2019-04-04 10:53:51   |   569 dəfə oxunub

Qarabağın “Komandir”i gəldi - MÜSAHİBƏ

Korrektor kitabı oxuyandan sonra əmək haqqı almaqdan imtina etdi

Şərif Ağayar: "Raquf Orucov üçün yaşından, səhhətindən, statusundan asılı olmayaraq kimi hara çağırdımsa uça-uça gəldi"



Aprel döyüşlərinin növbəti ildönümü həm də "Komandir” romanı ilə yadda qalacaq. Yazıçı-publisist, hazırda "Kulis.az” saytıının baş redaktoru vəzifəsində çalışan dəyərli dostumuz Şərif Ağayar "Murov qartalı” – Raquf Orucovun şəhidlik zirvəsini roman zirvəsinə çatdırıb. Ədəbiyyat cameəsi də romanın işıq üzü gördüyündən artıq xəbərdardır, ictimaiyyət də. Aprel döyüşləri və şəhidlər elə bir mövzudur ki, heç kəs ona biganə qala bilmir. Romanın yazılması xəbəri də bu səbəbdən geniş rezonans doğurub. Raquf Orucov haqda roman hədsiz maraq dogurduğundan müəlliflə söhbətləşmək istədik. Gözlənildiyi kimi Şərif bəy vaxt darlığından gileyləndi, biz də fürsəti əldən verməyib heç olmasa bir-iki kəlmə danışdırdıq.

- Şərif bəy, romanın yazılma səbəbi məlumdur. Amma niyə məhz Raquf Orucovu seçdiniz. "Murov qartalı" kimi şücaətləri məlumdur. Onu məhz igidliyinə görəmi seçmisiniz, bəlkə daha çox məhz ondan danışılırdı, yazılırdı, ona görə diqqətinizi cəlb etdi, şəxsi münasibətiniz olubmu, ailəsini tanıyırsınızmı?

- Hər şey mərhum Raquf Orucovun evindən lent.az saytı üçün etdiyim reportajdan başladı. Yazını onun ailəsi və yaxınları bəyənmişdi. Sonra roman yazmaq ideyası yarananda mənim namizədliyim üstündə dayanıblar. Mənə təklif gələndə, tərəddüd elədim. Roman məqalə deyildi. Bir ay düşündüm, Raquf Orucov barədə daha çox məlumatlar əldə etdim. Gördüm, bir yox, beş-altı roman üçün material verir. Ömrü o qədər zəngindir. Beləliklə, yazmağa qərar verdim. 8 aya yaxın işlədim. İlk bir ay hazırlıq dövrü oldu. Oxudum, filmlərə baxdım, qohumları və hərbçi yoldaşları ilə görüşdüm. Hardasa üç aya yazıb bitirdim, iki ay da üzərində işlədim.

- Raquf Orucov həm də ümumiləşmiş obrazdırmı?

- Tək "Komandir” romanında deyil, ümumən Azərbaycanın hərb tarixində Raquf Orucovu ən peşəkar, ən ləyaqətli və ən cəsur zabitlərin ümumiləşmiş obrazı saymaq olar. O, universal idi.

- Romana hədsiz maraq var. Qarabağ niskilidirmi, qələbə həsrətidirmi, oxucuları müharibə mövzusuna çəkən?

- Siz deyənlər də var. Amma ən başlıcası Raquf Orucovun təmiz və ləyaqətli, eyni zamanda cəsur və qəhrəman komandir olmasıdır. Xalqın gözü doğrudan da tərəzidir. O, hər kəsi çox əla tanıyır. Təvazökarlıqdan kənar olsa da, deyim, bu marağın içərisində mənim qələmimə bəslənilən inam da var. İnşallah razı qalarlar.

- İnşallah. Bildiyim qədər korrektor əmək haqqından imtina edib. Bu, sizə şübhəsiz xüsusi təsir edib.

