2019-04-06 15:30:24   |   350 dəfə oxunub

Qocaman jurnalistlər gənclərə "ustad dərsi" keçəcək

Mətbuatda nəsillərarası dialoqa ehtiyacın olduğu hiss edilir

Ahıl jurnalistlərdən gənclərin, xüsusən də saytlarda işləyən müxbirlərin dərs alması zəruridir


Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin ötən il həyata keçirdiyi "Keçmişə ehtiramla, gələcəyə inamla!” layihəsi çərçivəsində tədbirlər maraqla qarşılanmaqdadır. Bu müddət ərzində Ahıl Jurnalistlər Məclisi jurnalistikanın inkişafı ilə bağlı bir sıra maraqlı layihələr həyata keçirib. Bu dəfə Ahıl Jurnalistlər Məclisi mətbuatda öz sözünü demiş, imzası ilə tanınmış veteran jurnalistlərin gənc qələm sahibləri ilə vaxtaşırı görüşünü və "Ustad dərsləri”ni təşkil etmək istəyir. Bununla bağlı məlumatı qocaman jurnalist Məzahir Süleymanzadə verib. Onun sözlərinə görə, ilin sonunda bu maraqlı və faydalı söhbətlər gözəl bir kitab halına da salınacaq: "Ustad söhbətlərinin geniş yayılması üçün sosial şəbəkələrdən də geniş istifadə olunacaq. Bu maraqlı layihənin daha maraqlı alınması üçün həm yaşlı, həm də gənc nəsli təmsil edən jurnalistlərin, eləcə də ictimaiyyətin müxtəlif təbəqələrini təmsil edən ziyalıların, mütəxəssislərin məsləhətlərinə, təkliflərinə ehtiyacımız var”.

Ahıl Jurnalistlər Məclisinin təşəbbüsü ölkənin KİV nümayəndələri tərəfindən də müsbət qarşılanıb. Məsələyə münasibət bildirən mətbuat adamları təcrübəli jurnalistlərlə gənc müxbirlərin dialoqunu təqdirəlayiq hesab ediblər.

Təklifi "Şərq”ə dəyərləndirən Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib ki, müasir dövrdə jurnalistika kifayət qədər inkişaf edib. Bu inkişaf ilk növbədə medianın texniki imkanları və kommunikasiya tərəqqisi ilə əlaqədardır: 

"Əlbəttə, müasir medianı keçmiş jurnalistika ilə müqayisə etmək olmaz. Jurnalistika məzmun, kontent, üslub və janr baxımından yenilənir, inkişaf edir. Hazırda jurnalistikada xeyli yeni metodlar meydana gəlir, janrlar dəyişir. Yəni demək istəyirəm ki, məzmun və forma cəhətdən xeyli dəyişikliyə uğrayan jurnalistkamızda inkişaf çoxdur. Sadaladığım amillər baxımından jurnalistikanın üzü yeniliyə və gələcəyə doğrudur. Amma məsələnin başqa tərəfləri də var. Elə məsələlər var ki, həmin məqamda jurnalistikanın bir qədər geriyə nəzər etməsinə ehtiyac yaranır. Hətta günümüzdə buna daha çox zərurət var. Məsələn, ciddi məqamlardan biri jurnalistikada Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsidir. Bu, çox ciddi problemlərdən biridir. Hətta deyərdim ki, jurnalistikanın texnika və üslub baxımından yenilənməsi Azərbaycan dilinin düzgün işlənməsi baxımından əlavə problemlər yaradıb. Dilimiz media müstəvisində ciddi şəkildə deformasiyalara məruz qalır. Bunun qarşısı mütləq alınmalıdır. Mediada milli-mənəvi dəyərlərin qorunması məsələsi də mühümdür, buna da diqqət yetirmək lazımdır. Ən mühüm məsələ isə medianın sosial məsuliyyətidir. Bunlar zaman keçdikcə jurnalistikada müəyyən qədər kölgədə qalıblar. Amma cəmiyyətin marağı tələb edir ki, bu məsələlər üzdə qalsın”.

