2019-03-20 14:31:04   |   169 dəfə oxunub

Prezidentliyi təhvil vermək hələ Nazarbayevin hakimiyyətdən getməsi mənasına gəlmir - Politoloq



 Qazaxıstan prezidenti Nursultan Nazarbayevin istefası  siyasi gündəmin mövzusu olar qalır.  Politoloq Şahin Cəfərli Nazarbayevin vəzifəsini tərk etməsinə dair fikirlərini sosial şəbəkədəki səhifəsində paylaşıb. Həmin qeydləri biz də təqdim edirik. 

***

 Qazaxıstan prezidenti dünən Konstitusiya Şurasına müraciət edərək Konstitusiyanın 42-ci maddəsinin 3-cü bəndinə rəsmi tövsif verilməsini istəyib. Bu bənddə yazılıb: "Prezidentin səlahiyyətləri yeni seçilmiş prezident vəzifəsinin icrasına başladığı andan etibarən, eləcə də prezidentin vaxtından əvvəl bu vəzifəni boşaltması və ya bu vəzifədən kənarlaşdırılması, yaxud onun vəfatı halında sona yetir.”

Qazaxıstanda növbəti prezident seçkiləri 2020-ci ilin sonlarında keçirilməlidir. Bu müraciətdən belə nəticə hasil olur ki, Nazarbayev erkən seçki keçirib, prezident postunu başqasına təhvil verməyin hüquqi prosedurunu müəyyənləşdirmək istəyir. Lakin prezidentliyi təhvil vermək hələ Nazarbayevin hakimiyyətdən getməsi mənasına gəlmir.

Qocaman siyasətçi 2017-сi ildən bəri özünün prezidentliyindən sonrakı dövrə hazırlıq görür və bu məqsədlə Konstitusiya islahatları aparıb. Məsələn, 2017-ci ilin martında Konstitusiyaya edilən dəyişikliyə əsasən prezidentin bəzi səlahiyyətləri parlament və hökumət arasında bölüşdürülüb. Hökumətin prezident tərəfindən təkbaşına deyil, parlamentin iştirakı ilə formalaşdırılması, baş nazirin qanunverici orqan qarşısında cavabdehliyi təsbit edilib. Prezident yalnız 3 naziri – müdafiə, daxili və xarici işlər nazirlərini təyin etmək hüququna malikdir, Nazirlər Kabinetinin qalan tərkibini parlament müəyyənləşdirir. Prezident Nazirlər Kabinetinin və baş nazirin qəbul etdiyi aktları ləğv edə bilməz.


2018-ci il mayın 31-də isə Qazaxıstan parlamenti Nazarbayevə ömürlük Təhlükəsizlik Şurasına rəhbərlik etmək hüququ verən qanun qəbul edib. Qanuna əsasən Təhlükəsizlik Şurasının statusu dəyişdirilir və o, məsləhət-məşvərət orqanından konstitusion dövlət orqanına çevrilir. Bu qurum Nazarbayevin rəbərliyi ilə milli təhlükəsizlik, müdafiə sahələrində dövlət siyasətinin əsas istiqamətlərinin həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi və təşkili məsələlərinə baxacaq.

Bu, o deməkdir ki, Elbaşı aktiv gündəlik fəaliyyətdən və ölkədəki sosial-iqtisadi problemlərə görə cavabdehlikdən kənara çəkilib, Təhlükəsizlik Şurasının sədri qismində ölkəyə nəzarəti öz əlində saxlayacaq.




SON XƏBƏRLƏR

2019-06-18