2019-04-12 14:17:19   |   334 dəfə oxunub

"Vaqif Səmədoğlu Mərkəzi hələ ki 2 istiqamətdə fəaliyyət göstərəcək” – MÜSAHİBƏ




Tanınmış hüquqşünas Səməd Vəkilov  "Sherg.az” a Vaqif Səmədoğlu Mərkəzinin yaradılması təşəbbüsündən və mərkəzin fəaliyyət istiqamətlərindən danışıb.

Müsahibəni təqdim edirik:


- Bu mərkəzin yaradılması sizinmi təşəbbüsünüz idi ?
-
- Xeyr, bu,mənim ideyam deyildi. Mənimlə birlikdə mərkəzin yaradılmasına təşəbbüs göstərən şəxs mərhum xalq şairi Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova olub. Məlumdur ki, Vaqif Səmədoğlu Azərbaycan ədəbiyyatında önəmli yer tutan şəxsiyyətlərimizdəndir. Həm ictimai-xadim, həm də şair-dramaturq kimi onun Azərbaycan mədəniyyətinə böyük töhfələri olub. Dünyasını dəyişəndən sonra belə yaradıcı bir insanın irsinin öyrənilməsi aktuallıq kəsb edirdi. Ona görə də, Nüşabə xanımla qərar verdik ki, Vaqif Səmədoğlu Mərkəzini yaradaq”.

-Mərkəz hansı formada fəaliyyət göstərəcək?

-Fəaliyyətimizin əsasını şairin ədəbi irsinin araşdırılması, onun yaradıcılığı ilə bağlı elmi işlərin yazılması təşkil edir. Məlumdur ki, şairlə bağlı dissertasiya mövzusu olan bir neçə elmi araşdırmalar var. İstəyirik ki, elmi işlərin yaradılması çoxluq təşkil etsin.

-Ədəbin irsin araşdırılmasından başqa hansı işlər nəzərdə tutulur?

-Vaqif Səmədoğlunun ictimai-siyasi fəaliyyətinin müxtəlif sahələri var. Məsələn, onun milli azadlıq hərkatındakı rolu, dövlət himninin qəbul edilməsi istiqamətində gördüyü işlər hər birimizə bəllidir. Bildiyiniz kimi, Vaqif bəy Azərbaycan Dövlət Himinin qəbul edilməsi ilə bağlı Komissiyanın sədri olub. O, eyni zamanda insan hüquqlarının müdafiəçisi kimi də çıxış edib. Şairin məhz bu fəaliyyəti mərkəzin ayrıca bir sahəsini əhatə edir. Yəni, mərkəz hələ ki, 2 istiqamətdə fəaliyyət göstərəcək: Vaqif bəyin həm şair və dramaturq, həm də insan hüquqlarını müdafiə edən ictimai xadim kimi gördüyü işlər əks olunacaq.

-İyunun 5-i Vaqif bəyin doğum günüdür. Mərkəz olaraq hansısa tədbirlər keçiriləcəkmi?

-Bu il Vaqif Səmədoğlunun anadan olmasının 80 illik yubileyidir. Bunun üçün tədbirlərin keçirilməsini nəzərə tuturuq. Məlumdur ki, biz mərkəz yeni fəaliyyətə başlamışıq. Təbii ki, ən ümdə məsələlərdən biri yubileyin keçirilməsidir. Hazırda Mədəniyyət Nazirliyi də müəyyən tədbirlərin keçirilməsini planlaşdırır. Əlbəttə, biz Vaqif Səmədoğlu mərkəzinin yaradıcıları olaraq bütün tədbirlərin daha dolğun və gözəl keçirilməsi üçün işlər görməyə hazırıq.

-Mərkəzin fəaliyyəti üçün hansı qurumlar dəstək göstərib?

- 13 fevral 2019-cu il tarixdə Ədliyyə Nazirliyinin kollegiyasında Vaqif Səmədoğlu Mərkəzi İctimai Birliyi rəsmi olaraq qeydiyyatdan keçib və bununla bağlı şəhadətnamə verilib. Hələ ki, başqa qurumlarla əməkdaşlıq etməmişik. Çünki mərkəzimiz yeni yaranıb. Ona görə də bu barədə danışmaq hələ tezdir.

Yeganə Bayramova






SON XƏBƏRLƏR

2019-04-23