M.Ələsgərlinin sözlərinə görə, jurnalistika texnoloji və üslub baxımından nə qədər yenilənsə də, janr baxımından inkişaf etsə də, müxtəlif qollar əmələ gəlsə də, Azərbaycan ədəbi dilinin qorunması, milli-mənəvi dəyərlərin və medianın sosial məsuliyyəti cəhətdən geridə qalır: 

"Bu məsələlərə əvvəlki dövrlərdə daha ciddi məsuliyyət var idi. Hesab edirəm ki, jurnalistikada nəsillərarası dialoqa ehtiyac var. Məzahir Süleymanzadənin təklifi bu baxımdan dəyərlidir. Müasir dövrün texnologiyalarını bilən, yeniliklərdən gen-bol istifadə edən jurnalistlərimiz paralel olaraq Azərbaycanın ədəbi dilini və milli maraqlarını yaşatmalıdır. Ona görə də öncəki dövr jurnalistləri ilə indiki media nümayəndələrinin müzakirə aparması, səmimi söhbətlər etməsi, təcrübə mübadiləsi olduqca faydalıdır. Fikrimcə, bu işlərin qurulması media və cəmiyyətimiz üçün də müsbətdir”.
"Cümhuriyyət” qəzetinin və "cebhe.info” saytının redaktoru Elman Cəfərli də Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin "Ustad Dərsləri” keçirmək təşəbbüsünü dəstəkləyib: "Yaxşı jurnalist olmaq üçün savadlı, informasiyalı olmaq və istedad lazımdır. Lakin təcrübə də əsasdır. Hazırda yaşlı və təcrübəli qələm dostlarımız var. Onlar bildiklərini, öyrəndikləri təcrübəni gənclərlə bölüşsələr pis olmaz. Azərbaycanda elə zəngin informasiyalara malik veteran jurnalistlər var ki, onları dinləməkdən doymursan. Məsələn, Şakir Yaqubov, Aydın Canıyev, Elşən Əliyev, Süleyman Qaradağlı, Məzahir Süleymanzadə, Rauf Arifoğlu, Rafael Becanov, Xalid Kazımlı jurnalistikada öyrəndiklərini gənclərlə paylaşsa, çox yaxşı olar. Onları mən də sevə-sevə dinləyərdim. Bir az yaşlı olsa da Firuz Haşımov çox zəngin informasiyaya malik bir insandır. Səhhəti imkan versə, onu da dinləmək xoş olardı. Necə yazmalı, necə redaktə etməli mövzusunda ustad dinləmələri özəlliklə yeni açılan saytların əməkdaşları üçün çox vacibdir. Təşəbbüsü alqışlayıram”.

"Trend” informasiya agentliyinin baş redaktor müavini Azər Niftiyev də qəzetimizə bildirib ki, heç şübhəsiz, hər bir fəaliyyətin dərindən öyrənilməsində, biliklərin mənimsənilməsində böyük təcrübəsi olan peşəkar şəxslərlə müzakirələrin aparılması çox əlverişlidir:

 "Bu baxımdan Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadənin bu təşəbbüsünü alqışlayıram. Hesab edirəm ki, bu cür layihəni çoxdan keçirmək lazım idi. Bütün hallarda nəzərə almalıyıq ki, artıq jurnalistikada yeni dəyərlər, trendlər ortaya çıxır. Bu trendlərin formalaşmasında keçmiş klassik ənənələrlə uzlaşma böyük perspektivlər yarada bilər. Fikrimcə, hər ikisi, yəni həm klassik, həm də yeni təcrübələrin bölüşdürülməsi baxımından "Ustad Dərsləri”ni yüksək qiymətləndirmək olar. Hesab edirəm ki, burada sadəcə yaşlı və gənc jurnalistlər deyil, eyni zamanda hazırda aktiv jurnalistika fəaliyyəti ilə məşğul olan şəxslər də bu prosesdə iştirak etməlidir. Özü də prosesin bir tədbir formatından daha çox jurnalistlərin birlikdə diskusiya mərkəzi formatında davam etdirilməsini daha məqsədəuyğun sayıram”.

