2019-03-20 11:05:41   |   66 dəfə oxunub

Prezident: Cənub Qaz Dəhlizi layihəsinin icrası Azərbaycanın uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək..."


Cənub Qaz Dəhlizi layihəsinin icrası Azərbaycanın uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək, siyasi və iqtisadi maraqlarımızı qoruyacaq.

"Sherg.az"ın məlumatına görə, bunu Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində deyib.

Dövlətimizin başçısı bildirib ki, ötən ilin may ayında açılışı olmuş Cənub Qaz Dəhlizi tarixi layihədir: "Bu layihənin icrası ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək, bizim siyasi və iqtisadi maraqlarımızı qoruyacaq.

May ayında digər böyük layihə istifadəyə verildi, biz Ələt Beynəlxalq Dəniz Ticarət Limanının açılışını qeyd etdik. Bu limanın və 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başlaması Azərbaycanı Avrasiya məkanında önəmli beynəlxalq nəqliyyat mərkəzinə çevirib. Biz bu gün uğurla Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəaliyyətinə təkan veririk. Azərbaycan hər iki layihədə uğurla fəaliyyət göstərir. Deyə bilərəm ki, bu layihələrdə 10-dan çox ölkə iştirak edir, ancaq yalnız bir ölkə - Azərbaycan həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizlərində fəal iştirak edir və bir çox təşəbbüslərin müəllifi olmuşdur”.

Prezident xatırladıb ki, iyun ayında digər tarixi hadisə baş verib – TANAP qaz kəmərinin açılışı mərasimi keçirilib: "Bu layihənin həyata keçirilməsi bütövlükdə Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması üçün əsas şərtdir. Biz bu tarixi hadisəni uğurla qeyd etdik və bu gün Azərbaycan qazının əlavə həcmi TANAP xətti ilə dünya bazarlarına nəql edilir.

Biz keçən il üçüncü peyki orbitə buraxdıq və bir daha göstərdik ki, texnoloji baxımdan Azərbaycan çox uğurla, sürətlə inkişaf edir. Kosmik sənayenin inkişafı bizim prioritetlərimizdən biridir”.




SON XƏBƏRLƏR

2019-04-18