2019-04-14 14:08:19   |   166 dəfə oxunub

Azərbaycanlı məktəblilər beynəlxalq müsabiqədə qalib gəldilər - FOTO


Azərbaycanlı məktəblilər beynəlxalq müsabiqədə qalib olublar. "Sherg.az"ın məlumatına görə, Qazaxıstanın Almata şəhərində keçirilən 17-ci "International Computer Project Olympiada-2019" (InfoMatrix)beynəlxalq layihə müsabiqəsində ölkəmizi təmsil edən məktəblilər 2 bürünc medal qazanıblar.

Bürünc medal sahibləri Bakı şəhəri, Xalid Quliyev adına 62 saylı məktəb-liseyin VIII sinif sagirdi Eyvazlı Yusif və X sinif şagirdi Dəmirçiyev Nicatdır.

"Chemistry pal” adlı layihənin məqsədi şagirdlərin kimya fənninə olan marağını artırmaq və onların bu sahədə təcrübi biliklərinin təkmilləşdirilməsinə nail olmaqdır.
62 saylı məktəb-liseyin direktoru Mətanət Cabbarova da beynəlxalq sərgi ilə bağlı fikirlərini bölüşüb. Direktor qeyd edib ki, Azərbaycan komandası ölkəmizi layiqli təmsil ediblər:

"Yarışmanın finalı bir neçə mərhələdən ibarət oldu. I gün Azərbaycanın təqdimatı, II gün proqramlaşdırma imtahanı, III gün isə müxtəlif ölkələrin milli musiqilərinin nümayişi baş tutdu. Bu gün artıq vətənə qayıdırıq. Sevincimizin həddi-hüdudu yoxdur. Növbəti illərdə birincilik uğrunda mübarizə apararaq daha yüksək nəticə əldə etməyi qarşımıza məqsəd qoymuşuq”.

Bu gün Bakıya qayıdan məktəblilər də sevinclərini bizimlə bölüşüblər. Onlar layihələrinin məqsədi və işləmə mexanizmi barədə məlumat veriblər:

"Hazırladığımız mobil tətbiq vasitəsilə kimyəvi reaksiyalar şagirdlər üçün daha asan, anlaşılan olacaq. Belə ki, şagirdlər dərslikdə gördükləri reaksiyaların şəklini proqram vasitəsilə çəkəcək. Şəkil çəkiləndən sonra proqram tərəfindən həmin reaksiyanın "youtube”da yerləşdirilmiş video linki istifadəçinin telefona göndəriləcək. Beləcə şagirdlər kimyəvi reaksiya ilə anında əyani şəkildə tanış ola biləcəklər”.
Komandanın elmi rəhbəri Aysel Babayeva bildirib ki, onların layihəsi beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib:

"Şagirdlərin bura gəlib beynəlxalq olimpiadada iştirak etməsi həqiqətən böyük uğurdur. Bu, onların dünyagörüşünü artırır və fərqli ölkələrdən yeni dostluqlar qazandırır. Qeyd edim ki, 5 gün davam edən yarışma çox gərgin mübarizə ilə ağır şərtlər altında keçdi. Bütün bunlara baxmayaraq ölkəmizə bürünc medalla qayıtmaq bizim üçün çox xoşdur”.

Qeyd edək ki, InfoMatrix müsabiqəsi hər il ənənəvi olaraq 12-18 yaşlı məktəbli və gənclər arasında keçirilir. Bu il isə 28 ölkədən qatılan iştirakçılar 186 layihələ il' birincilik uğrunda mübarizə aparıb.





SON XƏBƏRLƏR

2019-04-23