2019-03-20 16:57:06   |   385 dəfə oxunub

Uşaq telekanalı əhatəli olmalıdır

İxtisaslaşmış uşaq kanalında 18 yaşdan aşağı bütün kateqoriyanın marağı təmin edilməlidir

"Milli cizgi filmi, dərslərlə bağlı proqramlar, intellektual viktorina verilişləri hazırlanmalıdır ki, azyaşlılar zövq ala, öyrənə bilsinlər"



Uşaqlar günlərinin çoxunu ekran qarşısında Rusiyanın, Türkiyənin müxtəlif uşaq kanallarını seyr etməklə keçirirlər. Bu isə onların həm dünyagörüşünə, həm danışıq vərdişlərinin formalaşmasına, həm də düşüncə tərzinə öz təsirini göstərir. Bu kanalların hər biri həmin ölkələrin öz auditoriyasına hesablandığından onların təbliğ etdikləri dəyərlər də bu xalqların mentalitetinə və maraqlarına uyğun formalaşıb. 
Bu baxımdan ölkəmizdə də körpələrimizin milli ruhda böyüməsinə xidmət edəcək bir uşaq kanalının yaradılması vacib hesab olunur.
Hətta uşaqlarla bağlı verilişlərin azlığı və verilişlərin xaricdən gətirilərək yerli telekanallarda göstərilməsi Milli Televiziya və Radio Şurasını narahat edir.
Dəfələrlə şura rəhbərliyi tərəfindən bu məsələ gündəmə gətirilib. Buna baxmayaraq, hələ də belə bir kanalın yaradılması ilə bağlı bir tərpəniş görünmür. Telekanallarda yayımlanan uşaq verilişlərinin səviyyəsi qənaətbəxş deyil. Lakin Azərbaycan efirində uşaq telekanallarının yaradılması çox vacibdir. Ekspertlər də ölkəmizdə uşaq telekanallarının fəaliyyətini olduqca önəmli hesab edirlər. Bu günlərdə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib ki, gələcəkdə Azərbaycanda ümumrespublika yayımlı uşaq telekanalının yaradılması məsələsinə baxıla bilər.

 Tanınmış tədqiqatçı jurnalist, media və sosial sahə üzrə ekspert, Azərbaycan İnformasiya Mərkəzinin rəhbəri və www.azim.az internet portalının baş redaktoru Təbriz Vəfalı bildirir ki, ölkəmiz müstəqillik qazanandan üzübəri respublikamızda yaşanan ən ciddi problemlər arasında uşaqların asudə vaxtının səmərəli təşkilində özünü büruzə verən çətinliklər də var. Onun sözlərinə görə, süquta uğramış keçmiş SSRİ dövründə uşaq telekanalları fəaliyyət göstərməsə də, dövlət telekanallarında uşaqların maraqlarını təmin edən çoxsaylı verilişlər çox olub: 

