2019-03-18 23:28:49   |   165 dəfə oxunub

“Bu, Ermənistan üzərində siyasi qələbəmiz olacaq” – Aktual şərh



"Azərbaycanın Latın Amerikası ölkələri ilə əlaqələrini inkişaf etdirməsi ölkəmizin beynəlxalq təşkilatlarda bu dövlətlərin dəstəyini almasına gətirib çıxara bilər”.

Bunu "Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert bildirib ki, dünyada yeni nizam formalaşır, Latın Amerikasında Braziliya, Argentina və Çili kimi böyük dövlətlər beş ildən sonra dünya siyasətində əsas oyunçuları olacaq:

"Məhz xarici işlər naziri Elmar Məmmədyarovun Latın Amerikası ölkələrinə səfəri xüsusi əhəmiyyət kəsb edir. BMT-də və digər beynəlxalq təşkilatlarda üçüncü dünya ölkələri adlanan Afrika və Latın Amerikası ölkələri bir səsə malikdir. Azərbaycan öz ərazi bütövlüyü ilə bağlı hərhansı qətnaməni irəli sürdükdə bu ölkələrin səsi həlledici olur.

Latın Amerikası ölkələri dünyanın xammal ehtiyatlarına malikdir və bu ölkələrin inkişafı və beynəlxalq siyasətdə rolu getdikcə artacaq. 

Azərbaycanın bu kimi ölkələrlə səfirlik və diplomatik korpuslarını açması informasiya müharibəsində və diplomatik müstəvidə işğalçı Ermənistan üzərində siyasi qələbəmiz olacaq”.

Analitik bildirib ki, bu gün dünya siyasətində bizdən uzaq ölkələrlə əməkdaşlığın dərinləşdirilməsində coğrafi məkan nisbidir:

"Latın Amerikası ölkələri bizdən coğrafi cəhətdən uzaq yerləşməsinə baxmayaraq, bu regionda siyasi və iqtisadi fəaliyyətimizi artırmalıyıq. Braziliya və Argentina kimi böyük və inkişaf etmiş ölkələrlə əməkdaşlıq Azərbaycanın gələcəyə siyasi yatırımlarıdır. Bu ölkələrlə silah ticarəti və digər sahələrdə əlaqələri inkişaf etdirmək olar. Nəzərə alaq ki, Azərbaycan silah istehsalını inkişaf etdirir və yeni bazarlar əldə etməlidir. Ona görə də, bu regionla əməkdaşlıq perspektivli və yeni bazarların əldə edilməsidir. Braziliya şirkətlərini Azərbaycana cəlb etmək olar”.

Qeyd edək ki, xarici işlər naziri Elmar Məmmədyarov Latın Amerikası ölkələrinə rəsmi səfərə yola düşüb. Nazir Çili, Argentina, Uruqvay və Paraqvay respublikalarında olacaq. Səfər çərçivəsində xarici işlər nazirinin bu ölkələrdə ikitərəfli görüşlərinin keçirilməsi, eləcə də Buenos-Aires şəhərində keçiriləcək Cənub-Cənub Əməkdaşlığı üzrə BMT-nin Yüksək Səviyyəli Konfransında iştirakı nəzərdə tutulub. Siyasi şərhçilərin sözlərinə görə, Latın Amerikası ölkələri ilə Azərbaycanın əməkdaşlığı müxtəlif yönlərdən faydalı ola bilər.

İsmayıl





SON XƏBƏRLƏR

2019-04-21
2019-04-20