2019-03-20 11:24:14   |   139 dəfə oxunub

“Ermənistanda gedən daxili proseslər, klanlar arası dava hələ davam edəcək”



"Serj Sarkisyanın Nikol Paşinyanla dost və ya düşmən olmasının bizim üçün fərqi yoxdur”.

Bunu "Sherg.az”a siyasi elmlər namizədi Zaur Məmmədov deyib.

Ekspert bildirib ki, siyasətdə heçnə istisna edilmir:

"İnqilabdan sonra yaşanan proseslər, "Qarabağ klanı”nın hərəkətləri, Paşinyanla Sarkisyan arasındakı gərginlik ilk növbədə geosiyasi faktorlardan və Rusiyadan asılı məsələlərdir. Heç kimə sirr deyil ki, "Qarabağ klanı” ilə Paşinyan arasında münasibətlər yaxşı deyil. Tərəflər bir-birini təhdid kimi görür. Hər iki tərəfin gücü çatarsa, digərinə qarşı daha kəskin formada mübarizə aparar. Hələlik tərəflər arasında "mülayim” dialoq mühiti görüntüsü yaradılır.

Paşinyan Qarabağa səfərlər edərək TŞ-nin iclasını orada keçirir və s. Amma Sarkisyanın Qarabağda olması və orada görüşlər keçirməsi onun da siyasətdən getmədiyini göstərir. Sarkisyan Ermənistandakı proseslərdə rol oynamaq istəyir. Əgər belə niyyəti olmasaydı, Rusiyaya gedərək sakit həyat yaşayardı. Deməli onun ambisiyaları var. Şübhə yox ki, onun ambisiyaları haqda Paşinyan da məlumatlıdır”.

Analitikə görə, Paşinyan Qarabağda özünə güclü rəqib formalaşdırmaq fikrində deyil:

 "Separatçıların rəhbəri Bako Saakyan fiqurunun o qədər də gücü olmasa, onun xaricdən dəstəklənməsi baş nazirin ürəyincə deyil. Paşinyan Qarabağa öz adamını yerləşdirmək istəyir. Ancaq hələlik buna gücü çatmır. Bütün hallarda Ermənistanda gedən daxili proseslər, klanlar arası dava hələ davam edəcək. Bu proseslərin məcradan çıxması üçün kiçik qığılcım lazımdır və o qığılcım hər an çıxa bilər”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-04-18