2019-03-22 12:41:14   |   174 dəfə oxunub

22 mart - İsmayıl Şıxlının doğum günüdür



Azərbaycanlı nasir, ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ssenarist İsmayıl Şıxlının doğum günüdür.

"Sherg.az"ın məlumatına görə, İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olub. Kosalar kəndində ibtidai məktəbi bitirib Qazax pedaqoji məktəbində təhsil alıb (1933-1936). Bir il Kosalar kənd orta məktəbində baş dəstə rəhbəri və müəllim işləyib. Sonra Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil alıb (1937-1941). Qazax rayonunun Kosalar kənd orta məktəbində dərs hissə müdiri işləyib (1941-1942). İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olub. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləyib (1946). Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsində aspirant (1946-1949), müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965-1968) kimi çalışıb. "Azərbaycan" jurnalında baş redaktor (1976-1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981-1987) olub. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri seçilib Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilib (1991).
İlk mətbu əsəri "Quşlar" şeiri 1938-ci ildə "Ədəbiyyat" qəzetində dərc olunub. Ədəbi yaradıcılığa 1947-ci ildə "İnqilab və mədəniyyət" jurnalında çap etdirdiyi "Həkimin nağılı" hekayəsi ilə başlayıb. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.
İsmayıl Şıxlı ictimai işlərdə də fəal çalışıb. Bakı zəhmətkeş deputatları Sovetinin deputatı (1967-1969, 1983), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986-1995), Azərbaycan KP Bakı şəhər komitəsinin (1968-1970), Azərbaycan KP MK-nın (1986-1990), Azərbaycan Həmkarlar Şurası rəyasət heyətinin, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü seçilib.
26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının tərkibinə daxil edilib.
Xidmətlərinə görə "Qızıl Ulduz" (1945), "Şərəf nişanı" (1971), "Qırmızı əmək bayrağı" (1979), II dərəcəli "Böyük Vətən müharibəsi" (1985) ordenləri və medallarla təltif edilib. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını (1973) və Azərbaycan Respublikasının "Şöhrət" ordenini alıb (04.07.1994).
1995-ci il iyulun 26-da Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
28 yanvar 2019-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.




SON XƏBƏRLƏR

2019-06-27
2019-06-26