2019-04-11 14:46:09   |   167 dəfə oxunub

O, həmişə birlik və bərabərliyi ön plana çəkib - Prezident Şeyxə layiq olduğu qiyməti verdi


Prezident İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda vurğulanıb ki, Şeyxülislam Allahşükür Paşazadə bütün həyatı boyu cəmiyyətdə mənəvi-əxlaqi dəyərlərin və milli həmrəyliyin bərqərar olunması yolunda səmərəli fəaliyyət göstərib. Şeyx yaxın tarixi keçmişdə xalqımızın yaşamış olduğu taleyüklü hadisələr zamanı həm dini rəhbər, həm də ictimai xadim kimi yüksək vətənpərvərlik və əsl vətəndaş mövqeyi nümayiş etdirib.

 Dövlət-din münasibətlərinin formalaşması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində səmərəli xidmətlər göstərib. Müxtəlif konfessiyaların dini liderləri arasında böyük nüfuza malik olan Şeyxülislam bir çox beynəlxalq dini qurum və mərkəzlərin rəhbərliyində təmsil olunmaqla, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına sanballı töhfələr verib.

Qafqaz müsəlmanlarının XII Şeyxülislamı olan Allahşükür Paşazadə 1980-ci ildən rəhbərlik etdiyi QMİ-yə ömürlük sədr seçilib. O, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktorudur. Dünyanın ən nüfuzlu 500 müsəlman şəxsiyyətindən biri sayılır. 1991-ci ildə Bakı İslam Universitetini təsis edən Şeyx eyni zamanda Aşura mərasimləri zamanı qanvermə aksiyasını da ənənə halına gətirib. Şeyxülislamın 40 illik fəaliyyəti ictimaiyyət nümayəndələri, ziyalılar və tanınmış din xadimləri tərəfindən müsbət dəyərləndirilir. Bu baxımdan Prezidentin Sərəncamını şərh edənlər dövlət başçısının Şeyxlə bağlı addımını təqdirəlayiq hesab edirlər.

Ölkə rəhbərinin qərarını "Şərq”ə dəyərləndirən sabiq millət vəkili, siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev bildirib ki, Azərbaycan xalqı dünyəvi dövlət qurmaqla yanaşı, eyni zamanda dininə çox bağlıdır. Professorun sözlərinə görə, Prezidentin bu sahədə ilk dəfə olaraq verdiyi Sərəncam çox uğurlu addımdır: 

"Şeyx cənabları buna layiq idi. Prezidentimiz Şeyxə layiq olduğu qiyməti verdi. Şeyxülislam təkcə Azərbaycanın yox, bütün Qafqazındır. Azərbaycanın bölgədəki mövqeyində, münasibətlərin qurulmasında və ümumilikdə islam dünyası ilə əməkdaşlıqda Şeyxin rolu çox böyükdür. O, şeyxülislam olduğu dövrdə həm də elmlə məşğul olub. Bilirsiz ki, elmi əsasda öyrənilən islam dini daha gözəl olur. Bu məsələdə Şeyx cənabları bir ilkə imza atıb. Həmçinin, Azərbaycanda baş verən 20 yanvar faciəsi zamanı öz həyatını təhlükə altında qoyaraq imperiyaya qarşı çox ciddi bəyanat verib. Hətta 40 illik fəaliyyəti boyunca heç bir iş görməsəydi belə, təkcə həmin bəyanatı ilə Azərbaycan tarixinə düşmüş və öz sözünü demiş bir şəxsiyyət olardı”.

Professor vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı apardığı informasiya müharibəsinin başında erməni kilsəsi durur: 

"Kilsə bu istiqamətdəki işlərə birbaşa rəhbərlik edir, hətta terror təşkilatlarını yönləndirir. Belə bir şəraitdə ermənilərə qarşı kəskin mübarizənin aparılmasında, onların təbliğatının ifşa olunmasında, Azərbaycanın islam dünyasında tanıdılmasında Şeyx həzrətlərinin rolu danılmazdır”.

Şərqşünas-alim Seyid Camal Əzimbəyli də "Şərq”ə açıqlamasında vurğulayıb ki, verilən Sərəncam dövlət başçısı İlham Əliyevin milli-mənəvi dəyərlərə diqqətini və islam təəssübkeşliyini sübuta yetirir: 

"Hörmətli Şeyxülislam Azərbaycanda hər zaman birlik və bərabərliyi ön plana çəkib. Mənəvi dəyərlərin qorunması istiqamətində mühüm işlər görüb. Şeyx həzrətlərinin regionda böyük nüfuzu var. O, dünyada dini zəmində baş verən proseslərə dərhal reaksiya verir, radikal düşüncələrin aradan çıxması yönündə ciddi fəaliyyət göstərir. İdeoloji baxımdan aparılan təbliğata mühüm töhfə verir. Xüsusən vurğulamaq lazımdır ki, Şeyx həzrətləri 40 il boyunca ölkədə vəhdətin qorunması istiqamətində çox ciddi tədbirlər görüb və görməkdə davam edir. Şeyxin 20 yanvar faciəsi günlərindəki cəsarətini unutmaq günah olardı. Hələ sovetin şinelindən çıxa bilmədiyimiz bir zamanda Şeyxülislam həzrətləri Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş insanların dəfn mərasimdə cəsarətli çıxış etdi, xalqı birliyə səslədi. Fikrimcə, ölkə başçısının Sərəncamı din-dövlət münasibətlərinin möhkəmlənməsi, milli-mənəvi və dini dəyərlərimizin mühafizəsi baxımından təqdirəlayiqdir”.

İsmayıl




SON XƏBƏRLƏR

2019-05-20