2019-04-10 11:28:45   |   263 dəfə oxunub

Məmməd Süleymanov: "Hazırda heç siyasətçilər də siyasətlə məşğul olmur"

"Ənənəvi partiyalar Leninin söylədiyi bataqlıq koordinatındadır"



Azərbaycanda fəaliyyət göstərən siyasi təşkilatların proseslərdə aktivliyi gözə dəymir. Ölkənin inkişafı, tərəqqisi ilə bağlı atılan addımları görməzdən gəlməklə, ancaq tənqid üzərində köklənmiş 1-2 siyasi qurumdan başqa, demək olar ki, təşkilatlar fəaliyyətsizdirlər. Sol ideologiyaya mənsub olan bir neçə təşkilat var ki, onların ümumiyyətlə səslərini eşitmirik. Onları sadəcə köhnə nəsil adı ilə xatırlayır. Yeni nəsil arasında sorğu keçirilsə isə, ümumiyyətlə, sol ideologiyalı partiyanın mövcudluğuna şübhə edəcəklər. Siyasi təşkilatların fəaliyyətsizliyinin səbəbləri, sol partiyaların mövcudsuzluğunun kökündə dayanan məsələlərlə bağlı "Şərq”in suallarını yazıçı-jurnalist Məmməd Süleymanov cavablandırdı. M.Süleymanov həmçinin Qarabağ münaqişəsi, Türkiyədə keçirilən son seçkilərlə bağlı da mülahizələrini səsləndirdi.

Yazarın sözlərinə görə, ölkədə ictimai-siyasi durum 5 il əvvəlki, 15 il əvvəlki kimidir...

- Dəyişməz və durğunluq var. Çünki ictimai-siyasi formasiya, periferiya kapitalizmi, onun bazisi dəyişməz olaraq qalıb. Zahiri effektə hesablanan, sonra da KİV vasitəsilə ibarəli sözlərlə təbliğ olunan dəyişikliklər isə bazisin dəyişməzliyi fonunda yalnız ilğım effekti yaradır. Bu effekt də müvəqqətidir. Limit tükənəndə yeni zahiri effektlərə ehtiyac yaranacaq.

- Siyasi partiyalar zəiflik nümayiş etdirirlər. Hakim partiyadan başqa təşkilatların yerli strukturları demək olar ki, yoxdur. Burda səbəb nədir? Partiyaların təşkilatlana bilməmələrinin kökündə nələr dayanır?

- Siyasi fəaliyyətin və partiyaların effektiv mübarizəsinin heç bir şərti mövcud deyil. Siyasi mübarizə üçün strategiya, taktika, ideologiyalar, liderlər, avanqard və kütlələrin səfərbər olunması kimi şərtlər var. Onların heç biri Azərbaycanda yoxdur. Hazırda heç siyasətçilər də siyasətlə məşğul olmur. Kütlələr siyasi meydandan uzaqlaşıb və ya uzaqlaşdırılıblar. Hazırda siyasət boş stadionda baş verir. Ara-sıra mətbuat vasitəsilə bu seyrçisiz oyunun "nəticələr”i reklam olunur, əslində isə heç nə baş vermir. Siyasətçilər boş meydanda "oynayan” zaman kütlələr üçün başqa meydança ayrılıb. Burada kütlələr məişət xırdalıqlarının üstündə bir-birinin başını yarır.

- Sol yönümlü partiyaların da demək olar ki, fəaliyyəti yoxdur. Halbuki, indiki vəziyyətdə solçular daha aktiv olmalıdırlar...

- Azərbaycanda sol partiya yoxdur. Bu da, siyasətin yoxluğunu şərtləndirmiş yuxarıdakı səbəblər ucbatındandır. Xırda qruplar və dərnəklər var ki, onlar təbliğat və təşviqatla, maarifçilik və dövrün analizinə cəhdlərlə məşğul olurlar, vəssalam. Özünü sol adlandıran ənənəvi partiyalar isə vaxtilə Leninin söylədiyi "bataqlıq” koordinatındadırlar.

