2019-04-15 11:38:13   |   281 dəfə oxunub

Matvienkonun Bakıya səfərinin arxasında nə dayanırdı? – AKTUAL



Rusiya Federasiyası FMF Şurasının sədri xanım Valentina Matvienko ötən həftə Azərbaycanda səfərdə oldu və bir sıra mühüm görüşlər keçirdi. Ümumiyyətlə, Rusiya son zamanlar Venesuelladan tutmuş Liviyaya, Liviyadan tutmuş Pakistana qədər ciddi şəkildə möhkəmlənməkdə israrlıdır. Təbii ki, rəsmi Moskva üçün Bakı ilə olan münasibətlər də son dərəcə vacibdir. Çünki Rusiya Cənubi Qafqaz və Orta Asiya regionlarını hər zaman nəzarətdə saxlamaqda maraqlı olub.

Matvienkonun Azərbaycana səfərini "Şərq”ə dəyərləndirən siyasi elmlər namizədi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib ki, Valentina Matvienko Rusiya siyasətində MDB dövlətləri ilə münasibətlərdə "danışan dil”dir: 

"Rusiya Federasiyası Şurasının spikeri Valentina Matvienko Ukrayna məsələsindən tutmuş ABŞ-la münasibətlərə kimi - hər zaman Kremlin ismarıclarını verən 2-3 şəxsdən biridir. Onun keçən həftə Bakıya baş tutmuş səfəri zamanı Azərbaycan ilə münasibətlərdə bildirdiyi müsbət notlu sözləri, hümanitar sahədə dövlətlərarasındakı münasibətlərin yüksək səviyyədə olmasını bildirməsi reallıqdır. Çunki, dünyada rus dilinin inkişafı və rus mədəniyyətinə verdiyi önəmə görə Azərbaycanın payı əvəzedilməzdir. 

Bugün, Bakıda rus dilində orta və ali təhsil məktəblərinin sayı azalmır kı, artmaqda davam edir. Azərbaycan üçün şimal qonşusu ilə mehriban qonşuluq siyasəti hər zaman prioritet olub. Bəs Putin niyə məhz xanım Matvienkonu Bakıya göndərdi? 

Onun Bakı ilə münasibətləri pis deyil. Şoyqu və Matvienko ilə Azərbaycan arasında illərdi ilıq münasibətlər mövcuddur. Təbii ki, Senatın spikeri Bakıya hümanitar məsələləri müzakirə etmək üçün gəlməmişdi. Fikrimcə, O, bağlı qapılar arasında Putinin bir sıra istəklərini Bakıda dilə gətirib. Azərbaycanın daxili siyasətində baş verən dəyişikliklərdən tutmuş xarici siyasətinə kimi rəsmi Kremlin nəzər nöqtəsindədir”.

Analitik xatırladıb ki, Rusiya Milli Qvardiya Qoşunlarının baş komandanı, general Viktor Zolotov 2019-cu ilin sonunda keçirilməsi nəzərdə tutulan Rusiya-Çin genişmiqyaslı hərbi təlimlərinə Azərbaycanı da dəvət edib: 

"Təlimlərə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan və Özbəkistan müşahidəçi qismində dəvət olunacaq. Azərbaycanın belə böyük bir təlimə dəvət olunacağı Ermənistanda ciddi narahatlığa səbəb olub. Erməni ekspertlərinin harayına görə, Rusiya-Çin təlimlərinə Azərbaycanın dəvəti KTMT çərçivəsində əməkdaşlığın məntiqinə sığımır. Lakin Azərbaycanın dəvət olunması təbii ki, Zolotovun şəxsi seçimi deyil. Bu prosesin arxasında Rusiya prezidenti Vladimir Putin dayanır”.

İsmayıl






SON XƏBƏRLƏR

2019-04-23