2019-03-20 16:56:55   |   97 dəfə oxunub

Azərbaycanda "kriminal avtoritet”lərin fəaliyyəti mümkün deyil

Rusiyada qanunun sərtləşməsi "vor zakon"ların ölkəmizə ayaq açmasına zəmin yaratmayacaq

Məmməd Zeynalov: "Bizim ölkədə onların sərbəst fəaliyyəti üçün mühit yoxdur. Həbsxanalarda belə “vor zakon"ların öz qanunlarını yeritməsinə imkan verilmir, nəinki azadlıqda"


 Rusiya Dövlət Duması cinayətkar aləmdə yüksək iyerarxiyaya daxil olan şəxslər, yəni "vor zakon”lar üçün cinayət məsuliyyətini sərtləşdirən və Prezident Vladimir Putin tərəfindən irəli sürülən qanun layihəsini qəbul edib. Qanuna əsasən "vor zakon” statusu daşıyan cinayətkar aləm nümayəndələri bu statuslarına görə uzunmüddətli həbs cəzalarına məhkum ediləcəklər. Qeyd edək ki, vaxtilə bu metodikadan Gürcüstanda Mixail Saakaşvili istifadə etmişdi və nəticədə "vor zakon”lar ölkəni kütləvi tərk etməli olmuşdu.
 
Qanun layihəsinin müzakirəsi zamanı deputat Aleksandr Xinşteyn başqa ölkələrə tövsiyə edib ki, "vor zakon”ların Rusiyadan kütləvi miqrasiyasına hazır olmağa çağırıb. O bildirib ki, Rusiyada artıq beş ildir "vor zakon”ların toplantısı olmur. Belələri öz işlərini müzakirə etmək üçün başqa ölkələrə - Türkiyə, Yunanıstan və Ermənistana üz tutmalı olurlar: "Başqa ölkələrin hüquq-mühafizə orqanlarından həmkarlarımız artıq bizim həmkarlara zəng vururlar və narahat halda soruşurlar ki, Rusiyadan onların ölkələrinə cinayətkar "avtoritetlərin” miqrasiyasına hazırlaşsınlarmı? Aydındır və şübhəsizdir ki, bu miqrasiyaya hazırlaşmaq lazımdır”.

 Məhkumlara Hüquqi Yardım Assosiasiyasının sədri, Penitensiar Xidmətin sabiq rəisi Məmməd Zeynalov oğru dünyasının nümayəndələrinin Azərbaycan üçün o qədər də ciddi təhlükə mənbəyi olmadığını deyib. Onun sözlərinə görə, ölkədəki mövcud hökumət cinayət aləminin liderlərinə qarşı sərt idarəçilik yeridir:

 "Bu saat Azərbaycan ictimaiyyəti üçün təhlükə törədə biləcək elə insanlar yoxdur. Rusiyada "vor zakon”lar üçün cinayət məsuliyyətinin sərtləşdirilməsi onların Azərbaycana ayaq açması ilə nəticələnməyəcək. Zaman-zaman Rusiyada tanınan "kriminal avtoritetlər”in ölkəyə gəlməsi xəbərləri yayılır, amma mən bu xəbərlərə çox da inanmıram. Çünki Azərbaycanda "kriminal avtoritet”lərin fəaliyyəti mümkün deyil. Daha doğrusu, bizim ölkədə onların sərbəst fəaliyyəti üçün mühit yoxdur. Həbsxanalarda belə "vor zakon"ların öz qanunlarını yeritməsinə imkan verilmir, nəinki azadlıqda. Azərbaycan hüquq-mühafizə orqanlarının onlarla mübarizəsi nəticəsində əl-qol açmalarına heç vaxt imkan verilməyib”.
M.Zeynalovun sözlərinə görə, Rusiyadan sonra kriminal aləmin nümayəndələri üz tutacaqları ölkə Gürcüstan ola bilər: "Gürcüstan bu məsələdə həmişə öndə olub. Hətta sovet dövründə belə "vor zakon”ların 60 faizini gürcülər təşkil edirdi. Cüzi azalma ilə bu faiz nisbəti yenə də öz aktuallığını qoruyur”.
Sabiq rəisin fikrincə, Rusiyada "vor zakon”lar üçün cinayət məsuliyyətinin sərtləşdirilməsi onların fəaliyyətini bir o qədər də məhdudlaşdırmayacaq: "Hazırda Rusiyadakı "kriminal avtoritet”lər açıq formada fəaliyyət göstərir, bazarlardan, ticarət obyektlərindən "haqq” yığırlar. Onları zərərsizləşdirməyin yeganə yolu həbs etməkdir. Ölkədən qovmaq, sıxışdırmaq problemin həlli deyil”.

Şəymən





SON XƏBƏRLƏR

2019-06-18