2019-03-24 21:17:35   |   179 dəfə oxunub

İranlılar bu Novruzda Türkiyəyə də gəlmədi

Devalvasiya, daxili xərclər, yoxsa... ?



Hər il Novruz tətilində Türkiyəyə gəlişləri artan iranlı turistləri bu il ölkələrindəki devalvasiya vurub. Vandan Türkiyəyə girişləri davam edən iranlıların sayında keçən illə müqayisədə azalma özünü göstərir.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Novruz tətili ilə əlaqədar hər il mart və aprel aylarında Türkiyəni dolduran iranlı turist sayı bu il yarıbayarı azalıb. Novruzla əlaqədar İranda 21 Mart-1 Aprel tarixləri arasında tətil olur. Bu tətillə birlikdə İranın sərhəd qonşusu Van başda olmaq üzrə Şərqi Anadolu bölgəsinin önəmli bir qismi mart ayından aprelin müəyyən bir dönəminə qədər iranlı turistlərin başlıca ziyarət nöqtəsi olur.

Bölgədəki turizmçilər bu il Novruz dönəmində İrandan gələcək turist sayında yarı-yarıya azalma gözlədiklərini bildirirlər. Buna görə iranlı turistlərin ilk seçimi olan Vanda keçən il istirahət mərkəzləri yüz faiz dolu olduğu halda, mövcud vəziyyətdə doluluq yüzdə 50 səviyyəsindədir.

Üç ildə 1.7 milyon nəfər

Turizmçilər həmçinin qeyd edir ki, bu dönəmdə İrandan gələnlərin sayı azalsa da, iranlı gəliri yüksək turistlərin diqqəti davam edir. İranlı turistlərin tətil dönəmlərindəki ilk seçimləri Vandır. Amma bununla yanaşı, son illərdə xizək mərkəzləri, Antalya və İzmir imkanlı turistlərin daha çox seçdiyi bölgələrdir. Bununla paralel, Qaradəniz bölgəsi də Novruz bayramı zamanı iranlıların favorit seçimləri siyahısındadır.

Keçən il mart ayında Türkiyəni ziyarət edən xaricilər arasında ilk sırada 388 min turist sayı ilə İran yer almışdı. Yenə 2016, 2017 və 2018-ci il olmaq üzrə 3 ildə yanvar-mart dönəmində toplam 1 milyon 710 min nəfərlə İran liderliyini qoruyur.

İrandan Türkiyəyə axının zəifləməsindəki ən vacib səbəb iqtisadidir. İran ölkədən çıxışlarda tətbiq etdiyi xərcin məbləğini keçən il 10 dəfə artırıb. İl ərzində ölkədən çıxışda 75 min tümən olan xərc ilk çıxışda 220 min tümən (52 dollar), ikinci çıxışda 330 min tümən və üçüncü çıxışda 440 min tümən olaraq yenilənmişdi.

Bununla paralel ölkədə devalvasiya da yaşanır. Keçən il türk lirəsi ilə bərabər dəyərdə olan tümən bu il lirə qarşısında üç dəfə ucuzlaşıb.




SON XƏBƏRLƏR

2019-06-18