"Sovetlər dönəmində uşaqların düzgün tərbiyələndirilməsi, onların dünyagörüşünün formalaşması, intellektual səviyyənin yaxşılaşdırılması, azyaşlıların dövlət, cəmiyyət, ictimaiyyət və xalq üçün əsl vətəndaş kimi yetişdirilməsi və digər önəmli məsələlər əsas vəzifə və məqsəd kimi qarşıya qoyulmuşdu və bütün işlər xüsusi nəzarət altında idi. Ona görə də uşaq bağçalarında, orta məktəblərdə uşaqlar üçün əyləncəli və intellektual oyunlar, eləcə də idman oyunları və viktorinalar təşkil olunur, tədris və dərs kitablarında uşaqlar üçün nağıllar və hekayələr, atalar sözləri, el məsəlləri və sair dərc edilirdi. Bütün bunların sonucunda pis vərdişlərdən, bəd əməllərdən uzaq durmaq, yaxşı işlər görmək, xeyirxah, səmimi, alicənab, savadlı, mədəni və sağlam olmaq və sair müsbət keyfiyyətlər uşaqlara aşılanırdı. Yaxşı xatırlayıram, uşaq vaxtlarımda istər Azərbaycan, istərsə də Rusiya telekanallarında uşaqlar üçün hazırlanan maraqlı verilişlər mənimlə yanaşı digər həmyaşıdlarımın da diqqətini özünə cəlb edirdi. Telekanallarda yayımlanan multfilmləri (cizgi filmlərini), eləcə də bədii filmləri çox bəyənir və dəfələrlə izləməkdən yorulmazdıq. Həmin dövrlərdə uşaqlar üçün maraqlı idman oyunları, məsələn, şahmat, səhər gimnastikası, futbol və sair translyasiya olunurdu. Bunlardan əlavə, bəzi uşaqların öz istedad, qabiliyyət və bacarıqlarını telekanallarda nümayiş etdirmələrinə də xüsusi diqqət yetirilirdi. Sonrakı dövrlərdə tanınmış idmançıları, məşhur müğənniləri və digərlərini məhz SSRİ dövründəki uşaq verilişlərindən tanımışıq. Ən maraqlı məqamlardan biri də bu idi ki, telekanallardakı verilişlərdə mənfi xüsusiyyətləri xarakterizə edən obrazları ördükdə onlara nifrət edir, müsbət xarakterli insanları, qəhrəmanları sevir və onlara oxşamağa çalışır, bəzən də onların hərəkətlərini təqlid edirdik. Şübhəsiz ki, bütün bunlar bizdən asılı olmayaraq dünyagörüşümüzün formalaşmasında, savadlanmaqda, maariflənməkdə mühüm və əhəmiyyətli rol oynayırdı. Üstəlik, telekanallarda yayımlanan nağıllar, cizgi filmləri, idman oyunları, viktorinalar və sair asudə vaxtımızın səmərəli keçirilməsində bizə çox yardımçı olurdu».
Baş redaktor vurğulayır ki, Azərbaycan müstəqillik qazandıqdan sonra respublikamızda keçmiş SSRİ dövründəki təcrübədən istifadə etmək, sovetlər dönəmində yaradılmış ənənəni davam etdirmək mümkün olmadı. Onun dediyinə görə, maliyyə problemləri, sponsor, peşəkar kadrların çatışmazlığı və sair keyfiyyətli və hərtərəfli uşaq verilişlərinin hazırlanmasını kifayət qədər əngəllədi: "Hər birimizə məlumdur ki, müstəqilliyin ilkin dövrlərində, 1 milyondan artıq insanın öz ata-baba yurdlarından didərgin salınması, onların məcburi köçkün və qaçqın düşməsi, torpaqlarımızın 20 faizinin işğal olunması, dövlət büdcəsinə milyardlarla ABŞ dolları məbləğində ziyanın vurulması, Sovet İttifaqı dönəmində yaradılmış mərkəzləşdirilmiş idarəetmə və ticarət sisteminin dağılması, zavodların, fabriklərin, istehsal və emal müəssislərinin fəaliyyətinin dayandırılması, işsizliyin və yoxsulluğun artması, əməkhaqlarının, maaşların, pensiyaların azlığı və digər səbəblər Azərbaycanda «alver psixologiyası»nın formalaşmasına təkan verdi. Bu baxımdan da dövlət telekanallarında sanballı uşaq verilişlərinin