2019-03-25 17:06:52   |   106 dəfə oxunub

“Parkinq aparatları istifadəyə yararsızdır, ona görə söküb atırlar” – Aktual şərh


Sumqayıtda müəyyən olunmuş ərazilərdə quraşdırılmış parkomatların sökülməsinə başlanılıb. ONA-nın yerli bürosunun məlumatına görə, iki il öncə avtomobillərin intensiv olduğu müxtəlif yerlərdəki parkomatların çoxu artıq sökülüb.
Sumqayıtda 2017-ci ildə quraşdırılmış parkomatlarda qiymətləri bir saat üçün 30 qəpik, iki saat üçün 60 qəpik, 4 saatadək 90 qəpik, 4 saatdan 8 saatdək isə 1 manat idi.

Parkomatların sökülməsi ilə bağlı "Sherg.az”a danışan yol hərəkəti qaydaları üzrə ekspert, "Avtosfer.az” saytının rəhbəri Elməddin Muradlı deyir ki, bu parkomatlar onsuz da formal quraşdırılmış cihaz idi:

"Heç bir sistemə qoşulmamışdı, mərkəzi məlumat sisteminə inteqrasiyası yox idi. Qəpik atırdıq, ordan da bizə qəbz çıxarıb verirdi. Yol Hərəkəti Haqqında qanuna parkinqlərlə bağlı dəyişiklik edildi. Dəyişikliyin də əsas mahiyyəti ondan ibarətdir ki, hər bir nəqliyyat vasitəsinin sürücüsü elektron qaydada ödəniş etmək imkanına malik olmalıdır. Elektron məlumat mərkəzinə inteqrasiya edilməlidir ki, maşın müddətdən artıq orada qalmasın, qalarsa sürücüyə sms vasitəsilə məlumat verilsin. 24 saatdan artıq avtomobil duracaqdadırsa tədbir görülsün, sürücü ödəniş etməyibsə, ona inzibati protokol tətbiq edilsin və s. Bütün bunlar həmin aparatlar vasitəsilə idarə olunmalıdır. Hazırda mövcud olan parkinq aparatları isə, qanundan irəli gələn sadaladığımız sistemi təmin edə bilmir. İndiki aparatlar formal, ucuz və texnoloji cəhətdən zəif qurğulardır. Hazırda inkişaf etmiş ölkələrdə bu tip aparatlardan istifadə edilmir. Bizdə ilkin mərhələ üçün bunu gətirdilər, istifadə olundu. İndi bunlar istifadəyə yaramırlar. Yararsız vasitə olaraq da indi çıxarıb atırlar”.

E.Muradlı söyləyib ki, Bakının bir çox yerlərində artıq bu yığışdırılıb:

"Bəzi gözdən uzaq ərazilərdə mövcud ola bilər, amma paytaxtda demək olar ki, bunlar çoxdan sökülüb. Parklama üçün müasir aparatlar alınmalıdır ki, ona da milyonlarla vəsait lazımdır. Ümumilikdə parkinq məsələsi yenidən işlənib-hazırlanmalıdır, hansı küçədə nə qədər avtomobil dayana bilər, hansı formada dayanmalıdır, günün hansı saatında parklama olar kimi hallar dəqiqləşməlidir”.

Ekspertin qənaətincə görünür Sumqayıt da yeni aparat sisteminə keçmək istəyir:

"Ona görə də köhnə aparatlar sökülür. Mənim fikrimcə Sumqayıtda, Gəncədə yeni aparatları gətirib quraşdırmağa ehtiyac yoxdur. Birincisi bu kimi şəhərlərdə avtomobil azdır, tıxaclar o qədər də yaranmır. Həm də bu şəhərlərin əhalisi də nisbətən imkansızdırlar. Məsələ bundadır ki, parkinq aparatlarının sökülməsi, parklanmadan pul alınmayacağı mənasını vermir. Bunlar sökülürsə, yerinə bir müddətdən sonra başqası gətiriləcək”.

Anar






SON XƏBƏRLƏR

2019-04-18