2019-03-20 17:50:43   |   209 dəfə oxunub

Novruz bayramı həmişə milli mətbuatımızın diqqət mərkəzində olub

“Molla Nəsrəddin” jurnalı 25 illik fəaliyyəti dövründə hər ilin mart buraxılışlarında bu bayrama öz səhifələrində geniş yer verib

Jurnalın mənəvi dəyərlərimizin, milli bayramlarımızın ağır və məşəqqətli yolları dəf edərək bu günümüzə gəlib çatmasında göstərdiyi misilsiz xidmətləri təqdir olunmağa layiqdir



Milli bayramımız olan Novruz xalqımızın əsrlər boyu sevə-sevə yaşatdığı ən gözəl bayramlardan biridir. Özündə xalqımız üçün xarakterik olan bir çox adət-ənənələrin daşıyıcısı olan bu milli bayramımız əsrlərin sınağından üzüağ, alnıaçıq çıxıb.
Novruz bayramı həmişə milli mətbuatımızın diqqət mərkəzində olub. Bu baxımdan "Molla Nəsrəddin” jurnalının təmənnasız xidmətləri danılmazdır. Bununla bağlı filologiya elmləri üzrə fəlsəfə doktoru Gülbəniz Babayevanın «Molla Nəsrəddin» jurnalında Novruz ənənələri ilə bağlı araşdırması diqqətimizi çəkdi. G.Babayeva «Molla Nəsrəddin» jurnalında nəşr edilmiş Novruz məqalələri barədə bunları yazır:

İştə Novruz! Yetişdi fəsli-bahar
Gəldi işrət zamanı, qardaşlar!
Nə gözəl bayram... ah nə xoş fürsət!
Sayılır əhli-zövqə bir nemət!..
Böylə şad gün düşərmi bir də ələ?
Keçirin beş gün ömrü ləzzət ilə (H.C.)

"Molla Nəsrəddin” jurnalı 25 illik fəaliyyəti dövründə hər ilin mart buraxılışlarında Novruz bayramı ilə bağlı yazılara öz səhifələrində geniş yer verib. Jurnalın 1926-cı il mart ayının 11-ci nömrəsində dərc olunan "Bahar fəsli” məqaləsində deyilir: "Bir neçə gündür ki, havalar düzəlib, gün çıxır, otlar göyərməyə başlayır, qərəz, bahar yaxınlaşır. Doğrudan da beş-on gündən sonra martın iyirmi ikisində bahar daxil olur. Bahar daxil olmaqla təbiət dəyişdiyi kimi bir çox işlər də dəyişir.
Payız və qışın ağır iş aylarından sonra indi bahar ayları gəlir, bahar və sonra yay ayları isə tənəffüs və dincəlmək aylarıdır. Buna görə asta-asta yaylaqlar açılmağa başlanır. Məzuniyyətlər gəlir. Keçən iş aylarından sonra indi bir çox məsul və qeyri-məsul mütəxəssis işçilər dincəlməyə hazırlanırlar. Bizim bunların heç birində sözümüz yoxdur”- deyən məqalə müəllifi (Əbülhövl) bu cür bahar əhval-ruhiyyəli girişdən sonra əlbəttə ki, jurnalın ənənəsinə sadiq qalaraq mövcud quruluşda cəmiyyətdəki çatışmazlıqlardan, onları narahat edən problemlərdən söhbət açır: "Bahar fəsli gəlməklə artıq kəndlərdən yazmayacaqlar ki, məktəblərin odunu yoxdur, şüşəsi yoxdur, pəncərəsi yoxdur, damı deşikdir, soyuqdan uşaqlar dərsə gəlməyir.
Deməli, maarif idarələri gələn payızadək böylə ürəkbulandırıcı xəbərləri eşitməyəcəklər, ürəklərinin içini yeməyəcəklər, malxuliya etməyəcəklər və beləliklə nəfəs almağa, dincəlməyə başlayacaqlar. Gələn payız Allah kərimdir.
Yaxud kəndlərdən cavab gəlməyəcək ki, qaranlıqda qalmışıq, soyuqdan titrəyirik. Çünki gündüzlər günün istisi, gecələr də ayın işığı . Burada neftə nə ehtiyac.
Yenə burada da bəzi idarələr kəndlərin əlindən dincələcəklər.
Bu dincəlmək də məlum işdir ki, gələcək payız üçün onların fəaliyyətini birə on artıracaq. Hətta biz də dincələcəyik. Çünki hər nömrədə yazmaq lazım gəlməyəcəkdir ki, kəndlər qaranlıqdadır, məktəblər soyuqdur. Buna görə biz hər halda baharın gəlməyini istəyirik”.
Göründüyü kimi, "Molla Nəsrəddin” hətta bayramla bağlı yazılarda da cəmiyyətimizdə hökm sürən neqativ halları - məktəblərimizin acınacaqlı vəziyyətini, insanların sosial problemlərini, elmin, təhsilin lazımi səviyyədə olmamasını əks etdirməklə həm hakim dairələrin, həm də geniş oxucu kütləsinin diqqətini həllini gözləyən bu taleyüklü məsələlərə yönəldirdi. Jurnal satirik bir dillə vəzifəli şəxsləri öz işlərinə məsuliyyətlə, vətəndaşlıq qayğısı ilə yanaşmağa səsləyirdi. Çünki nə qədər ki bu problemlər həllini tapmayıb, onda hansı bayramdan danışmaq olar? Gərəkdir ki, bu bayram insanların həyat və məişətinə, yaşam tərzinə və hər şeydən əvvəl qəlbinə daxil ola bilsin. Bax o zaman xalqımız Novruz bayramının onlara xoşbəxtlik və firavanlıq gətirəcəyini hiss edəcək və bu xoş duyğularla yaşayacaqdır.
Jurnalın 21 mart 1925-ci il 12-ci nömrəsində "Varlılar bayramı” başlığı altında yazıda cəmiyyətdə insanlar arasında hökm sürən təbəqələşmə, varlı və yoxsulların Novruz bayramını necə qeyd etmələri məsələləri ön plana çəkilir. Eyni zamanda bu bayramda varlıların külli miqdarda pul xərcləmələri, israfçılıq etmələri, yoxsulların isə maddi sıxıntı keçirərək bayramı keçirə bilməmələri ürək ağrısı ilə nəzərə çatdırılır: "Novruz bayramı çox yaxşı bayramdı, ancaq ikicə eybi olmaya 
1.Böyük xərci və 2. Nəhayət zəhməti
Əvvəl xərcindən danışaq, sonra zəhmətə keçək:
İki ay bundan qabaq iki put Kürdəmir yağı aldım, iki put da xalis Sibir yağı aldım. On put əla buğda gətirtdim, iki kisə sədri düyüsü gətirtdim, bunun kişmişi, xurması, badamı, albuxarası və Zirə zəfəranı da öz qaydasınca.
Bu plov dəstgahı, bir neçə yüz manat bura getdi.
Çərşənbə xərci: Püstə, badam, xurma, kağızı badam, səbzə, gərmiyan, əncir, alana, qax, haqverdi əriyi, miyanpər, alma, nar, üzüm, fındıq, şabalıd, lumu, portağal. Bu da belə.
Bayram şirnisi: hər qisim noğul, hər qisim qənfet, hər qisim qurabiyyə, paxlava, rahət hülqum, şəkərçörək... və s.
Bəs bayram paltarı? Gör bu neçə yüz manat aparacaq?”
Əlbəttə, bu qədər bayram xərcləri təbii ki, varlı ailələrə aid bir hesablamadır. Varlıların bir bayram üçün sərf etdikləri bu pulları kasıblar ömrü boyu əldə edə bilməmiş, zəngin bayram süfrəsi açıb, övladlarına əsl bayram əhval-ruhiyyəsini yaşada bilməmişlər. Bu cür xoşbəxtliklərdən məhrum olan kasıb ailələrin acınacaqlı taleyi həmişə "Molla Nəsrəddin”in diqqət mərkəzində olub:

Ey tökən mollaların kaminə şərbət, novruz!
Əğniyalərlə quran məclisi-işrət novruz!
Səndə hər kəs sevinir, bəs niyə ancaq füqəra
Çəkir övladını gördükcə xəcalət, novruz?!

Məqalədə fikir belə davam etdirilir: "Qaldı zəhməti: İki aydı yuxudan doymaq yoxdu: gərək sübh tezdən durasan və gedib gətiricilərin qabağını kəsəsən, alasan, hambala verəsən, bir evə qayıdasan, bir bazara gedəsən, genə evə qayıdasan, genə bazara gedəsən.
Ev yığışdırmaq, ev tökmək, ev təmizləmək, ev süpürmək, qab-qacaq, qalay, kömür, odun... və s”.
Məqalədə bayramla bağlı iki məqam - xərc və zəhmət həyati faktlar əsasında şərh olunub və burada həddindən artıq ifrata varma tənqid olunub.
Yazıda əsas diqqət çəkən məqam ata ilə oğul arasındakı dialoqda aşkarlanır. Ata deyir: "Amma dünən bizim balaca oğlan mənə bir qəribə sual verdi:
Dedi - Dədə bəs kasıblar bu qədər pulu haradan alır ki, bayram saxlayırlar?
Dedim - Kasıbın bu qədər pulu olmaz.
Uşaq bir az fikrə getdi və genə soruşdu:
- Bəs kasıblar məgər bayram saxlamır?
Mən də bir az fikir edib sözün doğrusunu dedim:
- Yox bala, kasıb bayram saxlamaz...
- Dədə, elədə bu Novruz bayramı varlıların bayramıdı.
- Bala, deyəsən, sən deyənə oxşayır.
Neçə-neçə belə bayramlar görmüşəm və hər dəfə yüz-yüz manatlar xərcləmişəm və bayram saxlamışam, amma deyəsən, bircə bu mənim yadıma düşməyib ki, mənim kasıb qonşularım yüz-yüz manatları tapa bilməyiblər ki, mənim kimi onlar da bayram saxlasınlar.
Mən indiyə kimi elə bilirdim ki, mənim cəmi qonşularım bayram saxlayır. Ancaq dünən bunu bildim.
- Dədə, bəs kasıblar necə pulsuz bayram saxlayır?
Bircə həqiqət bu imiş: Novruz bayramı ancaq varlıların bayramıdı”.
"Molla Nəsrəddin” jurnalının hər ilin mart nömrələrinə nəzər saldıqda həmin problemlərin qaldırıldığını və keçən əsrin əvvəllərində insanların yaşam tərzindəki qeyri-bərabərliyi görürük. Əlbəttə ki, jurnalın əsas məqsədlərindən biri də cəmiyyətdəki sosial ədalətsizliklərin aradan qaldırılması və hər bir vətəndaşın insani hüquqlarının qorunmasıdır. Təəssüf ki, o dövrdə humanist hisslərdən məhrum olan bəzi varlılar kasıblara həqarətlə baxır, onları mənən əzməyə çalışırdılar. Bu baxımdan "Bayramlıq” şeirinə nəzər salmaq yerinə düşərdi:

Novruz yetişdi füqəra oldu pərişan
Əfsürdə və nalan
Hər məmləkətin pulları xürrəmi xəndan,
Pulsuzları giryan
Çöllərdə, çəmənlərdə gözəl güllər açıldı
Ətrafa saçıldı
Bir başqa təravətdə olub qönçələr əlvan
Dər tərfi-gülüstan (Cüvəllağı bəy).

Öz ənənələrinə sadiq qalan "Molla Nəsrəddin” jurnalı milli ideologiyaya söykənərək böyük mətləbləri bəzən satirik, bəzən də yumoristik dillə, sadə, yığcam, lakonik bir tərzdə oxucuya çatdırırdı. Jurnalın fəaliyyətə başlamasının 23-cü ilində, yəni 22 mart 1928-ci ilin 12-ci nömrəsində üz qabığında verilən bir karikatura məhz bu baxımdan diqqətimizi cəlb etdi. Burada bir əlində şam, o biri əlində səməni tutan nurani bir qoca təsviri verilib. Bu şəxs Novruzun simvoludur. Onunla həmsöhbət olan yaşlı bir insan isə orucluğu təmsil edir. Şəklin altında verilmiş yazı olduqca düşündürücü və ibrətamizdir. Orucluq Novruza deyir: "Bu il mən Qızıl Ordunun 10 illik bayramilə bir yerdə gəldim ki, mənə də bir hörmət eləyələr, lakin heç kəs etina etmədi. İndi sən Qadınlar günü və Paris Kommunası bayramından sonra gəlmişsənsə də, xatircəm ol, heç kəsin nəzərini cəlb edə bilməyəcəksən”.
Bu kiçik dialoqda müsəlman aləmində böyük önəm verilən hər iki bayramın - Orucluq və Novruzun Sovet dönəmində sükutla qarşılanması, əhəmiyyət verilməməsi, hətta unutdurulmağa belə cəhd göstərilməsi həm satirik görüntü, həm də eyhamedici ifadələrlə oxuculara çatdırılır. Məlumdur ki, bizə məxsus olmayan Sovet Ordusunun, Paris Kommunasının yaranması gününün keçmiş Sovetlər Birliyinə daxil olan respublikalarda, o cümlədən, Azərbaycanda süni atəşfəşanlıqla təntənəli şəkildə qeyd olunması xalqımızın milli dəyərlərinə vurulan mənəvi zərbədən başqa bir şey deyildi.
"Molla Nəsrəddin” hələ gör neçə illər bundan öncə öz həmvətənlərini, bütün Şərq aləmini ayıq olmağa, ehtiyatı əldən verməməyə səsləyirdi. Təəssüf ki, artıq bunlar bizim acı və yaşanmış, fəqət geri qaytarılmayacaq tariximizdir.
20-ci illərdə xalqları öz müqəddəratını təyin etmək, qoruyub saxlamaq hüququndan məhrum edən totalitar rejim onları mənəvi böhrana sürükləyirdi. Belə bir təlatümlü dövrdə "Molla Nəsrəddin”in öz səhifələrində Novruz bayramı ilə bağlı karikatura və yazılar dərc etməsi xalqımız üçün olduqca zəruri görünən ciddi xəbərdarlıq idi. Zaman göstərdi ki, heç bir xalqın minilliklər boyu yaşatdığı, əsrlərin sınağından qalibiyyətlə çıxan dəyərləri onların həyatından və qəlbindən zor gücü ilə silib atmaq olmaz.
Öz haqq səsi ilə milyonlara səslənən "Molla Nəsrəddin” jurnalının mənəvi dəyərlərimizin, milli bayramlarımızın ağır və məşəqqətli yolları dəf edərək bu günümüzə gəlib çatmasında göstərdiyi misilsiz xidmətləri təqdir olunmağa layiqdir. Əsrlər keçdikcə biz aydınlaşan səmada "Molla Nəsrəddin”in cahanşümul əhəmiyyətini daha aydın görürük.

Məlahət Rzayeva





SON XƏBƏRLƏR

2019-04-20