsi, bu imkanlar olmadıqda isə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş təhsil, tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdə yerləşdirilməsi məqsədi ilə vahid elektron uçotun aparılması qaydaları əksini tapır.
Müvafiq kateqoriyaya aid uşaqların övladlığa götürülməsi, övladlığa götürülmüş uşaqların saxlanması, tərbiyəsi və təhsili şəraitinə vahid nəzarət həyata keçiriləcək. Ona görə də layihədə bu sahədə nəzarət həyata keçirilməsi, eyni zamanda, uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun aparılması, valideynləri tərəfindən tərk edilmiş, lakin övladlığa götürülməsinə yol verilməyən uşaqların himayədar və ya qrup ailələrdə yerləşdirilməsi ilə bağlı qaydalara da geniş yer verilir.
Layihənin hazırlanmasında övladlığa götürülmüş uşaqların iradə və mənafelərinin üstün tutulması, onların yeni ailələrdə layiqli yaşayış tərzinə malik olmaları, bu istiqamətdə nəzarətin gücləndirilməsi, həmçinin övladlığagötürmə prosesində şəffaflığın və sadə prosedurun təmin edilməsi əsas prinsiplər kimi diqqətdə saxlanılır.
Övladlığagötürmə ilə bağlı yeni qaydalar nəyi dəyişə bilər? Vahid elektron uçot, vahid nəzarət sisteminin tətbiqi övladlığa uşaq götürmək istəyən vətəndaşların işini yüngülləşdirəcəkmi?

«Təmiz Dünya» Qadınlara Hüquqi Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova «Şərq»ə açıqlamasında yeni qaydaların insanların bu sahədə indiyə kimi mövcud olan narahatçılığını aradan qaldıracağını bildirdi:


- Vahid pəncərə sisteminə uyğun olaraq bir ixtisaslaşmış qurum bu məsələyə cavabdeh olacaq. Övladlığa götürən tərəf üçün həmin sistemdə elektron kabinet olacaq ki, bu, məxfiliyi qorumaqla yanaşı, müraciət edən şəxsin əlavə sənəd toplamasını da azaldacaq. Amma yenə də mühüm sənədlər var ki, o sənədlər tələb olunacaq. Bu qaydaların bir müsbət cəhəti də nəzarət mexanizminin olmasıdır. Bununla uşağın veriləcəyi ailədə 18 yaşına kimi nəzarət olacaq.
Digər tərəfdən indiyə kimi korrupsiya ilə bağlı şübhələr tam aradan qaldırılacaq. Yəni bunun üçün hansısa tərəfin vasitəçiliyi və ya növbədənkənar kimisə irəli salması mümkünsüz olacaq.
Yeganə narahatlıq əvvəldən növbədə olan şəxslərin növbəsinin ləğvi ilə bağlıdır. Bununla bağlı vətəndaşların əvvəlcədən məlumatlı olması vacibdir ki, sistem hazır olan kimi onlar həmin sistemdə qeydiyyata düşsünlər. Bu, vacibdir.

Məlahət Rzayeva





SON XƏBƏRLƏR

2019-04-21
2019-04-20