2019-03-28 12:55:20   |   266 dəfə oxunub

Xaçmazdakı alçalı çəngəl abidəsində məntiq tapmaq olmur

Elçin Hüseynbəyli: "Düşüncə azadlığı ola bilər, amma kompozisiya baxımından düzgün deyil"



Bakının sabiq meri Hacıbala Abutalıbov Suraxanı rayon icra hakimiyyətinin başçısı olduğu dönəmlərdə heyvanat aləminin heykəlləri dövrünün başlanğıcını qoydu. Paytaxt əhli həmin dönəmi yaxşı xatırlayır. Öküz, şir, qartal, ceyran, dağ keçisi… Sonra Hacıbala müəllimin Bakıya başçılıq etmək dövrü başladı və ilginc heykəllər yenə peyda oldu. Çoxu da Fəvvarələr meydanında. Çətirli qız, fotoqraf kişi… Günümüzün dəbidir. Daha sovet dövrü deyil ki, neftçi, pambıqçı, «qara qızıl», «ağ qızıl», «oraq-çəkic» heykəlləri qoyulsun. Amma daha çox irəliyə can atmaq xüsusiyyətinə malik xalq olduğumuzdan heykəl, abidə məsələsində də bəzən sədləri aşırıq. Bir də görürsən, heç bir aidiyyəti olmayan yerdə aidiyyətsiz bir abidə qarşına çıxır.

Məsələn, «Cavanşir» körpüsü yaxınlığındakı çoxmərtəbəli binanın önündə qoyulmuş mənasını hələ də anlamadığım cızma-qara heykəlləri ora niyə, nə məqsədlə qoyublar, bilinmir. Eləcə də «Cavanşir» adı verilmiş körpünün dəmir bardürlərinin üzərində cıqqılı, cırtdan «cavanşirlər» nə məna kəsb edir, anlamaq çətindir. Bölgələrimizdə vəziyyət bir az fərqlidir. Lənkəranda iri samovar abidəsi bu bölgənin çay məkanı olduğunun göstəricisidir. Göyçaydakı nar adibədisinə də hamı xoş yanaşır. Göyçay narı ilə tanınır. Bəs Xaçmazda niyə çəngələ abidə qoyulub, bunu anlamaq xeyli müşküldür. Həm də ucuna alça taxılmış çəngəl. Fotonu sosial şəbəkə istifadəçisi Hacı Əhmədov paylaşıb. Paylaşıma maraqlı şərhlər də yazılıb.

Sənan Həsənov: Yanında rumka da qoysaydılar lap yaxşı olardı.

Hacı Əhmədov: Üzbəüz Dəli Həsənin heykəlini də qoyublar.
Kəmalə Səlim Müslümqızı: Hacı, əhsən, tarix yazdın. İnnən belə hamı orda şəkil çəkdirəcək.

Elnur İskəndərov: Təbrik edirəm! O gün olsun turşulu xiyara abidə qoyulsun. Kənd təsərrüfatı inkişaf edir.

Teymur Muxtarov: Əla. Zaqatalada fındığa, Sabirabadda qarpıza, Ordubadda əriyə, Göyçayda nara, Salyanda üzümə, Zirədə pomidora abidə yaraşardı! M.Ə.Rəsulzadə,H.Z.Tağıyev,C.Məmmədquluzadə hələ gözləyə bilər!

G.Seyidməmmədova: Qeyri-ekzotik abidələr ilk Xaçmazda layihələndirilir, nədənsə…

Sosial şəbəkələrdə açılmış müzakirələrə yazıçı-publisist Elçin Hüseynbəyli fotosu çəkilmiş abidənin çox ilginc göründüyünü dedi:

- Çəngəlin ucunda alça… bu, məncə, düşüncə azadlığından xəbər verir. Kim onu belə düşünüb, niyə, nə məqsədlə, bunu bilmirik. Nə demək istəyib bu alçalı çəngəl abidəsi ilə? Alça «zakuska»dı? Yəni bura, yeyib-içmək yeridi?! Bilmirəm. Axı alçanı çəngəllə yemirlər. Düşüncə azadlığı ola bilər, amma kompozisiya baxımından düzgün deyil.

E.Hüseynbəyli Avropa ölkələrində bu sayaq qəribə heykəllərə çox rast gəldiyini söylədi:

- Avropada belə heykəllər çox görmüşəm. Bunlar hamısı insanın düşüncə sərbəstliyinə dəlalət edir. Bununla yanaşı hər bir abidədə məntiq olmalıdır. Abidənin də daşıdığı məna var. Dağlıq bölgələrdə qartal heykəlini hamı başa düşər, eləcə də, Lənkəranda çay dəstgahı və sairə, amma alçalı çəngəl abidəsində məntiq tapmaq çətindir.

Məlahət Rzayeva





SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25