"Milli.az” saytının baş redaktoru Anar İmanov da "Şərq”ə açıqlamasında təşəbbüsü bəyəndiyini deyib: 

"Düşünürəm ki, təcrübəli mətbuat adamlarının gənc jurnalistlərlə mütəmadi görüşləri, tövsiyələr vermələri hər kəsə çox faydalı olacaq. Gözəl ideyadır, dəstəkləyirəm. Əminəm ki, təcrübəli insanların tövsiyələrindən, təcrübələrini bölüşmələrindən gənc nəsil çox böyük xeyir görəcək.
Ümumiyyətlə yaxşı olardı ki, gənc jurnalistlər iş fəaliyyətlərini yaşlı, təcrübəli həmkarların yanında başlasınlar. Gənc jurnalistlərimiz yalnız peşəkar mütəxəssislərlə ünsiyətdə olsalar, çox qısa zamanda onlar kimi peşəkar olacaqlar. Əgər sən peşəkarlarla işləyirsənsə, o zaman özün də daha rahat peşəkar ola bilərsən.Yaxud da əksinə”.

Baş redaktorun sözlərinə görə, əziyyət çəkib, hər gün yeni nəsə öyrənən adamların karyerası bir o qədər yaxşı və sürətli olur: 

"Çalışmaq lazımdır ki, əvvəl yaxşılar arasında olasan və özün də onların səviyyəsinə çatasan. Sonra daha yaxşı işləmək lazımdır ki, onlarla eyni səviyyəyə çatıb, gələcəkdə onların arasında yer alasan. Bu görüşlər zamanı təcrübə toplayaraq yaxşı, möhkəm zəmin və fundament yaratmaq olar. Gələcəkdə bu sağlam fundament hər vəzifəyə dözər. Uğurlu insanlar hər an öyrənməyə daha çox meyilli olurlar”.

"Yeni Müsavat" qəzetinin redaktoru Elşad Məmmədli də "Şərq”ə bunun gözəl bir ideya olduğunu söyləyib: 

"Bu, jurnalistikamızın inkişafına töhfələri ilə yanaşı, həm də jurnalistikamızın tarixi, keçdiyi yolla bağlı materialların sənədləşdirilməsi baxımından faydalıdır. Təcrübəli media adamlarının gənc jurnalistlərlə təcrübələrini bölüşməsi, onlara bir ağsaqqal nəsihətləri verməsi məqsədəuyğundur. Bunun daha effektli olması üçün quru, şablon tədbirlərin tərəfdarı deyiləm. Hansısa bir çəkici formalar müəyyən etmək mümkündür. Məsələn, həmin toplantılar müxtəlif mövzuların diskusiyası şəklində, qeyri-rəsmi şəkildə şirin çay süfrəsi arxasında baş tutarsa, daha yaddaqalan və effektiv olar. Yaxud da bunu hansısa yaşlı media adamının yubiley, ad günü tədbirində həyata keçirmək maraqlı ola bilər”.

"Azvision.az” xəbər portalının müxbiri Anar Kəlbiyev də gənc jurnalistlərlə görüşlərin keçirilməsini normal hesab edib: 

"Belə görüşlərin jurnalistika fakültəsində təhsil alan sonuncu kurs tələbələri ilə də təşkil edilməsi yaxşı olar. Ona görə ki, onlar ali məktəbi bitirdikdən sonra müxtəlif mətbu orqanlarda fəaliyyətə başlayırlar. Təcrübəli şəxslərin onlara müəyyən tövsiyələr verməsi üçün belə görüşlər onlara faydalı ola bilər. Digər bir tərəfdən artıq jurnalistika sahəsində çalışan gənc jurnalistlər üçün faydalı söhbətlərin olması müsbətdir. Düşünürəm ki, belə görüşlərin təşkil edilməsi zamanı gənclərin kimlərlə görüşmək istədiyini də öyrənmək lazımdır. Onlar öz təkliflərini versinlər ki, hansı imzası tanınmış jurnalistlə görüşmək istəyirlər. Çünki illərlə çalışan jurnalist ola bilər ki, onun fikirləri gənclər üçün maraqlı olmasın. Bu baxımdan gənc jurnalistlərin kiminlə görüşmək istəməsinə özləri qərar versə, daha yaxşı olar”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25