- Hökumətin iki ildir büdcəni sosialyönümlü tətbiq etməsi, sosial proqramlarla aztəminatlı ailələrin problemlərini həll etməyə çalışdığını göstərir. Bu proqramlar effekt verəcəkmi?

- Təbii ki, çətindir. Çünki söylədiyim kimi, iqtisadi-siyasi bazis dəyişməz qalır. Bu isə periferiya kapitalizmində neoliberal siyasətin bir modifikasiyasıdır. Azərbaycanda işçilərin böyük əksəriyyəti əmək müqaviləsi ilə yox, xidməti müqavilə ilə çalışır. Deməli, əvvəlki gəlirləri müqabilində onların büdcəyə ödədiyi vergi də, Sosial Müdafiə Fonduna ödənişləri də artıb. O ki qaldı kreditlərlə bağlı qərara, bank sistemi kapitalizmin ürəyi və beynidir. Banklar sıradan çıxsa, kapitalizm də çökəcək. Hazırda banklar qazanmırlar, qazanmaları mümkünsüzdür. Çünki əhali borclara görə kredit götürə bilmir.

- Qarabağ münaqişəsinin həlli ilə bağlı düşüncələriniz necədir? Ermənistanda hakimiyyət dəyişikliyindən sonra yenidən sülh danışıqları bərpa edildi, artıq liderlərin bir görüşü keçirilib. Danışıqlar nə qədər davam edəcək?

- Danışıqlar sonsuza qədər davam edəcək, əgər yenidən 1980-lərin sonundakı kimi qlobal yenidən bölgü prosesi baş verməzsə.

- Xalqların sülhə hazırlanması ilə bağlı mesajlar verilir. Bu iki xalqı sülhə hazırlamaq asandırmı?

- Çoxdankı aksiomadır - müharibəni siyasətçilər başlayır, xalqlar bir-birinin qanını tökür, nəhayət özlərinə lazım olanda elə həmin siyasətçilər də müharibəni dayandırır.

- Sülh danışıqları nəticə verməsə, müharibə ehtimalı nə qədərdir?

- Hazırda müharibə yalnız qlobal güclərə sərf edərsə baş verir. Ancaq problem də ondadır ki, həmin güclər güclüyə qalib gəlməyə, zəifə isə məğlub olmağa icazə vermirlər. Bununla da müharibəni bir tərəf çox üstün olsa dərhal kəsir, ya da hər iki tərəfi eyni gücdə saxlamaqla xronikliyi təmin edirlər.

- Türkiyədə keçirilən son seçkilər də maraq kəsb edir. Xüsusən də İstanbul, Ankara kimi böyük şəhərlərdə sol yönümlü Cümhuriyyət Xalq Partiyası qalib gəldi. Bu onu deməyə əsas verirmi ki, bir neçə ildən sonra tamamilə Türkiyədə solçular hakimiyyət başına gələcək?

- Əvvəla, o partiya sol deyil. Heç vaxt Kamal Kılıcdaroğlunun Marksdan sitat gətirdiyini, sinfi mübarizədən danışdığını, sosializm təbliğ etdiyini eşitməmişik. Bunu heç eşitməyəcəyik də. Sosial-demokrat adlanan partiyalar neoliberalizmi sağ partiyaların belə təəccübünə səbəb olacaq mürtəce formada tətbiq etməklə məşğuldurlar. İkincisi, Rəcəb Tayyib Ərdoğanla Kılıcdaroğlunun Türkiyəsinin fərqi yalnız zahiri effektlərdə olacaq. Formasiya isə daha kübar geyimdə olmaqla, əvvəlki kimi qalacaq. Yəni burada mübarizə sistemlərin yox, effektlərin mübarizəsidir.

Anar Bayramoğlu




SON XƏBƏRLƏR

2019-05-25
2019-05-24