hazırlanmasına ciddi fikir verilmədi və daha çox kommersiya maraqlarına xidmət verilişlərin hazırlanması üstünlük təşkil etdi. Məsələn, imkansız və kasıb ailələrdən olan istedadlı, qabiliyyətli və bacarıqlı uşaqların televerilişlərə cəlb edilməsi mümkün olmadı. Həmin dövrlərdə daha çox «adamı» olan, tapşırılan və pul verən uşaqlar telekanallarda tamaşaçılara təqdim edildi. Ən dəhşətlisi də bu idi ki, uşaqlar üçün maraqlı televerilişlərin hazırlanması üçün mütləq sponsorlara ehtiyac duyuldu. Yəni sponsor tapanların peşəkar olub-olmamasına fikir verilmədi, onların hazırladıqları verilişlərin keyfiyyətinə diqqət yetirilmədi. Məhz sadaladığım bu cür neqativ hallar üzündən də müstəqilliyin ilkin illərində uşaqlar üçün hazırlanan televerilişlər hətta uşaqların psixologiyasına müəyyən qədər mənfi təsirini göstərdi, onların dünyagörüşünün formalaşmasında həddən artıq az rol oynadı».
Azərbaycan İnformasiya Mərkəzinin rəhbəri qeyd edir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqın tələbi və təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra peşəkar və keyfiyyətli uşaq verilişlərinin hazırlanmasında xeyli dönüş oldu. Üstəlik, ulu öndərin hakimiyyəti dövründə özəl telekanalların yaradılması və həmin telekanallarda da uşaqlar üçün verilişlərin hazırlanması da azyaşlıların asudə vaxtlarının səmərəli təşkilinə müəyyən qədər töhfə verdi: «Belə ki, konstitusiyamızın mükəmməl formada hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi, qanunvericiliyin mükəmməl bazasının formalaşdırılması, uşaqlarla bağlı qanunların təkmilləşdirilməsi və sair uşaqlarla bağlı hazırlanan verilişlərin keyfiyyətinə öz müsbət təsirini göstərdi. İstər Heydər Əliyevin, istərsə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövründə bəzi uşaq verilişlərinin dövlət tərəfindən maliyyələşdirilməsi reallaşdırıldı. Üstəlik, uşaq verilişlərinin peşəkarlar tərəfindən hazırlanmasına xüsusi diqqət yetirildi. Bunlardan əlavə, təkcə Bakı şəhərində yerləşən dövlət və özəl telekanallar deyil, respublikamızın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən region televiziyalarının bəzilərində də uşaqlarla bağlı verilişlər translyasiya olundu. Lakin bununla belə son illərdə uşaqlar üçün hazırlanan verilişlər ciddi tənqid atəşinə tutulur. Hətta bəzi verilişlərə müğənnilərin, meyxanaçıların və digərlərinin çıxarılmasının uşaqların dünyagörüşünə mənfi təsir göstərdiyi bildirilir. Çünki belə verilişləri izləyən uşaqlar ya meyxanaçı, ya da müğənni olmaq istəyir. Bundan başqa uşaq verilişlərindən zövq ala bilməyən, öz maraqlarını təmin edə bilməyən azyaşlılar böyüklər üçün nəzərdə tutulmuş verilişlərə baxırlar ki, bu verilişlərin bəziləri onların gələcəyini ciddi təhlükə altında qoyur. Xüsusilə də kriminal verilişlər, xəbərlər, kinolar və sair uşaqların psixologiyasına mənfi təsirini birbaşa göstərir. Adi bir faktı diqqətə çatdırım. İraqın sabiq prezidenti Səddam Hüseynin asılma səhnəsini izləyən və intihar edən azyaşlımız oldu. Ona görə də azyaşlıların maraqlarını təmin edən, onların tələblərinə cavab verən uşaq verilişlərinin hazırlanması mütləq vacibdir ki, uşaqlar başqa verilişlərə baxmasınlar. Üstəlik, valideynlər də azyaşlıların telekanallarda hansı verilişləri izləməsini xüsusi diqqət və nəzarət altında saxlamalıdır ki, sonrakı dövrlərdə nəzarətsizliyin və diqqətsizliyin acı nəticələrini dadmasın».
