2019-04-06 13:16:26   |   370 dəfə oxunub

Böyük fikir adamının haqqı çatır

Azərbaycanda da, Türkiyədə də Əhməd bəy Ağaoğlunun heykəli qoyulmalıdır

"Ziyalılarımız, yazıçılarımız, elm adamlarımız Əhməd bəy Ağaoğlunun 150 illiyini qeyd etmək üçün hansısa xüsusi fərman gözləməli deyillər"



"KİV-lər və ziyalılar həmrəy şəkildə Əhməd bəy Ağaoğlunun Azərbaycan üçün gördüyü işləri təbliğ etmək istiqamətində xeyli iş görə bilərlər"



Azərbaycanda maarifçiliyin, ədəbiyyatın və dövlətçilik düşüncəsinin formalaşmasında böyük rol oynayan şəxsiyyətlərdən biri də Əhməd bəy Ağaoğludur. Əhməd bəy Ağaoğlu ictimai xadim, siyasətçi, jurnalist, pedaqoq, yazıçı və türkoloq kimi tarixə düşüb. Yüksək təhsilli, kübar, xalqın maariflənməsi və inkişafı üçün böyük işlərə imza atan Ə.Ağaoğlunun həyatı, fəaliyyəti hər zaman maraq doğurub. Bu il dahi şəxsiyyətin anadan olmasının 150 illiyi tamam olur. Təəssüflər olsun ki, çox mühüm işlərə imza atmış görkəmli ziyalının haqqı hələ də tanınmır, böyük irsinə əlimiz yetmir. Halbuki, Ə.Ağaoğlu təkcə Azərbaycanın deyil, Osmanlı dövlətinin və qardaş Türkiyə Cümhuriyyətinin də siyasi həyatında çox mühüm rol oynayıb. Ona görə tarixçilər və ziyalılar hesab edirlər ki, 150 illik yubiley çərçivəsində Ə.Ağaoğlunun yaradıcılığı və hərtərəfli fəaliyyəti daha geniş şəkildə araşdırılmalı, yeni sənədlər üzə çıxarılmalı və ictimaiyyətə təqdim olunmalıdır.

Tarixçi-alim Boran Əzizli "Şərq”ə açıqlamasında bildirib ki, Əhməd bəy Ağaoğlu XX əsrin Azərbaycan ictimai-fikir tarixində çox böyük rol oynamış şəxslərdən biridir: 

"Əhməd bəy Ağaoğlu dərin biliyə, ensiklopedik savada, hədsiz dərəcədə azərbaycançılığa, türkçülüyə və islamçılığa bağlı olan bir şəxs idi. Əminliklə söyləmək olar ki, onun gördüyü işlər Vətənində heykəlinin ucaldılmasına kifayət edir. Hətta nəinki sadəcə öz Vətənində, eyni zamanda Türkiyədə də Əhməd bəy Ağaoğluna heykəl qoyulmalıdır. Ziyalılarımız, yazıçılarımız, elm adamlarımız Əhməd bəy Ağaoğlunun 150 illiyini qeyd etmək üçün hansısa xüsusi fərman gözləməli deyillər. KİV-lər və ziyalılar həmrəy şəkildə Əhməd bəy Ağaoğlunun Azərbaycan üçün gördüyü işləri təbliğ etmək istiqamətində xeyli iş görə bilərlər. "Şərq” qəzeti olaraq bu məsələni gündəmə gətirməyinizi və ölkə ziyalılarına tribuna verməyinizi alqışlayıram”.

Tarixçi bəyan edib ki, Ə.Ağaoğlu Fransada təhsil aldıqdan sonra Azərbaycan qayıdıb, lakin çarizm tərəfindən repressiyaya və təqibə məruz qalıb. Ona görə də İstanbula gedib və iki dəfə Qars vilayətindən Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilib: "Birinci Dünya müharibəsi illərində Əhməd bəy Ağaoğlu Azərbaycan xalqını müharibə aparan böyük dövlətlərin rəhbərlərinin diqqətinə çatdırmaq məqsədi ilə Avropaya gedib. Əli bəy Hüseynzadə və türk heyəti ilə birlikdə mühüm fəaliyyət göstərib. Gələcəkdə Azərbaycan ərazisində müstəqil bir dövlətin yaradılmasının zəruriliyini Avropa rəhbərlərinin diqqətinə çatdırıb. Azərbaycan Cümhuriyyətinin qurulmasının Avropa ölkələri üçün də müsbət olacağını bəyan edib.

 Həmçinin, Əhməd bəy Ağaoğlu islamda islahatlar, qanunda qadın problemləri, islam ümmətinin müstəmləkə altına düşməsi, müsəlmanların getdikcə geriyə qalması və bunun səbəbləri barədə çoxsaylı maarifləndirici məqalələr yazıb. O cümlədən "İran və İnqilab” əsərində bu problemlərin həllini ətraflı şərh edib”.

B.Əzizli vurğulayıb ki, Ə.Ağaoğlunun fəaliyyəti təkcə islamda modernləşməyə və yeniləşməyə deyil, eyni zamanda türkçülüyün inkişafına, türk xalqlarının yaxınlaşmasına, insanların bu istiqamətdə dünya görüşünün formalaşmasına yönəlib: 

"Ağaoğlunun 1905-06-cı illərdə "Kaspi”, "Həyat” və "İrşad” qəzetlərində yazdığı məqalələri Azərbaycanda dünya görüşünün formalaşmasına, Azərbaycan milli hərəkatının şəkillənməsinə ciddi təsir göstərib. Onun fəaliyyəti 1917-18-ci illərdə xüsusən böyük olub. Əhməd bəy Ağaoğlu Azərbaycan xalqına qarşı ermənilərin törətdiyi soyqırıma ciddi etiraz edib, qətliamların qarşısını almaq üçün böyük səy göstərib. 

Məhz buna görə Osmanlı dövləti süquta uğradıqda və ingilislər bu əraziləri işğal etdikdə ermənilərə qarşı "soyqırımı” törətmək ittiham olunaraq həbs olunub, Maltada sürgün həyatı yaşayıb. Əhməd bəy Ağaoğlu milliliyinə və vətənpərvərliyinə görə düşmənlər, yadelli ünsürlər tərəfindən daim təzyiqlərə məruz qalıb. Ancaq heç zaman doğru bildiyi yoldan dönməyib. Ona görə də bu cür şəxsiyyətin yubileyinin qeyd edilməsi olduqca vacibdir”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-24