2019-03-30 12:45:55   |   327 dəfə oxunub

Sözün diksinən yaddaşı - Kənan Hacı yazır

İntiqam Yaşar poeziyasının ideoqramması




Onu hansı şeiri ilə tanımışam, xatırlamıram. Tanış olduğumuz gün də yadımda deyil. Amma Yasamalda kənd qəlyanaltıxanasını xatırladan kafenin içindəki odun sobasının istisinə birgə qızındığımız uzun qış gecələrini, o gecələrdə bitib-tükənməyən ədəbiyyat söhbətlərini necə unuda bilərəm?!
İntiqam Yaşarın istedadı gözümün qabağında hər gün bir buğda boyu böyüyüb inkişaf edirdi. Oxumaq, öyrənmək ehtirası, öz üzərində çalışmaq həvəsi onu poeziyanın əbədi yoluna gətirib çıxartdı və hər dəfə İntiqam mənə təzə şeirlərini oxuyanda onun şeirdən şeirə püxtələşdiyini, sözə qarşı daha həssas münüasibətini hiss edirdim.

İntiqam Yaşarın bir xüsusiyyəti də var; o, vaxtaşırı poeziyada xəstə, çılğın formalar alan hay-küylü üsullara məhəl qoymur, şeirlərində emosionallığa rəğmən öz poetik təmkinini qoruyub-saxlayır. Deyə bilərsiniz ki, emosionallıq şeirin mayasıdır, amma heç də həmişə belə olmur. Dünya poeziyasında emosiyasız şeirlər də yazılıb və bu gün də yazılır. İntiqamın poetik təmkini onun xarakterindən, özünəinam hissindən qaynaqlanır.

Bir neçə il bundan öncə onun "…və susarsan” şeirlər kitabı çap olundu, həmin kitabın redaktoru bəndəniz idi. Redaktə prosesində İntiqamın şeirləriylə daha yaxından, sistemli şəkildə tanış oldum və məndə İntiqamın gələcəkdə daha böyük uğurlara imza atacağına qəti əminlik yarandı.
Bu günün ədəbi gəncliyi sanki heca vəznində yazmaqdan qorxur, düşüncələrini belə demək caizsə, verlibrə "xərcləyir”. İncə bir məqam nəzərdən qaçılır, harmoniyadan məhrum şeir ( istər sərbəst, istər heca olsun) şikəst doğulan uşaq kimidir. Forma şeirin bədənidirsə, harmoniya ruhudur.
İntiqam heca vəznində olduqca uğurlu şeirlər yazdı, yeni poetik tapıntıları ilə istedad üçün vəzn problem olmadığını bir daha təsdiqlədi. Klassik formaların şeiri buxovladığı haqqında düşüncəni paylaşmıram. Məlum fikri təkrarlamaqda fayda görürəm: əsas necə yazmaqdır, dostlar.

Dərdi elə yazırlar
Adamın ayağına.
Baxmaq olmur dünyanın
Qarasına, ağına.

Bunun adı ömürdü,
Di gəl, yaşa bu ömrü.
Yaxşıydısa, verəydi
Dağa, daşa bu ömrü.

Sözün diksinən yaddaşı
Hamımız müəyyən məqamlarda, müxtəlif situasiyalarda ömürdən, bəxtdən gileylənirik. İntiqam bu gileyə özünəməxsus şəkildə poetik nəfəs verməyi bacarıb. O, şeiri bənna kimi bənd-bənd hörür və oxuyanda adamda şeirin ev kimi bir az doğma, isti aurası yaranır.

Payız rəngində görünür
Bütün köhnə şəkillərin.
Düşünürəm, şəkildə də
Üşüyür incə əllərin.

Bu misralar mənə Andrey Tarkovskinin "Ayna” filminin başlanğıcında Natalyanın evinin astanasında oturub düzənliyi seyr etməsini xatırladır.

Əlim əsə-əsə indi
Kağıza tumar çəkirəm.
Sanki qayıq batıb gedib
Mən isə avar çəkirəm.

"Payız rəngli şəkil” şeirindən gətirdiyim bu misralar sözlə çəkilmiş rəsmdir. İntiqam nisgilin, ayrılığın rəsmini çəkə bilir, sözlər vasitəsilə gözlərimiz önündə qüssəli, çiskinli payız canlanır. Musiqinin dilinə çevirsək, bu şeir payız rapsodiyasıdır.
İntiqamın bir şeiri də var ki, dillər əzbəridir. Əlbəttə, söhbət "Evdə yoxam” şeirindən gedir. İntiqamdan söz düşəndə istər-istəməz bu şeir mütləq xatırlanır. Sanki İntiqam bu şeiri yazmayıb, bədahətən deyib. Bu şeir onun şairlik vəsiqəsinə çevrilib.

Qapımı döyən ayrılıq,
Evdə yoxam, evdə yoxam.
Qonağam deyən ayrılıq,
Evdə yoxam, evdə yoxam.

Şair ayrılığın üzünə qapı açmır, axırda bezgin halıyla "haçan çağırsam, onda gəl” deyir. Sonuncu kitabının adıyla da ayrılığı qapının çölündə qoyur: "Evdə yoxam”.
İntiqam Yaşar modernist şairdir, sözü təkcə qafiyəyə bənd etmir, sərbəst şeirlərini də nizam-intizama (şeirin dəyişməz nizamına) tabe etməyi bacarır.

Bəzən ağrılar da əkiz doğulur,
Məsələn,
Ürək ağrılarıyla kürək ağrıları kimi.
Ayırmırsan heç birini,
Qolların daha geniş açılır,
Qoynun daha isti olur onlara.

Əkiz doğulan ağrılar biri ürəkdən vurur, biri kürəkdən. Maraqlı və özünəməxsus təsbitdir. Ağrılar şahmatdakı gedişlər kimidir, İntiqam sonda mat etməyi bacarır. Elə misralar var ki, milyon il yaşı olan sözün yaddaşını oyadır. İntiqamın şeirlərində sözün yaddaşını diksindirən misralar çoxdur. Söz İntiqama hələ çox sirrini açacaq. Sözə qənşər, şair dostum!







SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25