Ekspert xatırladır ki, inkişaf etmiş ölkələrdə uşaqlar üçün ayrıca telekanallar fəaliyyət göstərsə də, Azərbaycanda bu məsələ hələ də öz təsidiqini tapmayıb. Onun dediyinə görə, neçə ildir bu məsələ gündəmə gətirilsə də, əsasən maliyyə problemləri üzündən uşaq telekanallarının yaradılması məsələsi açılmayan «Qordi düyünü»nə çevrilib: "Xarici ölkələrdə, eləcə də qardaş Türkiyə Cümhuriyyətində bir neçə uşaq televiziyası fəaliyyət göstərir. Bu televiziyalar uşaqlarının dünyagörüşünün inkişafında, sağlam gələcəyin formalaşmasında, azyaşlıların cəmiyyətə inteqrasiyasının asanlaşdırılmasında əhəmiyyətli rol oynayır. Üstəlik, həmin telekanallar uşaqların elmin potensialının inkişafına və azyaşlı məktəblilərin müxtəlif biliklərə daha mükəmməl yiyələnməsinə gətirib çıxarır. Ona görə Azərbaycanda da uşaq televiziyalarının yaradılması vacibdir. Eşitdiyimə görə, bugünədək Azərbaycanda cəmisi bir uşaq televiziyası fəaliyyət göstərir və bu da Xaçmazda yayımlanan «Günəş» telekanalıdır. Amma ölkə ictimaiyyəti belə bir kanalın fəaliyyətindən tam məlumatlı deyil. Əksər insanlar «Günəş»in varlığından xəbərsizdirlər”.
Təbriz Vəfalı bildirir ki, əgər gələcəyimizi sağlam nəsillərə təhvil vermək fikrindən vaz keçməmişiksə, mütləq uşaq televiziyalarının yaradılmasına, uşaq verilişlərinin səviyyəsinin artırılmasına daha çox diqqət ayırmalıyıq. Üstəlik, bu kanalların və verilişlərin fəaliyyətinə həm ictimaiyyət, həm də dövlət ciddi nəzarət etməlidirlər: "Verilişləri hazırlayanların psixoloq, pedaqoq, uşaq mütəxəssisi, həkim və sair peşənin daşıyıcısı olmaması normal və təbii qarşılanmalıdır. Ona görə də istər uşaq televiziyalarının yaradılması, istərsə də uşaq verilişlərinin hazırlanması zamanı verilişlərin uşaqlara müsbət və mənfi təsirlərini araşdırmaq lazımdır. Birinci təklifim budur ki, həkimlərdən, psixoloqlardan, pedaqoqlardan və digər mütəxəssislərdən ibarət komissiya yaradılsın və həmin komissiya verilişlərin hazırlanmasında öz tövsiyə və məsləhətlərini uşaq verilişlərini hazırlayanlara bildirsinlər. Həmçinin, uşaq televiziyalarında və uşaq verilişlərində ayrıseçkiliyə yol verilməsin, bütün istedadlı və qabiliyyətli uşaqların öz bacarıqlarını nümayiş etdirməsinə şərait yaradılsın. Üçüncü təklifim budur ki, yaradılacaq uşaq televiziyalarında uşaqların maraqlarını təmin edən idman oyunları, viktorinalar, bilik yarışları və sair təşkil edilsin. Dördüncü təklifim də budur ki, xarici telekanallarda yayımlanan və mentalitetimizə zidd olmayan cizgi və bədii filmlər Azərbaycan dilinə tərcümə olunmaqla uşaq telekanallarında yayımlansın. Beşinci təklifim də budur ki, adət-ənənələrimiz, tarixi məkanlarımız, gəzməli-görməli yerlərimiz və sair uşaqların iştirakı ilə hazırlanmış tamaşalar, sənədli filmlər və sair formada təqdim olunsun. Əgər təkliflərim reallaşdırılmasa, dövlət və ictimai nəzarət olmazsa, uşaq verilişləri və televiziyaları dövlət və xalq qarşısında əvəzsiz xidmət göstərə bilməyəcək, uşaqlarımızın əsl insan kimi yetişməsində rol oynamaqda çətinlik çəkəcəklər”.

(davamı olacaq...)

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-06-18