- Bəli, "Azərbaycan” qəzetində korrektor işləyən Kəmalə Cəfərova kitabı oxuyandan sonra əmək haqqı almaqdan imtina etdi. Əslində, biz əvvəl danışmışdıq, əmək haqqının məbləğini də müəyyən etmişdik. Onun məhz kitabı oxuyandan sonra belə bir qərar verməsi məni xeyli sevindirdi. Eyni zamanda, təsirləndirdi. Sevindim, çünki onda bu əhvalı kitab yaratmışdı. Təsirləndim, çünki belə adamlar indi azdır.

- Kitabın nəşrinə başqa hansı köməkliklər edilib? Satışı nəzərdə tutulurmu?

- Satış olmayacaq. Kitab təqdimatlarda və Aprel şəhidləri ilə bağlı müxtəlif tədbirlərdə oxuculara hədiyyə ediləcək. Təqdimatlara gələ bilməyən oxucular üçün elektron yayım da düşünəcəyik. Kömək edənləri bilmək istəsəniz, "Veysəloğlu” şirkətlər qrupu kitabın xərcini öz üzərinə götürdü. Mənim qonorarım da ödəndi. "CBC” nəşriyyatı da tirajın yarısını öz hesabına, yəni pulsuz çap etdi. Mən roman üçün materialları toplayanda da bu diqqəti gördüm. Raquf Orucov üçün yaşından, səhhətindən, statusundan asılı olmayaraq kimi hara çağırdımsa uça-uça gəldi. Onun komandiri olmuş Rasim Fəridovla ucuz bir çayxanada, insanların səs-küyü və boğucu siqaret tüstüsünün içində 4 saatdan artıq söhbət etdik. O civarda rahat yer yox idi. Qalxanda Rasim müəllimdən üzr istədim. Dedi, yadda saxla, Raquf Orucov üçün harda desən, səhərəcən, axşamacan, bəlkə sutkalarla danışaram və yorulmaram. Bu sevgini gördükcə adamın vətən anlayışı dəyişir. Raquf Orucov sağlığında olduğu kimi ölümündən sonra da insanları ucalığa səsləyir.

- Davamını düşünürsünüzmü müharibə mövzusunun. Yazıçı zaman və hadisələri təqib etməli, yoxsa beynindəki hazır mövzuları qələmə almalıdır?

- Mən əslində əksər yazıçılar kimi passifistəm. Müharibədən çox müharibə insanlarından yazmışam. Əslində, Raquf Orucov da müharibə insanıdır. Əsl müharibə insanı! Anasını da, torpağını da itirmiş biri. Və bu itkiləri geri qaytarmaq, anasının əsir düşən məzarına qovuşmaq üçün ömrünü nəğmə kimi haqq-ədalət döyüşünə həsr edən mücahid. Onunla tez anlaşdıq. Onu anındaca başa düşdüm. Peşəkarlığı və emosiyadan uzaq soyuqqanlı zabit təmkini məni ovsunladı.

- Qarabağ mövzusunda əsərlərin yazılmadığından şikayət edirdik. Əsərinizi iradlara cavab hesab edirsinizmi?

- Əsərlər yazılır və bunların içərisində xeyli maraqlıları da var. Aqil Abbasın "Dolu”sundan tutmuş Seyran Səxavətin, Elçin Hüseynbəylinin, Seymur Baycanın yazdıqlarına qədər... Bədbin olmağa dəyməz. "Komandir” romanı da bu silsilədən yazılmış bir kitabdır və şübhəsiz, ədəbiyyatımızda, xüsusən müharibə mövzusu ədəbiyyatımızda öz yerini tapacaq. Əsas odur ki, roman yalançı pafosdan uzaq, təmiz yazıçı hissləri ilə, həm də orijinal texnikada qələmə alınmış bir əsərdir. Maraqla oxunacağına və insanlarda geniş təəssürat yaradacağına əminəm.

Qeyd edək ki, "Komandir” romanı satış üçün nəzərdə tutulmayıb. Təqdimatlarda hədiyyə olunacaq. Oxumaq istəyənlər üçün elektron versiyası tərtib olunacaq.

Məlahət Rzayeva





SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25