2019-04-12 20:06:41   |   225 dəfə oxunub

“Bu qüvvələr cəmiyyətin inkişafı yolunda böyük problemə çevriliblər”



"Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında komissiyanın yaradılması islahatların sürətlənməsinə təkan verərdi”.

Bunu "Sherg.az”a açıqlamasında BAXCP sədrinin müavini, tanınmış QHT sədri Niyaməddin Orduxanlı deyib.

QHT sədri bildirib ki, ilk gündən müxalifət partiyası olaraq aparılan islahatlara dəstək nümayiş etdiriblər. Onun sözlərinə görə, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev də Milli Məclisdəki çıxışlarında, mətbuata verdiyi açıqlamlarda bunu xüsusi olaraq qeyd edib: 

"Azərbaycanda indiyə qədər görülən işlər islahatların genişləndirilməsinə və ölkənin yeni bir mərhələyə keçidinə imkan verir. Bu baxımdan da hazırda ciddi kadr islahatları aparılmalı, hökumət yeni düşüncəli, sağlam fikirli, savadlı, uzun illər siyasətdə olan və hər zaman dövlət maraqlarını müdafiə edən, qoruyan, mütərəqqi və bilikli insanlar hesabına gücləndirilməlidir. Hətta milli azadlıq hərəkatının iştirakçısı olmuş, siyasətdə uzun illər formalaşmış, müsbət imicli və hazırlıqlı şəxslərin də islahatların həyata keçirilməsinə cəlb olunması ictimai dəstəyi xeyli artıra bilər”.

N.Orduxanlının qənaətinə görə, Prezident İlham Əliyevin apardığı islahatları daxildə qəbul etməyən, imkan düşdükcə maneə törədən qüvvələr var: 

"Açıq şəkildə bunu görmək olur. Görülən işləri həzm edə bilməyən qüvvələr radikal müxalifətlə birlikdə proseslərə mane olmağa çalışırlar. Hətta bunlar xaricdən hakimiyyətə söyüş yağdıran qüvvələri maliyyələşdirir, islahatları gözdən salmağa, sabitliyi pozmağa çalışırlar. Əsas məqsədləri ölkədə sabitliyi pozmaqdır. İstənilən məişət problemini gündəmə gətirib "səs-küy” yaratmağa cəhd edirlər. Bunların bir mərkəzdən idarə olunduğunu görməmək mümkün deyil. Bu adamlar dərhal aşkarlanmalı və ifşa edilməlidir. Əsas məqsədləri islahatları durdurmaqdır. Bunda görə də, hökumət cəsarətli və ağıllı addımlar atmalıdır. 

Bu qüvvələr cəmiyyətimizin inkişafı yolunda böyük problemə çevriliblər. Qanunsuz fəaliyyət bəzi insanların həyat tərzinə çevrilib. Onlar artıq başqa cür fəaliyyət göstərə bilməzlər. Sosial şəbəkələrdən geniş istifadə edən siyasətçi kimi bildirmək istəyirəm ki, aparılan islahatları xalq ciddi şəkildə dəstəkləyir. Bu gün Azərbaycanda tək "facebook”da 3 milyon insan qeydiyyatdan keçib və orada fəaliyyət göstərir. Mənim "facebook” səhifəmin on minlərlə üzvü var. Onların rəylərini, yazdıqları statusları oxuduqca, açıq-aşkar görünür ki, aparılan islahatlara cəmiyyət tərəfindən böyük dəstəyin olduğunun şahidi oluruq”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-20